Ötən ilin ikinci yarısından sonra neftin qiymətindəki ucuzlaşma artıq psixoloji həddi örtməyə başlayıb. Hazırda birjalarda "qara qızıl"ın bir bareli 50 dollar civarında dəyişir. Geridə qoyduğumuz ilin sonunda əksər neft şirkətləri öz xərclərini azaltmağa, ixtisarlar aparmağa başlayıb. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) də bəyan edib ki, 2015-ci ildə qarşıda duran əsas məqsədlərdən biri idarə və müəssisələrdə xərclərin optimallaşdırılmasıdır. Belə aydın olur ki, cari ildə kütləvi ixtisarlar ARDNŞ üçün də qaçılmaz olacaq.
Bu arada, neftin qiymətinin aşağı düşməsi dünya bazarında benzinin də qiymətinin enməsinə təkan verir. Ötən ilin ortalarından başlayaraq yanacağın tarifləri iki dəfəyədək ucuzlaşıb. Bu da öz növbəsində bir sıra nəqliyyat və istehsalat sektorunda tarifləri ucuzlaşdırıb. Lakin təəssüf ki, dünya bazarında baş verən bu proseslər ölkəmizdə hiss olunmur. Qeyd edək ki, 95 və 98 oktanlı benzin Azərbaycana xaricdən idxal olunur. Onların qiyməti dünya birjalarına əsasən tənzimlənir. Bundan aşağı oktanlı yanacaqlar isə ölkə daxilində istehsal olunur. Və bu yanacağın qiyməti Tarif Şurası tərəfindən müəyyən edilir. İctimai təpkilərə baxmayaraq, nə idxal olunan, nə də yerli istehsal olunan yanacaqda ucuzlaşma müşahidə edilmir.
İqtisadçı Rövşən Ağayevin sosial şəbəkədə yazdığına görə, SOCAR dekabr ayında hər ton benzini xaricə 563 dollara satıb. Ölkə daxilində isə biz həmin benzinin tonunu 2 dəfə baha - 1168 dollara (917 manat) almışıq. Halbuki, nəqliyyat xərci ilə hesabladıqda ixrac olunan benzinin daha baha başa gəldiyini demək olar. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "Bizim Yol"a bildirdi ki, ötən il istehsal olunan 1 milyon 335 min ton benzinin 9 min tondan bir qədər artığı ixrac olunub. Benzin ixracını əsasən, bir ölkəylə-Gürcüstanla həyata keçiririk. Ekspert ixrac etdiyimiz yanacağın qiymətinin daxili bazardakından ucuz olmadığını bildird: "Dövlət Neft Şirkəti ixrac etdiyi benzini "SOCAR-Georgia Petrolium" şirkətinə topdan satış qiymətinə satır. Və o zaman hər tonu 560 dollardan yuxarı olur. Lakin "SOCAR-Georgia Petrolium" onun pərakəndə satışını həyata keçirərkən yanacağın qiyməti Azərbaycanın daxili bazarındakı qiymətdən iki dəfə baha çıxır".
Ekspert hesab edir ki, idxal etdiyimiz benzinin qiymətinin ucuzlaşmasına müvafiq dövlət qurumları nəzarət etməlidir: "Ötən ilin aprelin 1-dən etibarən 95 və 98 oktanlı benzinin satışı dövlət nəzarətindən çıxarılıb. Yəni onun qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir. Bu markalı benzinlərin qiyməti isə sonuncu dəfə oktyabr ayında dəyişib. Aİ-95 markalı benzin 95 qəpiyə, Aİ-98-lər isə 1 manat 7 qəpiyə düşdü.
Oktyabrın 1-dən indiyədək 98 gün keçib və bu müddət ərzində dünya bazarında çox böyük bir dəyişikliklər baş verib. Dünyanın əksər ölkələrində, hətta Rusiyanın özündə belə yanacağın tarifləri aşağı düşüb. Azərbaycanda isə bir dəyişiklik yoxdur. Halbuki, həmin benzin markaları aprel ayında tənzimlənən məhsullar siyahısından çıxarılarkən bildirmişdilər ki, Aİ-95 və Aİ-98 beynəlxalq birjalar əsasında tənzimlənəcək. Ötən 9 ayda həmin yanacağın bazarın nəzarəti altına keçdiyini müşahidə etmədik. Bunun da başlıca səbəbi yanacaqdoldurma məntəqələrində həmin benzinlərin qiyməti ilə bağlı fərqlərin görünməməsi oldu. Qiymətlər kəskin aşağı düşsə də, pərakəndə satışla məşğul olan özəl şirkətlər "karter sövdələşməsinə" gedərək tarifləri endirmədilər. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Departamenti bununla bağlı monitorinqlər aparıb, həmin şirkətlərə öz tövsiyələrini verməlidir. Kütləvi informasiya vasitələri isə bu məsələni ictimailəşdirib, daim gündəmdə saxlamalıdırlar".
