"2001-ci ildə Cahangir Hacıyev Beynəlxalq Bankın sədri təyin olunanda onun həyat yoldaşı Zamirə Hacıyeva Xəqani Bəşirovlə əlbir olub onun başını yeməyə başladı..." Dia-az.İnfo xəbər verir ki, bu ilginc açıqlama ilə tanınmış araşdırmaçı Jurnalist Cavanşir Həsənli çıxış edib.
Jurnalist daha sonra bildirir: "Dünyanın "McMafia" adlandırdığı Hacıyevanın iki daşın arasında özünə belə "bacarıqlı" maliyyə fırıldaqçısını necə tapdığı və hansı şərtlərdə partnyor seçməsi özlüyündə maraqlıdır.
Zamirə Hacıyeva 2001-ci ildə - Cahangirin onu həbsə aparan təyinatı verildiyi il Parisdə ortaqlıq əsasında ECC MANAGEMENT SYSTEMS şirkətini qeydiyyatdan keçiriblər. Beynəlxalq Bankdan böyük məbləğdə pullar Londona bu şirkət vasitəsilə axıdılıb.
Britaniya məhkəməsi "İzahedilməz Sərvət Sərəncamı" (Unexplained wealth orders,UWO) çərçivəsində keçmiş bankirin arvadı ilə bağlı araşdırmalara başlayana qədər Fransadakı şirkət fəaliyyətdə olub. 2019-cu ildə onun fəaliyyətinə xitam verilib. Sənədlərə görə Zamirə Hacıyeva Parisdəki şirkətinin səhmlərini Londonda qeydiyyatdan keçirdikləri EUROPEAN TECHNOLOGIE LIMITED (hazırda KSANTEX TECHNOLOGIES LTD adlanır) şirkətinə etibar edib..."
Dia-az.İnfo qeyd edir ki, C.Həsənli eyni zamanda iddialarını sübutlayan dəlilləri də təqdim edib...