
Müasir silahlı konfliktlərdə informasiya sahəsində qarşıdurma döyüş bölgəsindəki qədər vacibdir. 2020-ci il sentyabrın 27-dən başlayaraq, Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində tərəflər arasında irimiqyaslı hərbi əməliyyatlar yenidən alovlandı. Beləliklə, 28 il müddətdə ATƏT-in Minsk qrupu çərçivəsində həllini tapmayan Dağlıq Qarabağ konflikti XXI əsrdə ikinci fazasına qədəm qoydu. Münaqişə başlayan gündən dünyanın bütün kütləvi informasiya vasitələri konfliktlə bağlı çoxlu sayda yazılar verdi.
Hətta dünyanın ən böyük transmilli media orqanları, rəsmi informasiya agentlikləri və qeyri-rəsmi kanalları 44 gün ərzində demək olar ki, hər gün münaqişə ilə bağlı xəbərlərə yer ayırdı. Amma 44 günlük Dağlıq Qarabağ müharibəsinin mediada işıqlandırılmasının təhlili onu göstərdi ki, bir çox xarici media orqanlarında erməni əsilli jurnalistlər çoxluq təşkil edir və onların müəllifi olduğu yazılarda münaqişəyə qərəzli yanaşmalar açıq şəkildə hiss olunur. Həmçinin inkişaf etmiş ölkələrdə erməni lobbisinin KİV-ə təsiri də çox güclüdür.
Bildiyimiz kimi, 44 günlük müharibə dövründə Qərb mediasının xəbər portallarında qeyri-obyektivliyinə çox rast gəlinirdi. BBC müharibə dövründə hətta onun Azərbaycan nümayəndəliyi sözügedən müharibə və onun həqiqətlərini yayarkən jurnalistikanın prinsiplərinə əməl etməyərək birtərəfli mövqeyini açıq-aydın şəkildə nümayiş etdirdi. Belə ki, onlar Dağlıq Qarabağı mübahisəli və ermənilərin çoxluq təşkil etdikləri anklav kimi təqdim etdilər. Hətta onlar dəfələrlə yanlış olaraq, guya, Qarabağ müharibəsinə aid olan videoları “Facebook”, “Twitter”, “YouTube”, “TikTok” şəbəkələrində götürərək feyk xəbərlər yayımladılar. Lakin Hindistan kanallarının birində göstərilən Azərbaycan təyyarəsinin vurulması videosunun 2020-ci ilin avqustunda Yaponiyanın “YouTube” kanalında yayımlandığı sübut etdi. Noyabrın 8-də BBC saytında “Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan Şuşa şəhərinin işğaldan azad olunması” ilə bağlı məqalə dərc etdi. Yazıda Şuşada 1980-1990-cı illərdə daha çox azərbaycanlıların yaşaması, müharibə nəticəsində yüz minlərlə insanın qaçqın düşməsi ilə bağlı həqiqətlər nəhayət ki, yer aldı.
Avropa multimedia xəbər portalı “Euroreporter” də Qərb mediasının Qarabağ konflikti ilə bağlı məqalə yayımlamışdı. Araşdırmanın müəllifi Filip Jyen yazının girişində Qərb mətbuatının müasir dövrdə balanslı və obyektiv olmamasının sual doğurmasını qeyd etmişdi. Müəllif məqalədə Ermənistanın silahlı qüvvələrinin təcavüzkar hərəkətlərinə, dinc azərbaycanlıların Gəncə, Tərtər və Bərdədə öldürülməsinə dünya mediasının biganə qalmasını da vurğulamışdı.
