Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Tramp Azərbaycana qarşı sanksiyaları ləğv etdirə bilər”
“Tramp Azərbaycana qarşı sanksiyaları ləğv etdirə bilər”10-11-2024, 17:27 |
Keçmiş Prezident Donald Tramp gələn il yanvarın sonundan yenidən Ağ Evin sahibi olacaq. Seçki kampaniyası vaxtı Tramp “sərhədləri qaydasına salacağına” və “ölkədə hər şeyi düzəldəcəyinə” söz verib. O, həmçinin “güclü, təhlükəsiz və firavan Amerika”nı təmin etmək üçün çalışacağını bildirib. “Dünyada müharibələri dayandıracağıq. Dörd ildir ki, İŞİD-ə yaşatdığımız məğlubiyyətdən başqa heç bir müharibə bilmirik. Biz İŞİD-i rekord müddətdə məğlub etdik, lakin heç bir başqa müharibə aparmadıq. Mən müharibələrə başlamaq fikrində deyiləm, onları dayandıracağam”, - deyə Tramp mülkünün yerləşdiyi Mar-a-Laqoda çıxış edərkən söyləyib. Bizim üçün Trampın qələbəsi ilə bağlı əsas suallar Ermənistan-Azərbaycan məsələsində nələrin dəyişəcəyi və Rusiyanın Ukraynaya təcavüzünün nə ilə nəticələnəcəyidir. AYNA mövzu ətrafında bir neçə ölkənin tanınmış ekspertləri ilə həmsöhbət olub. Amerikalı analitik, geosiyasət və təhlükəsizlik üzrə ekspert, “The Washington Outsider” qəzetinin baş redaktoru İrina Tsukerman: “Cənubi Qafqaz məsələsi, çox güman ki, Tramp üçün, ən azı, Prezident olduğu ilk 100 gün ərzində prioritet olmayacaq. Bununla belə, o, çox güman ki, Bakı ilə, xüsusən də müdafiə və enerji sahələrində tam əməkdaşlığı bərpa etməyə çalışacaq və əsas məsələlər üzrə koordinasiyanın digər formalarına açıq olacaq. Tramp və onun tərəfdarlarının əksəriyyəti ABŞ-dakı erməni lobbi qruplarına bağlı deyil və Respublikaçılar və ya qismən Respublikaçıların üstün olduğu Konqress tərəfindən Azərbaycan daha az təzyiqlə üzləşəcək. O, yəqin ki, sanksiyaları ləğv etməyə hazır olacaq. Onun səlahiyyət müddəti Azərbaycan üçün 907-ci düzəlişin tam ləğvinə təkan vermək üçün yaxşı fürsət olardı, xüsusən də Konqressin hər iki palatasında Respublikaçılar üstün olarsa. Bu, həm də Amerikanın erməni təşkilatı olan ANCA-da korrupsiya və ABŞ hökumətinin yardımının düzgün idarə edilməməsi ilə bağlı hər hansı araşdırmaya başlamaq üçün yaxşı vaxt ola bilər. Çünki Tramp bu dəfə hökumətin israfçılığından xüsusilə narahatdır. Rusiyanın və ya Rusiya lobbisinin onun administrasiyasının üzvlərinə və ya Trampın özünə yersiz təsir göstərə biləcəyindən narahat olmaq üçün əsas var. Lakin sonda nəticə və dərhal fürsət üstünlük təşkil edəcək. Ukraynadakı müharibəyə gəlincə, çox güman ki, Tramp yardımı dayandırmaqla Ukraynaya təzyiq göstərməyə çalışacaq, lakin bu, heç bir sülhə gətirib çıxarmayacaq. Nəzərə alsaq ki, Kreml keçmiş Prezident Medvedyev vasitəsilə bu məsələdə əvvəlcədən açıq şəkildə bəyan edib - ərazi güzəştlərində deyil, Ukraynanı tamamilə ələ keçirməkdə maraqlıdırlar. Prezident Zelenski ABŞ-a nadir torpaq minerallarını, təbii qazı və ABŞ-ın ehtiyac duyduğu xammalı əldə etmək imkanını təklif edərək Trampla yeni münasibətlərin qapısını açdı. Trampın sevdiyi bir şey varsa, bu, böyük biznesdir! Əslində, Trampın Ukrayna ilə bağlı mövqeyinin ABŞ-ın davamlı dəstəyinin şərtlərini yenidən müzakirə etmək üçün açıq dəvət olduğuna dair yaxşı şans var. Mövcud ritorikadan asılı olmayaraq, Tramp tez anlayacaq ki, təcavüzkarları sakitləşdirmək