Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib?
Xəbər verdiyimiz kimi, ötən il Azərbaycanda ümumi sahəsi 2 milyon 361 min 592 kv. metr olan 20 min 149 yaşayış evi istifadəyə verilib.
Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, istifadəyə verilən yaşayış evlərinin 44,5%-i və ya 1 milyon 50 min 247 kv. metri paytaxt Bakının payına düşüb.
Qeyd edək ki, ötən il Azərbaycanın 11 şəhər və rayonunda 1 kv. metr də olsun yaşayış evi istifadəyə verilməyib. Yaşayış evlərinin istifadəyə verilmədiyi şəhər və rayonların 9-u işğaldan azad olunan ərazilərdə yerləşir. Belə ki, ötən il Xocalı, Şuşa, Xocavənd, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında və Xankəndi şəhərində 1 kv. metr də olsun yaşayış evi istifadəyə verilməyib. İşğaldan azad olunan rayonlardan Füzulidə 57 min 420 kv. metr, Ağdərədə 15 min 582,6 kv metr, Ağdamda isə 1 528 kv. metr yaşayış evi istifadəyə verilib. Ötən il yaşayış evlərinin istifadəyə verimədiyi daha 2 şəhər və rayon isə Naftalan və Daşkəsən olub.
Onu da bildirək ki, yaşayış evlərindən başqa ötən il 12 min 552 şagird yeri olan ümumi təhsil müəssisəsi istifadəyə verilib. Bunlardan 1 600 şagird yeri paytaxt Bakının, 4 000 şagir yeri isə Abşeron rayonunun payına düşüb. İşğaldan azad olunan rayonlar arasında isə yalnız Laçında ümumi təhsil müəssisəsi istifadəyə verilib. Bu rayonda il ərzində istifadəyə verilən məktəb 264 şagird yerlik olub.