Münaqişənin təsvirində ən radikal mövqeni isə “Reuters” informasiya agentliyi tutdu. Agentlik xəbərlərində Dağlıq Qarabağı Azərbaycandan ayrı tərəf kimi təqdim edirdi. Məsələn, 14 oktyabrda “Azərbaycan prezidenti Azərbaycanın Dağlıq Qarabağdakı hərbi əməliyyatları davam etdirdiyini söylədi”, “Ermənistanın Baş naziri Paşinyan deyir ki, Azərbaycanın bütün Dağlıq Qarabağı işğal etmək fikri var” başlıqlı xəbərlər buna sübutdur. Vurğulamaq gərəkdir ki, sözügedən yazıların həmmüəllifləri Mariya Kiselyova, Nvard Ohannisyanın, Tom Balmforthdur, Alexander Marrow, Margarita Antidze, Alex Richardsondur.
Dünyanın ən böyük transmilli orqanlarından biri olan “The New York Times” qəzetində isə Dağlıq Qarabağla bağlı yazıların əksəriyyətinin müəllifi xarici ölkələr, əsasən də Rusiya üzrə müxbir olan Pulitser mükafatlı Andrew Kramer idi. Müharibənin ilk günündə yayımlanan “Ermənistanla Azərbaycan arasındakı mübarizə daha böyük güclərin cəlb olunması riski ilə bağlıdır” adlı geniş araşdırma yazısında hər iki tərəfin mövqeyi bildirilməklə, bir çox digər məqamlar açıqlanmaqla müəyyən qədər obyektiv yanaşma ortaya qoymuşdur. Müharibə bölgəsinə gedən “New York Times” jurnalisti Anton Troyanovski də Qarabağ konflikti ilə əlaqədar bir neçə araşdırma yazılar hazırlamışdır. “Ermənistan ilə Azərbaycan arasında atəşkəsdən sonra qısa mücadilə işləri” başlıqlı yazıda Moskvada imzalanmış atəşkəs danışıqlarından sonra Azərbaycanın artilleriya, pilotsuz uçuş aparatı, səngər mübarizəsi ilə ilk hücuma başlaması haqqında məlumatlara yer verilmişdir. Daha çox anklav adlandırılan Qarabağın Xankəndi şəhərinin atəşə tutulması, sivillərin həlak olması, Qarabağın beynəlxalq konvensiyalara görə Azərbaycanın ərazisi olması, ancaq torpaqların geri qaytarılmasından sonra etnik ermənilərin məhv olacağı məsələləri ilə bağlı fikirlər burada öz əksini tapmışdır. Eyni zamanda məqalədə cəbhə xəttinə yaxın rayonların, Tərtərin, Bərdənin atəşə tutulması, Azərbaycanın Xarici işlər Naziri Ceyhun Bayramovun və Beynəlxalq Krizis qrupunun təhlilçisi Zaur Şiriyevin fikirləri də qeyd edilmişdir. Həmin müəllifin oktyabrın 13-də yayımlanan “Dağlıq Qarabağın duel tərəfləri üçün birgə yaşamaq mümkün deyil” adlı araşdırma yazısında əsasən erməni vətəndaşlardan müsahibələr alınsa da, obyektiv məqamlara da toxunulmuşdur. Belə ki, konfliktin tarixinə nəzər salınmış, haqlı olaraq milyonlarla azərbaycanlının Ermənistandan və Dağlıq Qarabağdan qaçqın düşmələri və Azərbaycan üçün bu məsələ milli faciə olduğundan, geri qaytarılması söhbətinin olmayacağı qeyd edilmişdir. “New York Times” qəzetinin müharibə zonasına ezam olunmuş müxbiri Carlotta Gall isə müharibə gündəliyini Azərbaycan tərəfdən tutmuşdur. Müəllif “Azərbaycanda bir sıra partlayışlar, qışqırıqlar və ardınca qan” başlıqlı reportajda Bərdəyə atılan qadağan olunmuş artilleriya raketləri nəticəsində 21 nəfərin ölümü, 70 nəfərin yaralanması haqqında məlumat vermiş, dəhşət içində olan zərərçəkmiş insanlardan geniş müsahibələr almışdır.
