Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Müdafiə nazirinin müavinlərinin sayı niyə AZALDILDI?

Müdafiə nazirinin müavinlərinin sayı niyə AZALDILDI?


Bu gün, 09:15
Müdafiə nazirinin müavinlərinin sayı niyə AZALDILDI?
Son günlər Müdafiə Nazirliyində ciddi kadr dəyişiklikləri diqqət mərkəzindədir. Əslində bu dəyişikliklər Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı Kərəm Mustafayevin işdən çıxarılması ilə başlayıb. Yada salaq ki, Əlahiddə Ümumqoşun Ordunun komandanı Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov təyin edilib. K.Seyidov İkinci Qarabağ müharibəsi zamanı Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri komandanının birinci müavini - qərargah rəisi olub.

Bu həftə isə 2-ci ordu korpusunun komandiri general-leytenant Mais Bərxudarov vəzifəsindən azad edilərək sərəncama götürülüb. General-mayor Vilayət Quliyev 2-ci ordu korpusuna komandir təyin olunub. General-mayor Vilayət Quliyev Şuşanın azad edilməsində də iştirak edən zabitlərdəndir. Vətən müharibəsinin gedişində ayağından qəlpə yarası alsa da, qısa müddət sonra döyüşlərə qayıdıb. Füzuli, Cəbrayıl, Hadrut və bir çox istiqamətlərdə yaşayış məntəqələrinin işğaldan azad edilməsində iştirak edib.

V.Quliyev şücaətlərinə görə Prezidentin sərəncamı ilə “Rəşadət” ordenilə təltif edilib. Ona bu ilin iyununda general-mayor ali hərbi rütbəsi verilib.

Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə isə iki gün əvvəl müdafiə nazirinin müavini təyin olunub.Təyinatla bağlı İlham Əliyev müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, Namiq İslamzadəyə bu ilin iyun ayında general-leytenant rütbəsi verilib. O, bir müddət əvvəl Hərbi Hava Qüvvələrinə müvəqqəti komandan təyin edilmişdi.

Namiq İslamzadə Bakı Ali Hərbi Birləşmiş Komandanlıq məktəbində təhsil alıb. 1992-ci ilin sentyabr ayında təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının Ali Hərbi Təyyarəçilik Məktəbinə göndərilib və 1996-cı ildə həmin məktəbdən təyyarəçi ixtisası üzrə məzun olub.

2019-21-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələri komandanın aviasiya üzrə müavini - aviasiya rəisi vəzifəsində xidmət edib və 2021-ci ilin sentyabr ayında Hərbi Hava Qüvvələri komandanının müavini - hava döyüş komandiri vəzifəsinə təyin olunub. 2024-cü il may ayının 18-dən etibarən Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub. N.İslamzadə Vətən Müharibəsi Qəhrəmanıdır.

Qeyd edək ki, bir müddət əvvələdək Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı da müdafiə nazirinin müavini statusunda idi. Amma K.Mustafayevin işdən çıxarılmasından sonra nazirliyin strukturunda dəyişiklik edildi və Əlahiddə Ümumqoşun Ordunun komandanı müdafiə nazirinin müavini statusunu itirdi.

Yada salaq ki, nazirin birinci müavini Baş Qərargah rəisi general-polkovnik Kərəm Vəliyevdir. Daha bir müavini Quru Qoşunları Komandanı general-leytenant Hikmət Mirzəyevdir. Son sərəncamdan da göründüyü kimi, Hərbi Hava Qüvvələri Komandanı da nazir müavini statusundadır. Nəhayət, müdafiə nazirinin daha bir müavini və baş direktor Aqil Qurbanovdur.

Ekspertlərə görə, Müdafiə Nazirliyinin struktur bölməsində edilən dəyişiklik mühüm əhəmiyyətə malikdir. Azərbaycan Ordusu da uzun müddətdir yeni iş mexanizminə keçib. Bu zaman Türkiyə Müdafiə Nazirliyinin təcrübəsi əsas götürülüb. O da bildirilir ki, təkcə Müdafiə Nazirliyində deyil, daha aşağı strukturlarda, hərbi hissələr, briqadalar, korpuslar, ali hərbi təhsil ocaqlarında da bu cür struktur dəyişiklikləri gözləniləndir. Bu dəyişikliklər NATO sisteminə yaxınlaşmaq baxımından da önəmlidir. Çünki atılan bu addımlar, idarəetmə sisteminin təkmilləşməsi ordumuzun döyüş qabiliyyətinin artmasına ciddi təkan verəcək.

