Rusiya Avrasiya İqtisadi İttifaqından (Aİİ) kənara taxıl məhsullarının ixracı üçün kvotanın əlavə hissəsini müəyyən edib.
Bu, 5 milyon ton təşkil edəcək qərar iyunun 30-dək qüvvədə olacaq.
Müvafiq sərəncamı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.
Kvotanın əsas hissəsi Nazirlər Kabineti tərəfindən fevralın 15-dən iyunun 30-dək müəyyən edilib və o, 24 milyon ton təşkil edir.
Qeyd edək ki, tezliklə ölkəmizdə dəmirlə zənginləşdirilmiş un satılacaq. Artıq dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb.
Maraqlıdır, bu amillər unun qiymətinə necə təsir edəcək?
Mövzu ilə bağlı “Cebhe.info”-ya danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, hər iki amil Azərbaycanın idxal etdiyi buğdanın qiymətinə təsir edəcək:
“Azərbaycan hər il 1,2 milyon ton ərzaq buğdası idxal edir, onun da 90 faizi Rusiyanın payına düşür. Bu da 5 milyon ton buğdaya aid edilə bilməz. Hesab edirəm ki, həm kvota, həm də unun dəmirlə zənginləşdirilməsi qiymətlərə təsir edəcək.
Son zamanlar dünya bazarında buğdanın qiyməti ucuzlaşır. Artıq buğda mövsümünün başlamasına 2 ay qalıb, buğda biçini başlayacaq. Dünyada da buğda istehsalı ildən-ilə artır. Fikrimcə, dünya bazarında buğdanın qiymətinin ucuzlaşması qiymətin sabit saxlanmasına haradasa imkan verə bilər".