Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin Informasiyalaşdırılması İdarəsi tərəfindən elan edilən iki ədəd tender yekunlaşıb.
"DİA-AZ" xəbər verir ki, birinci tender çərçivəsində "Texno Lyuks M" MMC (VÖEN: 2905154871) ilə təhsil müəssisələrinin yüksəksürətli internet şəbəkəsinə qoşulması, müəssisə daxili şəbəkənin genişləndirilməsi və genişləndirmə zamanı şəbəkənin dayanıqlığının təmin olunması üzrə müqavilə imzalanıb. Bu xidmətin dəyəri 4 271 495 AZN təşkil edir.
İkinci tender isə ümumtəhsil məktəblərinin yüksəksürətli internet şəbəkəsinə qoşulması və şagirdlərin distant təhsilə cəlb olunması məqsədilə həyata keçirilib. Bu layihə fiber-optik kabellərin məktəblərə çəkilməsi və internetlə təmin olunmasını nəzərdə tutur. Bu tenderində qalibi yenə "Texno Lyuks M" MMC olub. Qalib şirkətlə imzalanan müqavilənin məbləği 2 498 535 AZN-dir.
Beləliklə iki tender üzrə dövlət qurumu 6 770 030 AZN dəyərində sifariş verib.
Qeyd edək ki, "Texno Lyuks M" MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Emin Əliyev Arif oğludur. Hüquqi ünvanı AZ1012, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 24, mənzil 12 ünvanında yerləşir.