
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında baş tutan görüş gərgin keçib və gözlənilmədən yarımçıq dayandırılıb.
Fox News iddia edir ki, Tramp Zelenskidən Ağ evi tərk etməsini istəyib.
Məlumata görə, Ukrayna tərəfi danışıqları yenidən başlatmaq üçün cəhd edib, lakin ABŞ-ın dövlət katibi Marko Rubio və Trampın müşaviri Maykl Uolts onlara “Zelenski sülhə hazır olduğu zaman qayıdın” mesajını verib.
Zelenskinin davranışı ABŞ rəsmilərini qıcıqlandırıb
Fox News-un mənbələrinə əsasən, Tramp və digər ABŞ rəsmiləri Zelenskinin davranışından narahat olublar. Bildirilir ki, görüş zamanı Ukrayna lideri Trampın bəzi açıqlamalarına gözlərini döyərək və çiyinlərini çəkərək reaksiya verib. Bu isə Ağ evdə qıcıq yaradıb.
Müqavilə hələ də imzalana bilər?
Bütün bu gərginliyə baxmayaraq, Reuters xəbər verir ki, ABŞ və Ukrayna arasında faydalı qazıntılarla bağlı müqavilə hələ də imzalana bilər. Ağ evin sözçüsü bildirib ki, Tramp bu razılaşmanı tamamilə istisna etmir, lakin Ukrayna tərəfi görüş üçün yeni tarix təyin etməlidir. Bu isə o deməkdir ki, Zelenski ABŞ-dan ayrılmadan əvvəl son bir cəhd edə bilər.
Makron və ABŞ-dakı demokratlardan Zelenskiyə dəstək
Bu hadisələr fonunda Fransanın prezidenti Emmanuel Makron Ukraynaya açıq dəstəyini yenidən ifadə edib. O, BFMTV kanalına açıqlamasında vurğulayıb:
“Aqressor – Rusiyadır, hücuma məruz qalan isə Ukrayna xalqıdır.”
Makron Fransanın Ukraynaya yardımlarını düzgün qərar adlandırıb və sanksiyaların davam etməli olduğunu bildirib
Musavat.com