Dünyada və regionumuzda hadisələrin gedişatından görünür ki, 2025-ci ildə qarşıdurmalar, eskalasiyalar artacaq. Xüsusən Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmaması fonunda bu, narahatlıq yaradır.
Yeni müharibə və ya lokal hərbi toqquşma riski qalırmı?
Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, 2025-ci ildə Yaxın Şərq, Avropadakı münaqişələr, onların inkişafı və ya məhdudlaşdırılması daha çox Donald Tramp administrasiyasının izləyəcəyi siyasətdən asılı olacaq:
“ABŞ-ın xarici siyasət istiqamətləri əvvəlki administrasiyaların dövründəki ilə oxşar cəhətləri yenidən bölüşəcək, hərçənd ki, Trampın supergüc iddialarının forması dəyişə bilər.
Rusiyanın əsasən Yaxın Şərqdə güc izlərini itirməsi vüsət alacaq, lakin Moskva Ukrayna ilə əlaqədar maksimalist maraqlarına çatmaqdan ötrü bütün seçim imkanlarını nəzərdən keçirəcək.
Çinin geosiyasi səyləri onun Tayvanı güc yolu ilə birləşdirmək konturlarının müəyyənləşməsini şərtləndirir, ehtimal ki, 2025-ci ildə Pekin müdaxilə üçün canlandırıcı düsturlarını dünya ictimaiyyətinə bəyan edəcək.
Bunlara baxmayaraq Rusiya, ABŞ və Çin yeni dünya düzəninin qurulması üçün planlaşdırma səylərini şərikli bölgü əsasında danışıqlar masasında müzakirə predmetinə çevirəcəklər. Nüfuz bölgüsünün paylanmasında razılıqların əldə edilməsi ehtimalları azdır, çünki bütün güclər bir-birlərini qarşılıqlı olaraq bəd niyyətdə suçlayırlar”.
Ekspert deyib ki, Türkiyə Suriyanın açarını əlində saxlayacaq, böyük ehtimalla PKK-nın yaratdığı təhlükələrə qarşı oyun arealını genişləndirəcək və Yaxın Şərqdə istiqamət götürəcək tendensiyalara təsir imkanlarını böyüdəcək:
“Türkiyənin bu manevrlərinə qarşı onu daxildə amansız həlledici nəticələrə məruz qoymaq səyləri arta bilər – bunu müəyyənləşdirmək üçün PKK kartının kimin əlində ən güclü kart olduğuna baxmaq lazımdır.
Bununla belə, Türkiyə regional və beynəlxalq oyunçular arasındakı danışıqlar masası ətrafında real güc kimi təmsilçiliyini genişləndirən sistem quracaq.
Suriya üzrə təhlükəli elementlərin canlanması ehtimalından danışarkən İŞİD-in səhnəyə çıxacağı proqnozunu irəli sürməyə əsas yaranır.
Çünki hazırda İŞİD-in Suriya səhralarında Bəşər Əsəd rejimindən, Rusiya və İran ehtiyatlarından ələ keçirdiyi silahlarla qüvvələrini təchiz etməyə cəhd göstərdiyinə dair iddialar mövcuddur.
Ukraynaya gəlincə, o, getdikcə dünya güclərinin amansız proksi müharibə meydanı olacaq və güman ki, Çin də müharibədə ambisiyalarını artıran həmlələr ortaya qoyacaq. Bunların fonunda Ukraynanın ərazi uduşları əldə etməsi çətin görünür”.
Aqşin Kərimov deyib ki, Ukrayna ilə bağlı ABŞ və Rusiya arasında güc səlahiyyətlərinin bölüşdürülməsi istiqamətində razılıq əldə olunsa belə, tərəflər güclərini daha həssas bir bölgədə – Balkan regionunda sınamaq üçün gizli qərarlar verə bilərlər:
“İranla İsrailin münaqişə kontekstinə təsir göstərəcək faktorlardan biri ABŞ ilə Tehran arasında aparılacaq nüvə danışıqları olacaq. İranın İsrailə qarşı həmlələri zəifləyəcək və böyük ehtimalla Tehran Yaxın Şərqdə üzləşdiyi mövqe itkisini Ukraynada, Cənubi Qafqazda proksi qruplar yaratmaq səyləri ilə tarazlaşdırmaq istəyəcək.
Bütün bu proseslərin yaratdığı təsirlər Azərbaycan-Ermənistan münasibətlərini regional və beynəlxalq nizam əsasında təyin edən genişölçülü müstəvi olacaq.
Ermənistanın hərbiləşdirilmiş indeksini yuxarı qaldıracağı, gizli fəaliyyət qruplarını – əsasən Fransa mərkəzli – regionda aktiv vəziyyətdə saxlamaq istəklərini davam etdirəcəyi təqdirdə İrəvan Bakıdan şok zərbə alacaq. Bununla belə, sülh gündəminə olan ümidlər də artacaq.
Qısası, Azərbaycan və Türkiyənin Bakı-İrəvan gündəliyində payları artacaq və Ermənistanın buna uyğunlaşıb-uyğunlaşmayacağı İrəvanın həyati əhəmiyyət kəsb edən yolunu müəyyənləşdirəcək”.