"...5 ilə yaxındır məhkəmələrdəyəm. Məhkəmələri udsam da, bir faydası yoxdur. Əlimdə məhkəmə qərarı var. Torpaq ərazimə daxil olan qonşum ərazimi tərk etmir. Dərd orasındadır ki, Ali və İnzibati Məhkəmələrin qərarını icra etməli olan 16 saylı Ucar Ərazi İdarəsi problemə biganə yanaşır, aylardır vaxt uzadır. Məhkəmənin sənədini dəfələrlə təqdim etsək də, müxtəlif bəhanələrlə yayınmağa çalışırlar. Artıq yorulmuşam. 5 il səbr etdim. Amma indi məsələni işıqlandırmaq və ictimailəşdirmək qərarına gəldim. Bəlkə camaatdan utanarlar, qanuni haqqım olan ərazimi mənə geri qaytararlar. Adam ərazimi qanunsuz şəkildə zəbt edib, beş illik məhkəmə prosesi də bu adamın etdiyi əməlin yanlış olduğunu və torpağı sahibinə geri qaytarmasını əmr edir. Həmin əmri də icra etməli olan 16 saylı Ucar Ərazi İdarəsidir. Amma nə ərazimə girən adamdan, nə də o idarədən ən kiçik bir tərpəniş belə yoxdur. İnsan yanıb, tökülür".
Yuxarıdakı fikirlər Göyçay rayon sakini, Birinci Qarabağ Müharibəsi iştirakçısı Tərlan Fərzəliyevə məxsusdur. Vətəndaş Bizimyol.info xəbər portalına şikayəti üzrə müraciət edib. Vətəndaş, Göyçay rayonu, Yeniarx kəndi ərazisində torpağını zəbt etmiş qonşusu barədə beş illik məhkəmə prosesini udub və Şəki İnzibati Məhkəməsi 16 saylı Ucar Ərazi İdarəsinə torpaq sahəsinin koordinatlarının qanunauyğun şəkildə yenidən baxılması öhdəliyini qoyub. Daha sonra Ali Məhkəmə İnzibati Məhkəmənin bu qərarını təsdiqləyib və işin icrası üçün yenidən adıçəkilən yerli İdarəyə bildiriş göndərilib. Bir neçə məhkəmənin açıq-aşkar hökmü "heç" sayılır. Nə torpağı zəbt edən qonşu, nə də 16 saylı Ucar Ərazi İdarəsi hökmün icrasına uyğun hərəkət etmir.
"Bu torpaqlar sovet dönəmində aqrar islahatlar zamanı qeyri-dəqiq cihazlarla ölçülmüşdü və ərazilərdə olduqca ciddi koordinat sürüşmələri meydana gəlmişdi. O dönəmdən son vaxtlara kimi yanlış bölüşdürülən bu torpaqlar üstündə məhkəmə prosesləri bitib-tükənmək bilmirdi. Daha sonra cənab prezident problemli torpaq sahələrinin yenidən və ədalətli şəkildə bölüşdürülməsini təmin edən fərman imzaladı. 818 saylı bu fərmanda Torpaqların Elektron Kadastr Uçot Sisteminin yaradılması tapşırılır. Bu fərmanda göstəriş belədir ki, həmin problemli ərazilər yenidən işlənsin, camaat zülm çəkməsin. Fərmanın qanunvericilik sahəsində heç bir problem olmasa da, icrasında belə ciddi problemlər yaranıb. Problemi yaradan da keçmiş sovet sisteminin qeyri-dəqiq ərazi bölgüsü idi.
Daha sonra bir Türkiyə şirkətinə bu məsələnin həlli tapşırıldı. Onlar da torpağı işləyib, sənədlərini Əmlak Komitəsinə təhvil verib, getdilər. Bölüşdürülmüş bu torpaqlarda kiməsə artıq və ya əskik pay düşübsə, qanunvericiliklə o torpaq sahiblərinin yazılı razılığı ilə məsələ həllini tapmalıdır. Həmin şirkət yazılı razılığın arxasına düşmədi. Çünki onda gərək bu işi 2045-dək ancaq bitirərdilər. Ancaq bu da vətəndaş kimi bizim problemimiz deyil. Hər halda, prezident şirkətdən daha yaxşı bilir nəyi nə zaman və necə etmək lazımdır. Onun fərmanında da qeyd olunur ki, ölçüyə uyğunlaşdırıla bilməyən həmin torpaqlarla bağlı yazılı razılaşma edilsin. Ancaq şirkət bundan boyun qaçırıb. Nə Astarada, nə Qazaxda, nə Xaçmazda - torpaq bölgüsünü keçirdikləri heç bir yerdə yazılı razılıq məsələsinə toxunmayıblar. Eləcə torpağı bölüb, təhvil verib, çıxıb gediblər.
Biz bu problemi məhkəmə yolu ilə həll etməyə məcbur olduq. Mülki Məhkəmə hökm çıxarıb ki, torpaqlarımı zəbt edən adam oranı boşaldıb, ərazini təhvil versin. İnzibati Məhkəmədə də Reyestr Xidmətini udmuşuq və orda da məhkəmənin göstərişi budur ki, sənədləri düzəltsin. Burda da düzəliş olunmalı sahə 15 ha göstərilir. 15 ha sahənin koordinatının düzəldilməsi öhdəliyi qoyulub. Mən o torpağa investisiya qoyub, bağ salmışam. İndi məhkəmənin sənədi, hökmü mənim üçün mötəbərdir. Sonradan keçirilmiş aqrar islahatı mötəbər hesab edirəm. Aqrar islahat nəticəsində hüquq əldə etmiş vətəndaş dövlət orqanı olan Notariusda alqı-satqı etməyə gedir, bir sıra əməliyyatlar keçirir, amma heç birinin faydası olmur. Deyilir ki, "burada 8-ci qonşunun torpaq problemi var və onu sənin hesabına həll etmək istəyirəm". Bir vətəndaşın problemini digər vətəndaşın hesabına həll etmək olmaz. Mən o ərazidə taxıl və ya yonca əksəydim, problem olmazdı. Axı mən ora yüksək investisiya yatırmışam, bağ salmışam. Pulumu o torpağa yatırmışam ki, gələcəkdə nəsə olacaq. İndi illərdir məhkəmələri uda-uda gedirik, ancaq nəticə yoxdur. Nə qərar icra edilir, nə də ərazimi zəbt edən şəxs torpağımdan çıxır" - deyə, rayon sakini şikayət müraciətində qeyd edib.
Müraciətlə əlaqədar Bizimyol.info xəbər portalı Əmlak Komitəsinə sorğu göndərib. Qurumun Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, ortada olduqca mürəkkəb bir proses olduğuna görə, uzunmüddətli araşdırılma aparılmalıdır. Sorğudan 12 gün ötməsinə və ortada açıq-aşkar məhkəmə hökm olmasına baxmayaraq, araşdırmanın nəticəsi təqdim edilməyib. Yaranmış vəziyyətlə əlaqədar İqtisadiyyat Nazirliyinin Mətbuat Xidməti də məlumatlandırılıb.