
ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlməsi xüsusilə Avropada narahatlıqla qarşılanır. Ağ Ev rəhbərinin NATO və Avropa İttifaqına münasibəti, bu birlikləri ABŞ-ı zəiflətməkdə ittiham etməsi Qərb liderlərinin narazılığına səbəb olur.
Hətta Trampın zamanla ABŞ-ın NATO-dakı rolunu azaldacağı, radikal qərarları ilə alyansın 76 il sonra dağılmasına səbəb olacağı iddia edilir. Onun dövlətlərin təhlükəsizliklərini özlərinin təmin etməli olduğuna dair açıqlamaları buna əsas göstərilir. Bəzi ekspertlərin fikrincə, artıq bir sıra Qərb ölkələri sözügedən ehtimala qarşı müəyyən hazırlığa başlayıblar.
Alyans üzvlərinin Tramp amili ilə bağlı ehtiyat planı nədir? NATO-nun yaxın gələcəkdə dağılması mümkündürmü?
Globalinfo.az-a danışan politoloq Rüstəm Tağızadə deyib ki, Böyük Britaniya NATO-dan fərqli bir təşkilat qurmağa cəhd edə bilər:
“Son illər ərzində, əsasən, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir dövrdə NATO dövlətləri arasında fikir ayrılıqları olurdu. Həmçinin ABŞ-da hakimiyyətə gələn Tramp administrasiyası Avropa İttifaqı ölkələrinə isti münasibət də bəsləmir. Fikrimcə, Britaniyanın quracağı hərbi ittifaqa Ukrayna, Polşa, Türkiyə, Baltikyanı dövlətlər, Kanada və Avstraliyanın daxil edilməsi mümkündür.
Londonun Almaniya və Fransaya güvənmədən Avropada güclənən Ukrayna ordusuna və çox güclü quru qoşunlarına malik Türkiyəyə daha çox ehtiyacı ola bilər.
NATO xüsusilə müdafiə xərcləri, strateji prioritetlər və Rusiyanın təcavüzünə cavablarla bağlı daxili fikir ayrılıqları ilə üzləşib. Almaniya və Fransa başda olmaqla Avropa dövlətləri bəzən Ukrayna ilə bağlı siyasətdə ABŞ və ya Britaniya ilə tam uyğunlaşmaqda tərəddüd edirlər”.
Politoloqun sözlərinə görə, Tramp administrasiyasının hakimiyyətə qayıdışı Vaşinqtonun NATO-ya sadiqliyi ilə bağlı narahatlıqları canlandırdı:
“Bu, həmçinin Avropa müttəfiqlərinin alternativ təhlükəsizlik strukturları axtarması ehtimalını da artırdı. Yeni yaradılacaq hərbi ittifaqa Polşanın, Baltikyanı ölkələrin və Ukraynanın daxil olması, NATO-nun 5-ci maddə üzrə öhdəliklərinin zəiflədilməsi, alternativ təhlükəsizlik zəmanəti verən Şərqi Avropada Rusiyaya qarşı mübarizəyə diqqətin yönəldildiyini göstərir.
Türkiyənin Qara dəniz və Yaxın Şərqə təsiri, ona geosiyasi üstünlüklər qazandırır. Yeni hərbi ittifaqa Kanada və Avstraliyanın da daxil olması onun ABŞ-Çin gərginliyi şəraitində İngiltərənin daha böyük rol oynamağa çalışdığı Hind-Sakit Okean hövzəsinə genişlənməsi mənasına gələcək”.
Yeni alyans NATO-nu tamamlamaq əvəzinə, onu zəiflətmək riski daşıyır. Təklif olunan üzvlərin çoxu alyansın müttəfiqləridir və hərbi strukturların təkrarlanması əməliyyatlarda səmərəsizliyə səbəb ola bilər.
Britaniyanın rəhbərlik edəcəyi yeni ittifaq NATO-nun mövcud təhlükəsizlik zəmanətlərini pozarsa, Baltikyanı və Polşa kimi ölkələr onu dəstəkləməkdən çəkinə bilərlər.
Türkiyənin müstəqil xarici siyasət yürütməsi və Rusiya ilə əlaqələri isə onun uzunmüddətli müttəfiqlik öhdəliyini qeyri-müəyyən edir”.
R.Tağızadə bildirib ki, Tramp NATO-nun üzvlərini tənqid etsə də, yeni alyans ABŞ-ın strateji maraqlarına uyğun gəlməyə bilər:
“Xüsusən də resursların NATO-dan yayındırılması və ya Avropanın parçalanmasına səbəb olması, Ağ Evin planların uyğun deyil.
Kanada və Avstraliyanın yeni ittifaqda iştirakı, bu ölkələrin AUKUS (Avstraliya-Böyük Britaniya-ABŞ təhlükəsizlik paktı) vasitəsilə ABŞ-ın müdafiə siyasətlərinə sıx uyğunlaşdıqları üçün diqqətli balanslaşdırma tələb edəcək.
Böyük Britaniyanın rəhbərlik etdiyi hərbi pakt, çox güman ki, Fransa və Almaniya kimi Avropa gücləri ilə gərginliyə səbəb olacaq. Çünki onlar bunu Aİ-nin təhlükəsizlik təşəbbüslərini kənarlaşdırmaq cəhdi kimi qiymətləndirə bilərlər.
Rusiya belə bir ittifaqı Şərqi Avropada potensial olaraq hərbi əməliyyatları gücləndirən aqressiv addım kimi qəbul edəcək.
Onsuz da AUKUS-dan ehtiyat edən Çin isə çox güman, Avstraliya və Kanadanın iştirakını Hind-Sakit okeanda Qərbin hərbi təsirinin genişləndirilməsi kimi dəyərləndirəcək”.