Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənistan COP29-a gələcəkmi?
Ermənistan COP29-a gələcəkmi?12-11-2024, 07:26 |
Bakıda COP29 iqlim konfransının açılışına dünyanın hər yerindən dövlət və hökumət başçıları, yüksək səviyyəli rəsmi nümayəndə heyətləri gəldi. BMT baş katibi, Avropa İttifaqı Şurasının prezidenti, Afrika İttifaqı Şurasının prezidenti də daxil olmaqla əksər beynəlxalq təşkilatların rəhbərləri və nümayəndə heyətləri konfransın ilk günündə iştirak etdilər. Gözlənildiyi kimi, Fransa prezidenti Emmanuel Makron konfransa qatılmadı. Eləcə də, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının sədri Ci Tsinping, Hindistanın baş naziri Narendra Modi, Almaniya Federativ Respublikasının kansleri Olaf Şolts, eləcə də, ABŞ dövlət katibi Entoni Blinken də Bakıya səfər etmədilər. İran, Braziliya, Cənubi Afrika Respublikası, İspaniya və sair kimi ölkələrin rəhbərləri də gəlmədilər. Səbəblər müxtəlifdir. Bəzi ölkələrdə siyasi böhran var. Məsələn, Almaniyada. Hökumət koalisiyası dağılıb. İspaniya isə sel fəlakəti və bunun nəticəsində baş vermiş iğtişaşlarla sarsılıb. Azərbaycanın Cənubi Qafqazda ən yaxın qonşu, dost ölkə olaraq yüksək səviyyəli münasibətdə olduğu Gürcüstan isə daxili siyasi gərginliyə baxmayaraq, baş nazir İrakli Kobaxidze səviyyəsində və yüksək nümayəndə heyəti ilə konfransa ilk qatılanlardan oldu. Ona görə də yenə nəzərlər Ermənistana çevrildi: bu ölkədən gələn olacaqmı? APA xəbər verir ki, Finlandiya prezidenti Aleksandr Stubb ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyev bu məsələyə bir daha aydınlıq gətirib. Dövlət başçısı Azərbaycanın Ermənistanı dəvət etdiyini söyləyib. Azərbaycan prezidenti bildirib ki, Ermənistana da COP-da iştirak etmək üçün dəvət göndərilib. İştirak edib-etməmək bu ölkənin öz qərarıdır. Azərbaycanın rəsmi dəvət məktubu Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın adına göndərilib. Buna görə də Ermənistandan məhz onun gələcəyi gözlənilir. Ancaq Ermənistanlı nazir konfransa qatılmadı, iqlim sammitinin açılış günündə İsveçə səfərə getdi. Beləliklə, Ermənistanın hansı qərara gəldiyi hələ də məlum deyil. Ermənistanın öz mediası da bu suala cavab axtarır. Jurnalistlərin qarşısına xarici işlər nazirinin müavini Vahan Kostanyan çıxıb. O da bildirib ki, COP29-a qatılmaqla bağlı hələ bir qərar yoxdur. Kostanyan deyib: "Qərarın verilməsi sülh danışıqlarının dinamikasından asılı olacaq. Qərar qəbul olunan kimi məlumat veriləcək". Bu cavabdan görünür ki, COP29 iqlim sammitində iştirakın mümkünlüyünü rəsmi İrəvan yenə də sülh danışıqları ilə əlaqələndirib. Əslində, bu, "gəlmək istəmirəm" demək kimi bir şeydir. Məlum olduğu kimi, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə razılaşdırılmamış məsələlər var. Ermənistan təklif edib ki, razılaşdırılmış bəndlər müqavilə kimi dərhal imzalansın, qalan məsələləri "sonra razılaşdırmaq olar". Bununla Ermənistan tərəfi dünya ictimaiyyətinin gözündə özünü sülh tərəfdarı, Azərbaycanı isə sülhün əleyhdarı kimi göstərməyi hədəfləyib. Məqsəd beynəlxalq birliyin Azərbaycana mütəşəkkil və intensiv təzyiqi ilə özünə sərfəli sənədin imzalanmasına nail olmaqdır. Ona görə Ermənistanın prezidenti, baş naziri, parlament sədri, xarici işlər naziri, Təhlükəsizlik Şurasının katibi dəfələrlə, təkrar-təkrar bəyan edirlər ki, Ermənistan sülh müqaviləsini dərhal ("lap elə bu gün") imzalamağa hazırdır. Fransa və bir sıra başqa dövlətlərin və bəzi beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri bu məsələdə Ermənistana dəstək ifadə ediblər. Ancaq Azərbaycan bu cür yarımçıq, prinsipial məsələlərin razılaşdırılmadığı sazişin imzalanmasını doğru saymır. Beynəlxalq dairələrin Ermənistanla bu kontekstdə həmrəyliyinə gəlincə, prezident İlham Əliyev noyabrın 8-də "Zəfər günü" münasibətilə çıxışında Ermənistanın "sülh göyərçini kimi" təqdim olunması cəhdlərinə öz sərt münasibətini bildirib. Prezident açıq qalan məsələləri razılaşdırmadan sülh sazişini imzalamağın doğru olmadığını bir daha vurğulayıb. Ermənistan tərəfinin bəyanatlarından belə məlum olur ki, rəsmi İrəvan Co Baydenin prezidentlik müddəti bitənə qədər sazişin imzalanmasına çalışır. Rəsmi Vaşinqtonun da istəyi bu istiqamətdə olub. ABŞ prezidentinin hər iki ölkə rəhbərinə məktubu da bunu deməyə əsas verir. Prezident İlham Əliyevə və baş nazir Nikol Paşinyana yazdığı məktublarında prezident Bayden Azərbaycanı və Ermənistanı bu ilin sonuna qədər sülh sazişini imzalamağa çağırmışdı. Bu çağırış Ermənistanın mövqeyi ilə səsləşir. Ancaq bu, heç də real görünmür. Belə məlum olur ki, danışıqlar COP29 iqlim konfransından sonra intensivləşəcək. Hər halda Azərbaycan tərəfi belə bir bəyanat verib. Bahəddin Həzi, Bizimyol.info Geri qayıt |