və müttəfiqlərə xəyanət etmək ABŞ-ın imicini zəiflədir, uzunmüddətli imkanları məhv edir və gələcəkdə nəzarəti xeyli çətinləşdirəcək əlavə təhlükələr yaradır. Qeyd etmək lazımdır ki, Trampı onun düşüncəsinə nüfuz edə bilən və bu məqamları ona xoşladığı dildə çatdıra bilən təcrübəli məsləhətçilər əhatə etməlidir, daha Bayden administrasiyasına tətbiq edilən eyni azadlıq, demokratiya və s. kimi məhfumlarla yox”. Ukrayna Siyasət Fondunun rəhbəri, analitik və tarixçi Konstantin Bondarenko: “Bu gün Trampın seçilməsi fonunda Ukraynadakı müharibənin necə olacağını demək çətindir. Tramp prezidentliyə namizəd kimi müharibəni 24 saat ərzində bitirəcəyini vəd edib. Aydındır ki, bu, söz və seçki vədindən başqa bir şey deyil. Çox şey bir sıra amillərdən asılı olacaq, onların arasında aşağıdakıları qeyd edərdim: - ABŞ ilə Rusiya arasında danışıqların bərpası və onların “strateji təhlükəsizlik”lə bağlı effektivliyi. Çünki Ukraynadakı müharibə bu sahədə balanssızlığın nəticəsi idi; - cəbhədəki vəziyyət (cəbhə dağılarsa və Rusiya Silahlı Qüvvələri geniş hücuma keçərsə, Putin danışıqlarda maraqlı olmayacaq); - Ukrayna tərəfinin danışıqlar prosesinə hazır olması (indiyə qədər ukraynalı siyasətçilər "bütün qanuni ərazilər qaytarılana qədər müharibə" ilə bağlı əvvəlki konsepsiyalara yenidən baxmağa meyl nümayiş etdirmirlər); - hazırkı Ağ Ev administrasiyası tərəfindən Ukrayna üçün vəsaitin ayrılması (nəzəri cəhətdən Bayden sonda Ukraynaya 6 milyard dollar ayıra bilər ki, bu da hərbi əməliyyatları daha altı ay uzada bilər); - ABŞ və onun NATO müttəfiqləri arasında Ukrayna məsələsi ilə bağlı qarşılıqlı anlaşma; - münaqişənin sülh yolu ilə həllinə dair sazişlərin hazırlanması üçün təklif olunacaq konsepsiyaların reallığı; - yeni hakimiyyət konfiqurasiyasında kimin müəyyən sahələrə cavabdeh olacağını başa düşmək (milli təhlükəsizlik müşaviri, dövlət katibi, Pentaqon rəhbəri və CIA rəhbəri). Bu günə kimi nə Ukrayna ilə, nə Rusiya ilə, nə də Avropa dövlətləri ilə razılaşdırılmamış sadəcə hipotetik planlar var, Trampın seçkilərdən əvvəl verdiyi bəyanatlar da var. Ona görə də vəziyyətin ciddi şəkildə həllindən danışmaq hələ tezdir”. Azərbaycanlı politoloq Nəsimi Məmmədli: “Hazırda Azərbaycanla Ermənistan arasında sülh danışıqları vasitəçisiz aparılır. Hələlik sülh sazişi imzalanmasa da, tərəflər arasında konstruktiv dialoq mühiti formalaşıb. Xarici dövlətlərin bu prosesə müdaxiləsi zəifləyib. Münasibətlərdə müsbət dinamikaya nail ounla bilər. 30 ildən artıqdır davam edən münaqişənin tarixinə nəzər salsaq, vasitəçilik prosesinin iflasa uğradığını aydın görərik. ATƏT-in Minsk Qrupu münaqişəni həll edə və yeni müharibənin qarşısını ala bilmədi. Azərbaycan yenə də sülh danışıqlarında vasitəçilərin rolunda maraqlı deyil. Hər iki tərəf ikitərəfli müzakirələrdən razı görünür. Trampın seçki öncəsi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bəzi bəyanatları ABŞ-da yaşayan erməni seçicilərin müsbət rəyini qazanmaq məqsədi daşıyırdı. Düşünmürəm ki, real siyasətin Azərbaycana qarşı gözlənilməz nəticələri olacaq. Əksinə, regionda əməkdaşlığın və sülhün yaranması daha realdır. Trampın prezidentliyi dövründə sülh danışıqlarının müsbət nəticə verəcəyi ehtimalı yüksəkdir”. Geri qayıt |