Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İrəvana təlimat gəldi: “Bakı ilə razılaşma, gələcəkdə...”

İrəvana təlimat gəldi: “Bakı ilə razılaşma, gələcəkdə...”


Bu gün, 09:41
İrəvana təlimat gəldi: “Bakı ilə razılaşma, gələcəkdə...”
Politoloq Zərdüşt Əlizadə Ermənistan-Azərbaycan sülh prosesi ətrafındakı son gəlişmələrlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Prezidenti Vaaqn Xaçaturyan iddia edir ki, sülh müqaviləsi qarşıdakı həftələrdə, yəni Bakıda keçiriləcək COP29-a qədər imzalana bilər. Belə bir zəmin varmı?

- Yoxdur. Ermənilər öz qıt ağılları ilə Azərbaycana kələk gəlmək istəyirlər. Müharibə qurtarıb, nəticələri də bəllidir. Amma ABŞ Qarabağ kimi çox əlverişli bir alətin əldən çıxmasını istəmir, çalışır ki, bu “məsələ”ni yenidən qabardıb gələcəkdə Azərbaycana qarşı təzyiq kimi istifadə edə bilsin.

Azərbaycan da baş verənləri çox gözəl anlayır, buna görə də gələcəkdə buna yol verilməməsi üçün Ermənistana təklif edir ki, sən mən çox pislik eləmisən və ziyan vurmusan, amma gəl, sülh müqaviləsi imzalayaq. Sülh üçün də şərt var, bu şərt sənin üçün itki deyil.

Azərbaycanın iki şərti var. İlk növbədə Ermənistana deyir ki, gəl ATƏT-ə müraciət edək, birlikdə ona deyək ki, çox sağ ol, vurnuxdun, amma alınmadı, məsələni özümüz həll elədik, Qarabağ məsələsi həll olunduğuna görə “Dağlıq Qarabağın statusu”nun müəyyən olunması üçün nəzərdə tutulmuş Minsk qrupu buraxılsın. Bunun anlamı odur ki, bütün beynəlxalq təşkilatlara, eləcə də BMT-yə münaqişənin həllini tapdığı bildirilir. Ermənistan bununla razı deyil. Bunun tərcüməsi odur ki, gələcəkdə bu “məsələ”ni bir də qabartmaq istəyirlər.

Digər yandan, Ermənistana deyirik ki, sülh istəyirsənsə, konstitusiyadan Müstəqillik Bəyannaməsinə istinadı götür. Çünki böyük qələt edib, beynəlxalq hüququ pozub o bəyannamədə yazmısınız ki, “Dağlıq Qarabağla Ermənistan birləşir”.

Amma sona SSRİ-ni Ali Sovetinin Rəyasət Heyəti sizin bu bəyannamədəki “müddəa”nı ləğv elədi. Bunun konkret tarixi də var. Əvvəla SSRİ Konstitusiyasında “Dağlıq Qarabağın Milli Şurası” adlı bir qurum yoxdur. İkincisi, bir respublika digər respublikanın ərazisinə iddia irəli sürə və ona ilhaq edə bilməz. Bu, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarıdır. Qanunsuz qərarı siz öz konstitusiyanıza salımısınız və elan edirsiniz ki, “tarixi ədalətin bərpası naminə Dağlıq Qarabağla Ermənistan birləşir”.

Siz vaxtilə belə bir qələti eləmisiniz, indi bu istinadı konstitusiyanızdan çıxarın. Çıxarmırlar. Yaxşı, biz də sülh müqaviləsini 2027-ci ildən sonra imzalayarıq. Sülh müqaviləsinin bağlanmaması o deməkdir ki, bu olanadək Ermənistanın Türkiyə ilə münasibətləri normallaşmayacaq, sərhədlər açılmayacaq və yarımblokada vəziyyətində qalacaq.

