Ötən gün Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunun mərkəzi bazarında Bayramov soyadlı azərbaycanlı kişi və onun oğlunun güllələnməsi “oğru aləmi” ilə əlaqələndirilir.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə soydaşlarımızın qohumları “TV Pirveli” kanalına bildiriblər.
Onların iddialarına görə, silahlı basqından bir neçə gün öncə “Polad” ləqəbli “qanuni oğru”nun adından Bayramovlarla əlaqə saxlanılıb və pul tələb edilib.
Hadisə şahidlərinin sözlərinə görə, silahlı şəxs maskasız olub və bazar ərazisini taksiyə əyləşərək tərk edib.
Telekanalın məlumatına əsasən, atışma törədən şəxsin kimliyi müəyyən edilsə də, hələ saxlanılmayıb.
Qeyd edək ki, ata və oğlu bazarda qızıl əşyaları mağazasının sahibləri olub. Silahlı insident nəticəsində güllə yarası alan 27 yaşlı Sahib Bayramov xəstəxanada ölüb, atasının vəziyyəti isə stabil ağır olaraq qalır.









