Son günlər müğənni Günay İbrahimlinin geyimi müzakirə obyektinə çevrilib. Bir neçə gün əvvəl “Yaşıl Teatr”da verdiyi konsertdəki geyimləri indiyədək çözülməkdədir. “Mən adi həyatda o cür geyinmirəm, verilişlərə də həmçinin. Konsertimdə isə fərqli görünməliydim. Necə olur ki, xaricdən gələnlər məndən də betər geyinirlər, amma onları bəh-bəhlə qarşılayırıq, ancaq özümüzünküləri tənqid edirik?! Mən burda pis heç nə görmürəm. Əsas mənim sənətimdir, hansı ki, konsertimdə yetərincə nümayiş etdirdim”, - deyə Oxumeni.az-a açıqlama verən Günay Fərda Xudaverdiyevin konsertində baş verənlərə də aydınlıq gətirdi:
“Belə çirkin xəbər barədə danışmaq istəmirəm. Belə şeyləri yazaraq oxucularının sayını artırmaq istəyirlər. Bu, onlar üçün reklam olar”.
Xatırladaq ki, F.Xudaverdiyevin konsertində səhnəyə çıxan Günayın donunun ətəyini külək qaldırmışdı. “Onlar” verilişi bu görüntünü ictimaiyyətə çatdırdı. Bir neçə saytlar da bu xəbərdən “faydalandılar”.
P.S. Əlavə edək ki, Günay İbrahimli hazırda İstanbuldadır və o, yaradıcılığında yeniliyə imza atmaqla məşğuldur. Tezliklə bu layihə haqda ətraflı məlumat verəcəyik.