Ermənistan Silahlı Qüvvələri Naxçıvan istiqamətində bunker və hücum istehkamları inşa edir. Bəzi ekspertlərin fikrincə, Ermənistan sülh danışıqları adı altında yeni eskalasiyaya hazırlaşır.
Globalinfo.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, Ermənistanın birinci eşelon bölmələri Azərbaycanla şərti sərhədlərdə fəaliyyətlərini aktivləşdiriblər:
“Burada iki nüans var. Birincisi, uzun müddətdir ki, Laçın istiqamətində sakitlik müşahidə edilirdi. Yeni ilin başlaması ilə artıq Ermənistan atəşkəsi pozmağa başlayıb. İkinci isə Naxçıvan istiqamətində bunker və beton tipli hücum xarakterli istehkamlar inşa etməsidir. Həmçinin silahlanmanı 2024-ci ildə maksimum həddə çatdırması buna nümunədir. Ermənistanın sülh sazişi imzalamaq, Cənubi Qafqaza sabitliyin gətirilməsində maraqlı deyil”.
Hərbi ekspertin sözlərinə görə, Ermənistanı sülh sazişinin imzalanmaması və şərti sərhəddə revanşist fəaliyyətləri həyata keçirməkdə cəsarətləndirən qüvvələr var:
“Beləliklə, yeni münaqişə ocağı yaratmaq istəyirlər. Ermənistan ərazisində fərqli qütblərə aid güclərin nümayəndələrinin olduğu da məlumdur. Sürətli silahlanma var, yekun sülhün əldə edilməsinə razılıq yoxdursa, deməli, Ermənistanın başqa bir planı var. Atəşkəs rejimi sülh sazişinin imzalanması yaxud da müharibəyə səbəb ola bilər. Rəsmi İrəvan ikincini dəstəkləyir. 2025-ci ildə növbəti müharibə ocağının yaradılmasına çalışacaq”.