Azərbaycan rok musiqisinin əfsanəvi nümayəndələrindən olan “UNFORMAL” qrupu illər sonra yenidən bir araya gəlir.
"DİA-AZ" xəbər verir ki, “Sonsuz yol” mahnısı ilə bir dövrün sevimlisinə çevrilən qrupun keçmiş solisti, avroviziya təmsilçimiz Dilarə Kazımova sosial mediada verdiyi açıqlama ilə pərəstişkarlarına sürpriz edib. 2009-cu ildə fəaliyyətini dayandıran qrupun bütün əsas üzvləri – Dilarə Kazımova, Fəridə Nelson, Rüstəm Məmmədov və İqor Qaranin dünyanın dörd fərqli ölkəsindən (Azərbaycan, Rysiya, ABŞ və Böyük Britaniya) Bakıya toplaşaraq, noyabrın 22-də “Hayal Kahvesi”ndə konsert verməyə hazırlaşır. Gecəyə “Coldünya” qrupunun yaradıcısı və vokalçısı Teymur Nadir, “DədəBaba” və “Unchained Orchestra” kimi alternativ səhnənin tanınmış adları da qatılacaq. Qeyd edək ki, UNFORMAL 2007-ci ildə “Sonsuz yol” klipi ilə geniş tanınmış, 2008-ci ildə Eurovision milli seçimlərinin finalçısı olmuşdu. İndi isə onlar səssizliyi pozub səhnəyə geri dönür – bu dəfə daha güclü və birləşmiş şəkildə.