"Oktyabr ayında neftin orta dəyəri 96 dollar idi, indisə 50 dollardır. Bu müddət ərzində qiymətlər iki dəfə aşağı düşüb. Amma Azərbaycana idxal olunan benzinin qiyməti düşmür. ABŞ-da 95 markalı "Premium" benzinin tarifi 42 qəpiyə qədər enib. Amma Azərbaycanda bundan iki dəfə bahadır.
95 oktanlı benzinə olan tələbat cəmi 10 faizdir. Bunun nəyi bazar iqtisadiyyatı oldu ki, Bakıdan Qazağa kimi eyni qiyməti müşahidə edirik. Vətəndaşlar üçün seçim etmək imkanları yoxdur",-İ.Şaban vurğuladı.
Aşağı oktanlı benzinlərin qiymətinə Tarif Şurası tərəfindən yenidən baxılmamasına gəlincə, İ.Şaban belə əsaslandırdı: "Hökumət bunu onunla əsaslandıra bilər ki, bizdə daxili bazardır və dünya bazarı ilə heç bir əlaqəsi yoxdur. Neftin qiyməti 105 dollar, 148 dollar, 30 dollar olanda da qiymətlərin dəyişmədiyini deyə bilər. Dövlət Neft Şirkətinin xarici bazarda gəlirləri düşüb. İndi daxili bazar hesabına gəlirlərini stabil saxlamasını tənzimləyir. Düşünürəm ki, bu normal bir yanaşmadır".
Yeri gəlmişkən, ARDNŞ hazırda böyük itkilərlə üzləşməsinə baxmayaraq, digər tərəfdən xarici borclanmanı sürətlə artırır. Şirkətin rəhbəri xərclərini ödəmək üçün Mərkəzi Banka müraciət edərək, 1 milyard dollar kredit istəyib. Belə bir vəziyyətdə Türkiyədə 75 milyon dollara daşınmaz əmlak alması ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Bu əmlak "SOCAR Türkiyə"nin baş ofisi olacaq.
75 milyon dollar "Odeabank"dan iki il ödəniş aparmamaq şərti ilə 10 il müddətinə kredit olaraq götürülüb.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev deyir ki, ARDNŞ-in borclarını artırması böyük risklər yarada bilər: "SOCAR bir tərəfdən Avropa bazarına illik 4 faizdən yuxarı olan avrobondlar buraxıb. Bu borcu ödəməlidir. Digər tərəfdən 2009-cu ildə olduğu kimi, Mərkəzi Bankdan yenə vəsait götürmək üçün müraciət edib. Əvvəlki dövrlə müqayisədə gəlirləri 2 dəfədən çox azalmasına baxmayaraq, yenidən borclanmaya gedir.
İdarə və müəssisələrdə xərclərin optimallaşdırılmasını normal qəbul edirəm. Araşdırmalar göstərir ki, bu gün ARDNŞ-də çalışan işçilərin sayı digər neft şirkətləri ilə müqayisədə çoxdur. Burada işçilər səmərəli yerləşdirilməyib.
Belə bir vəziyyətdə əlavə borclanmaya getməsi, iri layihələrə öhdələnməsi sonradan problemlər yarada bilər. Onların icra edilməsini sual altına qoyur. Neftin qiyməti kəskin şəkildə aşağı düşüb və bütün proqnozlar onu göstərir ki, yaxın dövrdə 100 dollardan yuxarı həddə qalxacağı gözlənilmir. Belə bir vəziyyətdə SOCAR-ın Türkiyədə daşınmaz əmlak almaq üçün 75 milyon dollar həcmində kredit götürməsi risklidir. Bunların hamısı Neft Şirkətinin xərclərində oturur. Ən azı yaxın dövr üçün bu tip xərclərin strukturuna yenidən baxıb azaltmalıdır".
S.Əliyev əlavə etdi ki, 2015-ci ildə Mərkəzi Bankın qarşısında manatın kursunu saxlamaq kimi böyük bir məsələ durur: "Bunun üçün öz valyuta ehtiyatlarına ehtiyacı var. İndiki vəziyyətdə SOCAR-a 1 milyardlıq kredit ayırmasını riskli hesab edirəm. Əvvəla Mərkəzi Bank həmin məbləği ödəmək imkanında olmaya bilər. Əgər belə bir kredit ayırarsa, o zaman özü vəsait qıtlığı ilə üzləşə bilər. İkincisi, Dövlət Neft Şirkəti götürdüyü kreditin ödənməsində çətinliklə üzləşə bilər. Çünki gəlirləri azalır, xərcləri isə artır".








