Ermənistanın ikinci prezidenti Robert Koçaryan bəyan edib ki, rəsmi İrəvan Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxması üçün bütün addımları atıb.
Bizimyol.info xəbər verir ki, bu fikirləri Azərbaycan ərazilərinin işğal edilməsində və azərbaycanlılara qarşı törədilən qəltamlarda müstəsna xidməti olan Koçaryan “Piatıy kanal” televiziya kanalına verdiyi müsahibəsində səsləndirib.
Koçaryanın sözlərinə görə, 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatın altında Rusiya prezidenti Vladimir Putinin də imzası var idi və bu, sadəcə “şahidlik” anlamı daşımırdı - Moskva həm də təhlükəsizliyə görə məsuliyyət götürərək bölgəyə sülhməramlı qüvvələr yerləşdirmişdi. “Lakin İrəvan birtərəfli qaydada bu prosesdə iştirakdan imtina etdi,” -deyə sabiq prezident bildirib.
Koçaryan qeyd edib ki, Praqada keçirilən görüşdə baş nazir Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağı ("Artsaxı") onun tərkib hissəsi kimi tanıyıb. Bu bəyanatdan sonra Moskvanın Bakı ilə münasibətlərində hansı rolu oynayacağı məsələsi ortaya çıxıb. “Ermənistan bu bəyanatla Rusiyanın vasitəçilik rolunu tamamilə sıfırladı,” - deyə Koçaryan vurğulayıb.
Onun fikrincə, Praqa görüşündə verilən bəyanatın nəticəsi kimi Ermənistan Qarabağı itirib. Koçaryan əlavə edib ki, beynəlxalq münasibətlərdə heç bir dövlət hər hansı bölgəyə “ömürlük məsuliyyət” götürmür və Rusiyadan da belə bir addım gözləmək doğru olmazdı. “Əgər Ermənistan o addımı (Praqa bəyanatını) atmasaydı, əminəm ki, üçtərəfli bəyanatın imzalanmasından beş il sonra onun müddəti yenidən uzadılardı və siyasi həll üçün imkan qalardı,” - deyə sabiq prezident bildirib.
Xatırladaq ki, 2022-ci il 6 oktyabrda Çexiyanın paytaxtı Praqada Ermənistan, Azərbaycan, Fransa və Avropa İttifaqı Şurası rəhbərlərinin dördtərəfli görüşü keçirilmişdi. Görüşün yekununda tərəflər BMT Nizamnaməsinə və 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiqləmiş, bununla da Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını bəyan etmişdilər. Həmin bəyanatla Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdı.









