"E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Head Property" və "Region Property" MMC-ləri dövlət qeydiyyatına alıb.
“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətlərin hüquqi ünvanları müvafiq olaraq Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 27 və Naxçıvan şəhəri, Nəsrəddin Tusi küçəsi, 4, nizamnamə kapitalları müvafiq olaraq 1,7 milyon manat və 600 min manat, qanuni təmsilçiləri isə İsa Bünyad oğlu İsayevdir.
O, həm də Cəlil Məmmədquluzadə küçəsi, 27 ünvanında fəaliyyət göstərən "E-Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) direktorudur. Bu, maliyyə qurumu bu ilin iyul ayında ləğv edilmiş "Naxçıvan Bank" ASC-nin bazasında yaradılıb, elə həmin ay da Azərbaycan Mərkəzi Bankından lisenziya alıb.