“Məktəblərin qarşısında enerji içkilərinin, tütün məmulatlarının və spirtli içkilərin satışı ciddi sosial və sağlamlıq problemlərinə yol açır”.
Gununsesi.info xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov qeyd edib.
Ekspert qeyd edib ki, bu məhsulların məktəb yaşlı uşaqlar üçün əlçatan olması, onların erkən yaşda zərərli vərdişlərə yiyələnməsinə və fiziki-psixoloji sağlamlıqlarına mənfi təsir göstərməsinə səbəb ola bilər: “Enerji içkilərinin tərkibində yüksək miqdarda şəkər və kofein olduğu üçün onların uşaqlar tərəfindən istifadəsi diqqət pozğunluğu, yuxusuzluq, ürək-damar problemləri kimi ciddi sağlamlıq riskləri yaradır. Tütün məmulatları və spirtli içkilər isə yalnız sağlamlığa deyil, həm də uşaqların davranışına, sosial inkişafına və gələcəkdə asılılıq problemlərinə səbəb ola bilər.
Məktəblərin qarşısında fəaliyyət göstərən köşklərdə bu məhsulların satışının təşviq edilməsi cəmiyyətdə məsuliyyət və nəzarət mexanizmlərinin zəifliyini göstərir. Bu, həm qanunvericiliyin gücləndirilməsini, həm də ictimai nəzarətin artırılmasını tələb edir. Valideynlər, müəllimlər və yerli idarəetmə orqanları bu məsələdə daha aktiv iştirak etməli və uşaqların sağlamlığını qorumaq üçün lazımi tədbirlər görməlidir”.
K. Əsədov vurğulayıb ki, məktəblər uşaqların yalnız təhsil aldığı yerlər deyil, həm də onların sağlam və təhlükəsiz mühitdə böyüdüyü məkanlar olmalıdır.
“Bu səbəbdən, məktəblərin qarşısında zərərli məhsulların satışına qarşı ciddi nəzarət mexanizmləri tətbiq edilməli, həmçinin maarifləndirmə kampaniyaları həyata keçirilməlidir. Gənc nəsli qorumaq hər birimizin vəzifəsidir”– deyə Kamran Əsədov əlavə edib.
Gununsesi.info