Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Yeni Kaledoniya: yanlış qərara kimlər, niyə sevinir?

Yeni Kaledoniya: yanlış qərara kimlər, niyə sevinir?


Dünən, 16:33
Yeni Kaledoniya: yanlış qərara kimlər, niyə sevinir?
Yeni Kaledoniya Azərbaycanın köməyindən imtina edib. Yeni Kaledoniya Konqresinin yeni seçilmiş prezidenti Veilma Faleo Azərbaycanla əməkdaşlıq sazişinin ləğv olunduğunu bəyan edib. Faleodan əvvəl bu postu tutmuş Ro Vamitan dövründə rəsmi Bakı ilə bu sənəd imzalanmışdı. Həm də Azərbaycan tərəfi bu sazişə Milli Məclisin sədri səviyyəsində imza atmışdı Ancaq Yeni Kaledoniyada keçirilmiş referendum bu Fransa müstəmləkəsinin Fransanın tərkibində qalması ilə nəticələnib.
Azərbaycanın Qərbpərəst müxalifəti bu hadisəyə sevinir. Həmin qüvvələrin nəzarəti altında olan media resursları Yeni Kaledoniyanın yeni rəhbərinin Azərbaycanla sazişi ləğv etməsini "bayram edir", üstəlik bu faktı Azərbaycan hakimiyyətinin diplomatik uğursuzluğu kimi tənqid edir, "fiasko" adlandırır. Bu baxımdan, Milli Şura sədri Cəmil Həsənlinin paylaşımı öz kəskinliyi ilə xüsusi diqqət çəkir.

Ancaq burada sevinməli nəsə var?! Yeni Kaledoniyanı Fransa müstəmləkəçiliyinə qarşı Azərbaycan qaldırmamışdı ki! Kanak xalqı öz azadlığı urunda mübarizəyə qalxmışdı. Fransa işğal rejiminin cəza dəstələri ilə toqquşmalarda 13 nəfər həlak oldu, xeyli yaralanan var. Xeyli fəal da həbs olunub. Yeni Kaledoniyada Fransa müstəmləkə rejimi repressiya keçirir. Fransanın yeni xarici ərazilər naziri Yeni Kaledoniyaya səfər edib, yerli hakimiyyət və ictimai hərəkat təmsilçilərinə təzyiqlər göstərib. Ardından bu qərar ortaya çıxıb. Yeni Kaledoniyadakı referendum da məhz Fransa təhlükəsizlik qüvvələrinin silahlarının kölgəsində keçirilib. Yerli hakimiyyət orqanlarından müstəqillik tərəfdarları çıxarılıb, qovulub.

Azərbaycanın Qərbpərəst müxalifəti buna sevinir?! Yəni kanaklar üzərində müstəmləkə rejiminin davamını, istiqlalçı kanak siyasi fəallarının qətlinə, həbsinə sevinir.

Axı, Azərbaycan da Sovet müstəmləkəçiliyindən xilas olma yolunda eyni məhrumiyyətləri yaşayıb. Çoxlu qurbanlar verib. Şəhidlər Xiyabanı buna əyani sübutdur. Müstəqillik uğrunda mübarizəni məğlubiyyətə uğratmaq istəyən Moskva Bakıya qoşun yeridərək xalqı qanına qəltan eləmişdi. Eynisini Yeni Kaledoniyada Fransa edir. Necə olur, Moskva bunu eləyəndə pisdir, Paris eləyəndə yaxşıdır?! Belə çıxır ki, bəzi siyasətçilər üçün "yaxşı işğalçı-pis işğalçı", "yaxşı müstəmkəkəçi-pis müstəmləkəçi" bölgüsü var. Yaxud müstəmləkəçilik bizə qarşı olanda pisdir, başqaları özləri bilər?! Mirzə Ələkbər Sabir demişkən: "Mən salim olum, cümlə cahan batsa da, batsın". Budurmu yəni?

Professor Cəmil Həsənli yazıb: "Yeni Kaledoniyanın Fransanın xüsusi inzibati ərazisi statusunda qalıb-qalmaması onların öz işidir. Hər halda bu məsələ ilə bağlı keçirilən son referendumda əhalinin mütləq çoxluğu Fransa ilə birlikdə qalmağa səs verib".