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, həyata keçirilən dəyişikliklər, islahatlar ordumuzun NATO-Türkiyə ordusu modelinə keçidi üçündür. Bu proses çoxdan başlayıb. Görünən budur ki, tez bir zamanda son günlər atılan addımlar prosesin sürətləndirilməsi məqsədi daşıyır. Struktur dəyişikliklərində komando hərbi hissələrinin yaradılması həyata keçirilib. Buna uyğun komplektləşdirilmə baş verdi. Müdafiə nazirinin müavinlərinin sayının azaldılması da bu dəyişikliklərin tələbi idi: “O qədər də çoxsaylı ştatın saxlanması uyğun sayılmazdı. Türkiyə ordu modelində bütün vəzifəli şəxslərin tutduğu vəzifəsindən asılı olmayaraq, 4 ildən bir yerdəyişmələri həyata keçirilir. Vəzifəsindən asılı olmayaraq, zabit bir hərbi hissədə qulluq edir bir vəzifə tutursa bilir ki, 4 il sonra onu hansı vəzifə gözləyir, harada xidmətini davam etdirəcək. Azərbaycan Ordusu Türkiyə ordu sistemində keçirsə, bizdə də bu qayda tətbiq olunmalıdır və son təyinatlar ola bilsin, bununla bağlıdır. Son günlər üç ordu korpusunun komandirlərinin sərəncama götürülməsi ictimaiyyətdə rezonans yaradıb. Lakin hesab edirəm ki, burada ajiotaja ehtiyac yoxdur. Qeyd etdiyimiz məsələlər bu dəyişiklikləri zəruri edir. Türkiyədə generalların vəzifələrinin dəyişdirilməsi, sərəncama götürülməsi, başqa yerə keçirilməsi adi qarşılanır. Bizdə də tədricən belə olacaq”.

Polkovnik qeyd etdi ki, Türkiyə ordu modelində bir zabit vəzifəni 4 ildən artıq daşıya bilməz. Azərbaycanda da bu qayda tətbiq olunacaq: “Türkiyə ordu modelində Birinci ordunun komandanı bilir ki, gələcəkdəki vəzifəsi nə olacaq. İkinci ordunun komandanı da bilir ki, gələcəkdə haraya komandan gedəcək. Eləcə də digərləri. Azərbaycanda bu sistem tam formalaşmadığına görə ictimaiyyət arasında bir az anlaşılmazlıq yaranır. Hər hansı bir vəzifəli şəxsi bir yerdən başqa yerə təyin edirlərsə, yaxud sərəncama verirlərsə, onun haqqında mütləq mənfi rəy vermək olmaz. İslahatlar gedir. Ola bilər ki, yeni yanaşmaya o şəxslərin uyğunsuzluğu ola bilər və ona görə də sərəncama çıxarılırlar. Onların başqa vəzifələrə keçirilməsini də normal qəbul edirəm. Baş verənləri təbii qəbul etmək lazımdır. Ştat strukturunun dəyişdirilməsi tək şəxsi heyətin ştatla təmin olunması deyil. Burada ştata uyğun müəyyən texnikaların əldə edilməsi vacib amillərdən biridir. Yeni struktur ştatına uyğun silahlar alınmalıdır, həmin silahlar təlimlərdə istifadə olunmalıdır. Gələcəkdə Türkiyə ordu modelinin tam olaraq tətbiq edilməsi ordumuzu tamamilə yeni səviyyəyə yüksəltmiş olacaq. Bu sistemə keçidlə bağlı döyüş qabiliyyətinin yüksək səviyyəyə qalxmasına şübhə ola bilməz. Aşağıdan yuxarıya qədər vəzifəli şəxslərin konkret vəzifələri göstərildiyi kimi, yeni sistem nizamnamədə də dəyişikliyi zəruri edir. Hərbi xidmətkeçmə haqqında qanunda dəyişikliklər olmalıdır”.

Geri qayıt