Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənistan yarımçıq sülh müqaviləsi layihəsini parlamentə çıxarır

Ermənistan yarımçıq sülh müqaviləsi layihəsini parlamentə çıxarır


Bu gün, 10:11
Ermənistan yarımçıq sülh müqaviləsi layihəsini parlamentə çıxarır
Ötən həftə Türkiyədə 3+3 formatında Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan XİN rəhbərlərinin (Gürcüstan xaric) ikinci sammiti baş tutdu. İstanbulda keçirilən zirvə görüşündə, gözlənildiyi kimi, əsas müzakirə mövzularından biri Bakı və İrəvan arasında sülh müqaviləsinin tezləşdirilıməsi ilə bağlı oldu.

Təəssüf ki, Ermənistan yenə sözü ilə əməli uyğun gəlməyən tərəf kimi yadda qaldı. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, nazir Ararat Mirzoyan İstanbulda sülh bəyanatları verdiyi gün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Edvard Asryan ABŞ-da, Pentaqonda amerikalı həmkarı, general Çarlz Braunla görüş keçirirdi. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə tərəflər müdafiə sahəsində Ermənistan-ABŞ əməkdaşlığını müzakirə edib. ABŞ-ın Baş Qərargah rəisi söyləyib ki, ölkəsi Ermənistan Silahlı Qüvvələrinin transformasiyası və islahatlarına dəstəyi davam etdirəcək. Həmçinin birgə tədbirlərin davamlılığı müzakirə edilib.

Belə olan surətdə İrəvanın sülh sənədi ilə bağlı səmimiliyinə necə inanaq? Bu səbəbə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ötən həftə Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində “Ermənistanın sülh prosesindəki mövqeyinə şübhə ilə yanaşırıq” deməkdə tam haqlıdır.

Xəbər verildiyi kimi, o, Ermənistanın Almaniyadakı səfirinin “Azərbaycanla sülh sazişi lap elə gələn birinci gün imzalana bilər” ifadəsini qeyri-real və aldatma xarakterli bir açıqlama kimi dəyərləndirib. Əmirbəyovun sözlərinə görə, hazırkı sülh sazişi layihəsində hələ də ciddi və tam həllini tapmamış problemlər mövcuddur. O, Ermənistanın bu prosesdə beynəlxalq ictimaiyyəti yanıldaraq, konstruktiv addımlar atdığı görüntüsünü yaratmağa çalışdığını vurğulayıb: “Əslində isə Ermənistan prosesin irəliləməsini gecikdirir və sülh danışıqlarını dalana dirəyir. Ən böyük problem də Ermənistanın hələ də öz konstitusiyasında Azərbaycan torpaqlarına qarşı ərazi iddialarını saxlamasıdır”.

Əmirbəyov həmçinin deyib ki, Ermənistanın müttəfiqləri tərəfindən aldığı hərbi və diplomatik dəstək nəticəsində İrəvanın sülhə meylliliyi daha da azalıb.

Prezident İlham Əliyev isə oktyabrın 21-də ABŞ prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edərkən deyib ki, sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarının məhz Azərbaycandır. Dövlət başçısı vurğulayıb ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir.

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu bildirən Prezident İlham Əliyev ölkəmizin prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini vurğuladı.

Bu arada Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Bakı ilə İrəvan arasında sülh sazişi ilə bağlı sənəd bu həftə Ermənistan parlamentinə təqdim ediləcək. Məqsəd nədir? İrəvan yarımçıq sülh sənədi layihəsini ictimailəşdirməklə nəyə nail olmaq istəyir? Bu Bakıya qarşı şantaj deyil ki? Azərbaycan tərəfinin də eyni addımı atması mümkünmü?

Ədalət Partiyasının sədr müavini, siyasi şərhçi Mütəllim Rəhimli “Yeni Müsavat”a bildirdi ki, hazırkı situasiya Ermənistan sülh müqaviləsini imzalamağa tələsdiyi təsirini göstərir, lakin Azərbaycan tərəfi daha təmkinli yanaşır. Bu da başa düşüləndir. Ermənistan əslində yarımçıq sülh sənədi imzalanmasını istəyir. Azərbaycan isə sülh müqaviləsinə gələcəkdə iki ölkə arasında və bütövlükdə regionda normal münasibətlərin yaranması, daimi sülhün, sabitliyin qorunmasının təminatı kimi yanaşır: “Ona görə də Azərbaycan haqlı olaraq hesab edir ki, sülh müqaviləsində ikimənalı fikir, razılaşdırılmayan bənd qalmamalıdır. Bu olmadan Azərbaycan hansısa yarımçıq sənədi parlamentin və ictimaiyyətin müzakirəsinə çıxarmağı məqbul saymır. Ermənistan isə beynəlxalq aləmə özünü sülhsevər ölkə kimi göstərməyə çalışır. Halbuki bu ölkə Azərbaycanın 20 faiz torpaqlarını 30 il müddətində işğal altında saxlayıb. Ermənistanın sülhlə bağlı bu cür tələsik addımları müəyyən şübhələr də yaradır. Belə ki, o gələcəkdə torpaq iddiası və münaqişələr üçün rəsmi dövlət sənədlərində müəyyən əsasları qoruyub saxlamağa və ortada razılaşdırılmamış konfliktli situasiyaların mövcudluğuna çalışır. Təbii ki, sülh müqaviləsinin detalları tam razılaşdırılmalıdır. Bundan sonra ictimaiyyətin müzakirəsinə təqdim olunmalıdır. Xalqımız əmin olmalıdır ki, Ermənistan bir daha müharibə, işğal, ərazi iddiaları kimi ideoloji təbliğat aparmayacaq, hər hansı dövlətin forpostu kimi çıxış etməyəcək. İmzalanacaq sülh müqaviləsi, sadəcə, kağız üzərində bir razılaşma olmamalıdır, hər bir bəndi işlək, məsuliyyət və öhdəlik yaradan canlı sistemə çevrilməlidir. COP29 qabağı Ermənistanın sülh müqaviləsi ilə bağlı təkidli çağırışları onun səmimiliyinə kölgə salır. Çünki bu ölkənin rəhbərliyi hesab edir ki, Azərbaycana beynəlxalq təzyiqi təşkil edərək istəklərinə nail ola bilərlər. Amma bu əbəsdir. Azərbaycan xalqı Qazağın 3 kəndinin geri qaytarılması, Naxçıvanın Kərki kəndinin aqibətinin müəyyənləşdirilməsi, Ermənistandan dədə-baba torpaqlarından qovulan 300 mindən çox insanın taleyinə aydınlıq gətirilməsi kimi praktik məsələlərin həllini görmək istəyir”.
Geri qayıt