BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib - FOTO
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində III kurs tələbələrinin “Xarici ölkələr jurnalistikası” fənni üzrə “Ekstremal vəziyyətlərdə jurnalistlərin sığortalanması” mövzusunda Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib.
Beynəlxalq Jurnalistlər Federasiyasının iclasında müxtəlif üzv dövlətlərin nümayəndələri rolunu icra edən gənc jurnalistlər dünyada ekstremal vəziyyətlərdə həyatını itirən jurnalistlərin müxtəlif illər üzrə statistikasını müqaisəli şəkildə təhlil ediblər. İclasda Federasiyaya üzv olan ölkələr öz qanunvericiliklərində qeyd olunan məsələlərin əksini tapmasına aydınlıq gətirərək, tənzimlənmə mexanizimlərindən də söz açıblar.
Müzakirələrdən sonra ekstremal vəziyyətlərdə jurnalistlərin sığortalanmasına dair beynəlxalq səviyyədə tənzimlənmənin icra mexanizmini müəyyən edən birgə bəyanat səs çoxluğu ilə qəbul edilib.
Sonda BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova və Yeni media və kommunikasiya kafedrasının müdiri, dosent Xatirə Hüseynova model simulyasiya konfransının uğurla nəticələnməsi münasibəti ilə iştirakçıları təbrik edib, beynəlxalq jurnalistika və kommunikasiya biliklərinin artırılması baxımından bu cür təşəbbüslərin faydalı olduğunu bildiriblər.
Qeyd edək ki, Beynəlxalq Jurnalistlər Federasiyası modeli gənc jurnalislər arasında ilk dəfə keçirilən və beynəlxalq jurnalistika sahəsini daha yaxından öyrənmək, bilik və bacarıqlarını artırmaq fürsəti yaradan modeldir. Layihənin məqsədi gənc jurnalistlərə liderlik bacarıqlarının, ictimai danışıqların aparılması və konfliktlərin həlli yollarının öyrədilməsidir.