Qətər Əmirliyinə məxsus beynəlxalq telekompaniya – “Al-Jazeera”da məsələyə obyektiv yanaşmalar çox oldu. Azərbaycan Respublikasında olan Sinem Köseoğlu və Ermənistanda olan xüsusi müxbir Bernard Smith bir reportajda öz çəkdikləri süjetləri təqdim etdilər. Reportajlarda təqdim edilən yanlışlardan biri məhz Qarabağın mübahisəli ərazi olması, etnik baxımdan orada ermənilərin üstün olmasıdır. Bununla yanaşı, Bernard Smith və Sinem Köseoğlu ümumi xarakterli məsələlərə toxundluar. Tanınmış media orqanlarında uzun müddət çalışan Mansur Mirovalev telekanalın saytında təqdim etdiyi “Dağlıq Qarabağ konfliktində Rusiyanın oynadığı rol nədir” adlı yazısında tarixə ekskurs etmiş, Rusiyanın məqsədini və rolunu araşdırmışdır.
Müəllif haqlı olaraq hər iki tərəfdən olan siyasi təhlilçilərin (Emil Mustafayev və Boris Navasardyan) və digər beynəlxalq təşkilatlarda çalışan politoloqların fikrini alıb, eyni zamanda Türkiyənin də bölgədəki mövqeyini anlatmağa çalışıb.
Xankəndinə səfər edən Neil Hauer “Dağlıq Qarabağ: Sirenlər, top atəşi və Stepanakertdəki sığınacaqlar” adlı reportajında orada yaşayan erməni əhalinin vəziyyətini təsvir edib, erməni ailələrdən onların döyüşən övladları haqqında müsahibələr alıb. Oktyabrın 13-də "Əl-Cəzirə"nin saytında “Dağlıq Qarabağ: Köhnə bir münaqişə üçün yeni silahlar təhlükə yaradır” başlığı altında yayımlanmış yazıda müəllif Robin Forestier-Walker Prezident İlham Əliyevin söylədiyi fikirlərdən, Azərbaycanın hərbi sahədə artan qüdrətindən, Bayrakdar TB2, TB2s, İsgəndər M, kimi silahların müharibədəki funksiyalarından söhbət açılıb.
Dünyanın ən böyük informasiya agentliklərindən olan "Associated Press" əsasən Ermənistanın mövqeyindən çıxış etdi.
Dünya gündəmini müəyyən edən ABŞ-ın nəhəng CNN informasiya kanalı da 44 günlük Qarabağ müharibəsinə çox geniş yer ayırdı. Kanal “Ermənistanla Azərbaycan arasında mübahisəli bölgəyə görə qarşıdurmalar başlayır”, “Ermənistan və Azərbaycan mübahisəli bir bölgə üstündə toqquşur. Bilməli olduğunuz şey budur” araşdırmalarında konfliktlə bağlı hər iki tərəfin mövqeyini ortaya qoymuş, ancaq Qarabağı mübahisəli ərazi kimi təqdim edərək “Artsax” adlandırmışdır.
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı “Şərq”ə açıqlamasında vurğulayıb ki, Vətən müharibəsi dönəmində bir çox xarici KİV-lər erməni lobbisinin təsir dairəsində idilər. Bu məqsədlə də onlar Azərbaycana qarşı qara piar həyata keçirirdilər:
“Bildiyimiz kimi, bir çox xarici media faktları təhrif etməklə, dünyanın ictimai rəyini dəfələrlə çaşdırmağa çalışdılar. Dünyanın bir çox ölkəsində erməni lobbisi təsiri nəticəsində təəssüflə qeyd etməliyik ki, kütləvi informasiya vasitələri onlara xidmət edir. Amma bu müharibə dövründə bütün bunlara baxmayaraq, ötən illərlə müqayisədə Azərbaycan ictimaiyyəti əvvəlki dövrlərə baxanda daha aktivlik nümayiş etdirdi. Sevindirici haldır ki, xüsusilə gənclərimiz xarici KİV-lərlə yaxşı əməkdaşlıq qurdular və Azərbaycanın haqlı davasını müdafiə edən məqalələr dərc etdirdilər. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, bu proseslərdə cəbhə xəttində olduğu kimi informasiya müharibəsindəki blokadanı Cənab Prezident İlham Əliyev özü dağıtdı. Dünyanın böyük mediaları Azərbaycana qarşı qara piar kampaniyasına başlasalar da, Prezidentin müsahibələrindən sonra Azərbaycana qarşı olan bəzi KİV-lər neytral qalmağa çalışdılar”.
