Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənistan, əslində, Qərbdə Rusiyanın agenti rolundadır

Ermənistan, əslində, Qərbdə Rusiyanın agenti rolundadır


Bu gün, 08:45
Ermənistan, əslində, Qərbdə Rusiyanın agenti rolundadır
İrəvan-Moskva arasında müşahidə olunan gərginliyə rəğmən, Rusiya-Ermənistan əlaqələrinin hələ də kifayət qədər yüksək olduğu deyilir, xüsusən iqtisadi əməkdaşlıq və digər məqamlar qabardılır. Bu da ondan xəbər verir ki, İrəvan hakimiyyəti iddia etdiyi kimi tamamilə Qərbə inteqrasiya yolu tutmayıb. Erməni politoloq Vigen Akopyan isə deyib ki, Ermənistanın nə Qərbə inteqrasiya ilə bağlı, nə də Rusiya asılılığından qurtulmaq üçün ciddi planları var. Onun sözlərinə görə, Qərblə münasibətlər formal bəyanatlardan o yana keçmir: "Rusiya da, Qərb də anlayır ki, bu yöndə konkret addımlar nəzərdə tutulmur. İrəvan KTMT-dən danışır, amma buradan da çıxmır. Ruslar açıq deyirlər ki, Ermənistan KTMT-dən çıxsa, Avrasiya İqtisadi Birliyindən də çıxacaq. Bu isə o deməkdir ki, bir neçə saata ölkəmizin iqtisadiyyatı dayanacaq. Qərbə inteqrasiyadan danışırlar, amma bundan artığını edə bilməzlər. Hamı bilir ki, bu, heç bir real addımları ehtiva etməyən bir şeydir”. Akopyana görə, nə Qərb, nə də Rusiya Ermənistanı ciddiyə alır: “Hamı anlayır ki, ortada ciddi plan yoxdur. Qərb pul vermir, Rusiya da çox şeyə fikir vermir. Nikol Paşinyanın özü də başa düşür ki, Qərbin onunla bağlı nə uzunmüddətli planları var, nə də bunu inkişaf etdirmək istəyir, Rusiya da çoxdan Paşinyandan qurtulmaq üçün əlverişli fürsət və resurs gözləyir”. Politoloq iddia edib ki, İran-İsrail gərginliyi Cənubi Qafqaza sıçrasa, bundan ən çox əziyyət çəkən Ermənistan olacaq: "Ermənistan sözün əsl mənasında “qapısız ev”ə dönəcək, istəyən gəlib girəcək. Bütün Ermənistan münaqişəli və maraqlı tərəflər üçün nəzarətsiz dəhlizə çevriləcək". Rusiyalı politoloq Maksim Şevçenko da deyib ki, Ermənistan Rusiya üçün əvəzolunmaz strateji tərəfdaş deyil. Onun fikrincə, Rusiyanın Ermənistan ərazisində hərbi bazasını saxlamasının heç bir mənası yoxdur: “Oradakı hərbi baza Rusiyaya qətiyyən lazım deyil. O, yalnız problemlər yaradır və hər hansı bir təsirə malik olmağa imkan vermir”. Politoloq bunu Rusiya Federasiyasının region ölkələri ilə normal münasibətlər qurması ilə izah edərək, Moskva ilə Bakı arasında münasibətlərin xüsusi rolunu vurğulayıb: "Bizim Azərbaycanla iki prezident arasında şəxsi və hərtərəfli dialoqa əsaslanan əla münasibətlərimiz var". Şevçenko bildirib ki, o, Ermənistanın qonşu dövlətlərlə münasibətlərin qurulması kontekstində Rusiya üçün rolunun nədən ibarət olduğunu başa düşmür: “Ermənistan ərazisindən heç bir marşrut keçmir, ona görə də mən Ermənistanın Rusiya üçün hansı strateji əhəmiyyətindən söhbət getdiyini anlamıram. Ermənistan özünü hamının ona borclu olduğu bədbəxt kimi qələmə verməməli və regionda hamı ilə yola getməyi öyrənməlidir".
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a deyib ki, Ermənistan heç zaman müstəqil siyasət aparmayıb. Analitik vurğulayıb ki, Ermənistan hər zaman Qərbin və Rusiyanın arasında futbol topu rolunda olub:

"İndi də Qərb və Rusiya qarşıdurmasında Ermənistandan həm Rusiya, həm də Qərb istifadə edir. Bu qarşıdurmada Ermənistandan da Azərbaycana qarşı hər iki tərəf təsir vasitəsi kimi istifadə etməyə çalışır. Bəzən təəccüblü və anlaşılmaz görünür. Ermənistan necə olur ki, həm Rusiya, həm də Qərblə çalışır. Amma unutmaq lazım deyil ki, Ermənistanın dövlət kimi yaradılma səbəbi regionda həm Qərbin, həm də Rusiyanın xeyrinə təxribatlar yaratmaq, torpaq iddiası etməkdir. Eyni zamanda Qərb və Rusiyanın Ermənistanı atmaması onların xristian təəssübkeşliyindən irəli gəlir. Bu məqamı da qəribliyə salmaq lazım deyil".
Həmsöhbətimizin qənaətincə, Ermənistanın özünü Rusiyadan uzaqlaşmış kimi göstərməsi müvəqqətidir: "Hazırda Rusiyanın özünün bir çox problemləri var. Paşinyan hökumətini özünü guya Rusiyadan uzaqlaşmış kimi göstərərək Qərbdən istifadə etməyə təhrik edirlər. Ermənistan, əslində, Qərbdə Rusiyanın agenti rolundadır. Lap Paşinyan səmimi olaraq da Qərbə yönəlmiş olsa belə, Rusiya bilir ki, onun hakimiyyəti də ömürlük deyil və ondan sonrakı dövr üçün Rusiyanın kadrları var. İstənilən vaxt ölkəni qarışdıra və Paşinyanı devirə bilər. Amma hazırda Paşinyan Rusiyaya sərf edir. Nə Qərb, nə də Rusiya Azərbaycanla Ermənistan arasında davamlı sülhün olmasını istəyir. Bu təsirin nəticəsidir ki, erməni rəsmilər görüşdən çəkinir. Kənar təsirlər, onlara verilən vədlər, revanşizmə həvəsləndirmələr onları yolundan saxlayır. Fransa və Hindistan vasitəsilə Ermənistanı silahlandırırlar. Qərb-Rusiya qarşıdurmasında Ermənistan hər iki tərəfin də maraqlarına xidmət edir".

Geri qayıt