Əlbəttə, müstəmləkə rejimindən qurtulub-qurtulmamaq hər xalqın öz iradəsinə bağlı məsələdir. Buna heç kimin şübhəsi yoxdur. Ancaq eyni zamanda başqa bir gerçək də var: bütün dünyada, məsələn, terrorizmə qarşı mübarizə hər xalqın və hər ölkənin öz işi olmadığı kimi, neokolonializmə qarşı mübarizə də təkcə hər xalqın öz işi deyil. Bu davada dünya müstəmləkəçilikdən xilas olmaq istəyəni dəstəkləməlidir, elə deyilmi?! Biz də millət olaraq, Meydan hərəkatımıza görə Avropa bizi "ilin xalqı" adlandıranda sevinmişdik. Biz də millət olaraq Sovet İttifaqından müstəqil olmağa qalxanda və 1990-cı il yanvarın 20-də Sovet-rus qoşunları Bakıda, bölgələrdə qırğın törədəndə dünyadan kömək gözləmişdik, istəmişdik. Amma həmin Avropa, həmin Fransa "ilin xalqı"na köməyə gəlmədi.

Bəli, biz də öz haqlı davamıza dünyadan ən azı mənəvi dəstək gözləmişdik. Eynilə bu gün kanakların gözlədiyi kimi...

Azərbaycan hakimiyyəti biganə qalmayıb, kanaklara bu köməyi edib. Az edib, ya çox. Bu, başqa məsələdir. Əlində olan imkanlar daxilində edib. Amma müxalifət nümayəndəsi durub deyir ki, kömək etmək lazım deyildi, bu, kanakların öz işidir və sair. Bunu da Yeni Kaledoniyada keçirilən referendumla əsaslandırır. Ona qalsa, 1991-ci ilin 17 mart referendumunda Azərbaycan xalqı guya SSRİ-nin saxlanmasına "səs vermişdi", həmin ilin dekabrın 29-da keçirilmiş referendumda həqiqətən müstəqilliyə səs verdi. Sovet işğalı şəraitində, təbii ki, 17 mart referendumu saxtalaşdırılmışdı. Fransa rejimi də eynilə Yeni Kaledoniyada repressiya şəraitində, qorxu altında referendum keçirib, öz istədiyi nəticəni elan edib. Buna istinad edərək: "Kanak xalqı öz seçimini edib" deyəkmi?!

Fransanın Yeni Kaledoniyada törətdiyi qəddarlığa görə... Azərbaycanı günahlandırmaq?! Buna necə ad vermək olar?

Hər şey bir yana, Fransa ATƏT-in keçmiş Minsk Qrupunun üzvü kimi Ermənistanın Azərbaycan torpaqlarındakı işğalını uzadıb saxlamağa və legitimləşdirməyə çalışdı. Bu gün də bütün gücü və imkanları ilə Ermənistanı dəstəkləyir; silahlandırır, Azərbaycana qarşı revanşist müharibəyə hazırlayır, Qarabağdan erməni əhalinin könüllü köçünü "etnik təmizləmə" kimi qələmə verir, "Avropa İttifaqının Müşahidə Missiyası" pərdəsi altında sərhədlərimizdə təxribatçı "binokl diplomatiyası" aparan əsas dövlətlərdən biridir. Qarabağda separatçı-terrorçu rejimin əli qanlı başçılarını "siyasi məhbus" və "hərbi əsir" adlandırır, azad olunmalarını tələb edir, bunun qarşılığında biz kanak xalqının haqlı azadlıq davasına dəstək vermişik, çoxdurmu?!

Hakimiyyətə qarşı müxalifətçilik onun bütün qərarlarını, addımlarını ağına-bozuna baxmadan qaralamaq demək deyil. Müxalifətçilik "babam mənə kor deyib, gələni-gedəni vur deyib" prinsipi ilə hərəkət etmək deyil. Fransa neokolonializmi əleyhinə Azərbaycanın Yeni Kaledoniyaya dəstək verməsi, təkcə beynəlxalq ədalət məsələsi deyil, həm də milli maraqlar məsələsidir. Üstəlik, vicdan məsələsidir. Yeni Kaledoniyanın Fransadan təyin olunmuş yeni rəhbəri bu mənəvi-siyasi yardımdan imtina edirsə, bu da artıq onun vicdanına qalıb. Ona qalsa, bizim tariximizdə də Çingiz İldırım, Qəzənfər Musabəyov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov nümunələri var...

Bahəddin Həzi, Bizimyol.info

Geri qayıt