F.Şahbazlı əlavə edib ki, əlbəttə ki, gənclər də prezidentin bu çıxışlarını yol xəritəsi kimi istifadə etdilər və onlar sosial şəbəkələrdə çox aktiv rol aldılar:
“Baxmayaraq ki, siyasi proseslərin daha çox müzakirə olunduğu “Twitter” seqmentində bizim gənclərimiz təzə idilər. Düzdür, illərdir ki, bizim gənclər “Facebook”da aktiv olsalar da, Cənab Prezidentin çıxışları sayəsində gənclərimiz orada qısa müddətdə həqiqətən də böyük uğur əldə elədilər. Sosial platformalar da azərbaycanlılar və ermənilər üçün mübarizə meydanına çevrilmişdi. Bir həftə ərzində 20 milyon dəfə #WeWillWin, #DontBelieveArmenia və #StopAzerbaijanAggression həştəqlərindən istifadə olunmuşdur.
Bu həştəqlər dünya gündəminə düşdü. Bir çox ölkələrin tanınmış siyasətçiləri, bəzi hallarda bilmədiklərindən təhrif olunmuş münaqişəli məqalələr yazırdılar. Belə demək mümkündürsə, gənclərimiz bir çox tanınmış şəxslərin əsl həqiqəti bilməsini təmin etdi. Təbii ki, bəzi hallarda gənclərimiz sayəsində onların yazılarında düzəliş etmələrinin də şahidi olduq. Hesab edirəm ki, informasiya müharibəsində gənclərimiz güclü çıxdı.
Amma əlbəttə bu, yetərli deyil. Bilirsiniz ki, düşmənin nə cəbhədə, nə də informasiya savaşında təxribatları bitmir. Düşmən müxtəlif platformalarda Azərbaycanın qələbəsini həzm edə bilmədiyi üçün qarayaxma kampaniyası aparır. Belə şəraitdə bizim üzərimizə böyük iş düşür. Biz bundan sonra xarici KİV-lərlə əlaqələri genişləndirməli, o cümlədən xarici mətbuatdakı jurnalist dostlarımızın sayını artırmalıyıq və onlarla yaxından əməkdaşlıq qurulmalıdır. Onlar Azərbaycana səfər olunmalıdırlar.
Burada da şübhəsiz ki, ictimai təşkilatların jurnalistlərinin üzərinə böyük məsuliyyət düşür, eyni zamanda bu təşəbbüsləri dəstəkləməlidir. Sosial şəbəkələrdə aktiv peşəkar istifadə zərurət halına gəlməlidir, daha akademik yanaşma tələb olunmalıdır. Artıq biz orada müasir alətlərdən istifadə edərək geniş şəkildə faydalanmalıyıq. Bilirsiniz ki, dünya informasiya müharibəsi əsridir.
Bu gün müasir dünya müharibələri yalnız cəbhədə deyil, eyni zamanda informasiya müstəvisi zəminində də gedir. Ona görə də xarici KİV-lərlə geniş şəkildə əməkdaşlıq qurulmalıdır. Çünki qarşıda bizi böyük mərhələ gözləyir. Gənclərimiz də bu mərhələyə uyğun tam hazırlaşmalıdırlar”.