Siz gələcəkdə bölgəni qarışdırmaq üçün Amerikanın çömçəsi, yoxsa qonşuları ilə normal, mehriban yaşayan bir dövlət olmaq istəyirsiniz? Erməni xalqı nə vaxta qədər nöqsanlara yol verəcək, özünü dünyadan məhrum edəcək? Yenə də sülh yox, bunu istəyirlər. Müqavilənin 16 bəndindən 13-ü razılaşdırılıb, qayıdırlar ki, 3-nü kənara qoyaq, 16-sını imzalayaq. Niyə?

Biz Ermənistanın kələyinə getməyəcəyik. Ermənistan Qarabağa iddiasının olmadığını göstərən müvafiq addımları atmayanadək biz də sülh müqaviləsini imzalamayacağıq. Sülh müqaviləsi bizim nəyimizə lazımdır – təhlükəsizliyimiz üçün? Azərbaycan təhlükəsizlikdədir.

Ermənistan Fransa və Hindistandan top-tüfəng alır. Azərbaycan ordusunun qüdrətinə malik olması üçün Ermənistana azı 10 il vaxt lazımdır. Bu müddətdə Ermənistan Azərbaycanla müharibə apara bilməz. Biz də 10 il ərzində yamayacağıq, pulumuz da, adamlarımız da var, ordumuzu daha da inkişaf etdirəcəyik. Onlar gücləndikcə, biz onlardan 2-3 dəfə güclü olacağıq.

Sülh müqaviləsi lazımdır ki, bütün bunlara son qoyaq. Bizə gələcəkdə problemlər üçün Amerikanın bəhanələri lazım deyil. Buna görə də, Prezident İlham Əliyev sonuncu dəfə çox kəskin çıxış elədi, Amerika konqresmenləri və Dövlət Departamentinə bildirdi ki, sizin oyununuz mənim üçün aydındır. Yəni siz bu oyunla bizə kələk gələ bilməzsiniz.

Ermənilər təzədən forpost, alət olmaq istəyirlər. Yenə başlayıblar ki, ermənilər Qarabağa qayıtmaq istəyirlər. Biz də deyirik ki, qayıtmaq istəyirlərsə, qayıtsınlar, onda azərbaycanlılar da Zəngəzura qayıtsınlar. Özü də qərbi azərbaycanlılar əvvəldən deyiblər ki, Ermənistanın qanunları ilə yaşamağa və onun pasportlarını qəbul etməyə hazırdırlar. Amma Qarabağ erməniləri bunu demirlər, iddia edirlər ki, “bizə hansısa müstəsna və xüsusi status verin, bizə zamninlər lazımdır”. Boş söhbətdir. Onlar üçün ən böyük zamin Azərbaycan qanunları çərçivəsində nümunəvi vətəndaşlar olmaqdır. Başqa heç nə ola bilməz.

- ABŞ-ın cəhdlərinə diqqət çəkdiniz, bu səylər hansı nəticələr doğura bilər?

- ABŞ qlobal dövlətdir və bütün dünyada maraqları var. Bəzi hallarda maraqlarını iqtisadi yollarla həyata keçirir. Kasıb ölkələrə borc pul verir, yardım göstərir, varlı ölkələrə isə hansısa çömçə vasitəsilə müdaxilə edir. İndi Amerika istəyir ki, Ermənistan və Qarabağ erməniləri çömçə olsun. Bu çömçə ilə bölgəni qarışdırmaq istəyirlər.

- Bütün baş verənləri nəzərə alaraq demək olarmı ki, proses dalana dirənib və belə bir dirənmə özündə hansı riskləri daşıyır?

- Azərbaycan üçün heç bir riski yoxdur. Ermənistanla o riski var ki, Türkiyə ilə sərhədləri açılmır. Çox çalışır və vurnuxurlar ki, Türkiyənin xarici siyasətinə təsir eləsinlər. Qərbin vasitəsilə və özləri yaltaqlanmaqla çalışırlar ki, Türkiyə Azərbaycandan əl çəkib Ermənistanla sərhədləri açsın.

