"Ötən gecə Azərbaycan futbol tarixində unudulmaz anlar yaşandı. Çox gərgin keçən oyunun nəticəsi olaraq Azərbaycan çempionu “Qarabağ” Futbol Klubu ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqəni təmin etdi. Macarıstan “Ferentsvaroş” Futbol Klubuna qalib gələn Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan cavab oyununda 2:3 hesabı ilə uduzsa da, iki görüşün nəticəsinə görə turu adlayan tərəf kimi hamımızı sevindirdi.
Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, “Qarabağ”ın sadiq azarkeşi Aqil Abbas səsləndirib.
Deputat Avropanın ən güclü 36 futbol komandası içərisində 3 türk komandasının yer aldığını bildirib: “Qarabağ” Azərbaycanı, “Qalatasaray” Türkiyəni, “Kayrat” Qazaxıstanı bu sezon çempionatda layiqincə təmsil etməyə çalışacaq. İnşallah, bu çempionatda gələcəkdə türk komandalarının sayı çox olacaq”.
Aqil Abbas ötən gecə Bakıda futbol adrenalininin yaşandığını söyləyərək qeyd edib: “Gərgin olsaq da, bundan zövq aldıq. Uduzsaq da, turu keçdik. Komandamızı təbrik edirəm, uğurlar arzulayıram. Həmişə olduğu kimi, qurban kəsməyi əhd etmişdim. Ağcabədidəki qardaşıma zəng etdim ki, qurban kəsib paylasın. Rayonumuzdakı seyid Heydər Ağanın həyətində qurban kəsib paylayacaq. Çünki bu, Azərbaycan fubolunun inkişafıdır. Qarabağ və Qurban Qurbanov sübut etdi ki, Azərbaycanda da futbol var. Bütün dünya "Qarabağ" adlı furtbolun mövcudluğu ilə hesablaşır”.