Türkiyənin xarici siyasət tərəzisi var: bir gözündə Azərbaycan, digərində Ermənistan durub. Türkiyə üçün hansı ağır gəlir? Əlbəttə, Türkiyə üçün Azərbaycan daha vacibdir. Türkiyənin gələcək planları Azərbaycanla bağlıdır. Türk Dövlətləri Təşkilatı Azərbaycan olmadan olmaz. Türkiyənin Şərqə yolu Azərbaycandan keçir. Ermənistan Türkiyəyə nə verə bilər? Heç nə.

Ermənistan hətta Türkiyəyə qarşı ərazi iddiasından əl çəkmir. Ermənistanda “qərbi ermənistan hökuməti” və bununla bağlı saxta qurumlar, eləcə də telekanal var. Bunlar Türkiyəyə qarşı ərazi iddiasını ehtiva edir. Ermənilər belə “işlər”lə məşğuldurlar, amma qayıdırlar ki, sərhədi açaq, “mehriban qonşu” olaq. Sən belə absurd iddialarından əl çəkməlisən. Sən həm də görürsən ki, Türkiyə Azərbaycanı daha vacib tərəfdaş, müttəfiq sayır.

Başqa sözlə, Ermənistanın itirə biləcəyi çox şey var. Biz Ermənistan və heç kimdən asılı deyilik.

- Ermənistan daxilində siyasi gərginlik hökm sürür. Baş nazir Nikol Paşinyanı devirmək istəyən dini-siyasi qüvvələr yenidən aksiyalara başlayıblar. Həmin qüvvələr də sülh istəmədiklərini açıq şəkildə bəyan ediblər. Bu prosesin yekununu necə görürsünüz?

- Erməni xalqı uğursuz qərar qəbul etməkdə “dünya çempionu”dur. Yəni bu xalq qonşu Azərbaycanla mehriban yaşayıb böyük gəlirlər əldə edə, əmin-amanlıq və təhlükəsizliyə nail ola bilərdilər. Bunun yerinə düşmənçiliyi seçdilər, Rusiyanın köməyi ilə ərazilərimizi işğal elədilər. O illər də Azərbaycan sülh və həll yollarını təklif eləmişdi, amma yenə də razılaşmamışdılar. Deyirdilər ki, “biz qalib gəlmişik, məğlubiyyətinizi etiraf eləyin”.

Azərbaycan hər dəfə həll imkanları yaradanda razılaşmırdılar. Belə davam etdilər, sonda ağır məğlub oldular. Yenə də Azərbaycan mədəni şəkildə dedi ki, mənim bütövlüyümü tanımısansa, qoşunlarını ərazimdən çıxar. Amma çıxarmadılar, nəticədə Azərbaycan ordusu 24 sutkadan da az bir vaxtda bütün erməni qoşunlarını darmadağın elədi.

Sonda da hərbçiləri paltarlarını soyunub ya yandırdılar, ya da basdırdılar, mülki geyimdə camaata qoşulub aradan çıxdılar. Bunu istəyirdiniz?

Biz həmişə sizin də, bizim də ləyaqətimizi qoruyan variantlar təklif edirdik, niyə razılaşmırdınız? Səfeh qərarlar qəbul eləmək üzrə “dünya çempionu”durlar. Yenə də onlara deyirik ki, münaqişə qurtarıb, Qarabağda erməni yoxdur, indi onları qaytarmaq istəyirsinizsə, azərbaycanlıları da Qərbi Azərbaycana qaytarın, istəmərsinizsə, sizinki sizdə, bizimki də bizdə. Qurtaraq da.

Deyirlər ki, “yox, indi də Amerikanın forpostu olmaq istəyirik, Amerika bizə bildirir ki, razılaşma, gələcəkdə Qarabağ məsələsini yenə qaldırıb Azərbaycanı şantaj etməyə və ondan nəsə qoparmağa çalışarıq”. Əvvəl Rusiyanın forpostu idilər, bu gün də Amerikanın olmaq istəyirlər, yəni deyirlər ki, “biz müstəqil dövlət kimi yaşamağı bacarmırıq”.

Geri qayıt