Əsas Səhifə > Güney Press > Velosiped yolları kütləvi narazılıq yaradıb:

Velosiped yolları kütləvi narazılıq yaradıb:


Bu gün, 14:00
Velosiped yolları kütləvi narazılıq yaradıb:
"Bakıda mikromobillik zolaqları qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla layihələndirilir. Layihələndirmə zamanı prioritetləşdirmə piyadalar, velosipedçilər və ictimai nəqliyyat ardıcıllığı ilə müəyyən olunur.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib.
Qeyd edək ki, velosiped yollarının çəkilməsi ilə bağlı narazılıqlar artır. Bugünlərdə deputat Zahid Oruc çıxışında bildirib ki, Bakıda velosiped üçün yollar yaradılsa da, velosiped sürən yoxdur.
"Avtobuslar üçün zolaqlar yaratmışıq, avtobus qalıb bir tərəfdə, bütün zolaqlar zəbt olunub. Velosiped yolları yaratmışıq, ancaq velosiped sürən varmı? Yox", deyə millət vəkili bildirib.
Digər şikayətlərdən biri isə velosiped yollarının nizamsız çəkilməsi ilə bağlıdır. Vətəndaşlar sosial şəbəkələrdə bildiriblər ki, Yusif Səfərov küçəsində çəkilən velosiped yolu dayanacağın qarşısından keçir. Hansı ki, bu yolu avtobus dayanacağının arxasından çəkmək olardı. Səslənən iradlardan biri də, avtomobil yollarının daraldılması hesabına velosiped yollarının çəkilməsindəndir.
AYNA-dan isə bildirilib ki, son dövrlərdə əhali arasında velosiped və skuterlərdən istifadə edənlərin sayı artıb.
"Bu nəqliyyat növünün geniş istifadəsi mikromobillik, şəhər mühitinin inkişafı, tıxac və sıxlığın azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat baxımından çox əhəmiyyətlidir. Artıq AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə 20 km məsafəni əhatə edən mikromobillik zolağı təşkil edilib. Bu işlər davam etdirilir", soröuya cavabda bildirilib.
Ekspertlərin isə paytaxtda mobilliyin təmin olunması məqsədilə çəkilən velosiped yolları barədə fikirləri fərqlidir.
Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşunas Ərşad Hüseynov deyir ki, mobilliyin transformasiyası təkcə küçə və prospektlərdə hərəkət hissəsinin bölüşdürülməsindən ibarət deyil. Bunun qarşılığında ictimai nəqliyyat daha sürətlə inkişaf etməlidir.
Ekspert bildirir ki, bir prospektdə digər nəqliyyat vasitələri üçün cəmi bir zolağın saxlanılması da sual yaradır. Çünki oradan avtobus marşrurtları da keçir, həm onlara, həm də digər nəqliyyat vasitələrinə qaydalar çərçivəsində hərəkət etmək baxımından problemlər yaranır.
Ə. Hüseynovun sözlərinə görə, velosiped zolaqları həm də bir-biri ilə əlaqələndirilməlidir. Onun sözlərinə görə, velosiped yolları kəsintisiz təşkil olunmalıdır ki, problemsiz hərəkət etmək mümkün olsun.
O, velosiped zolağının yolun hərəkət hissəsinin sol tərəfində olması təhlükəli və arzuolunmaz hal olduğunu söyləyib. Bildirib ki, paytaxtda bəzi yerlərdə velosiped yollarının yolun hərəkət hissəsinin sol hissəsi ilə çəkilməsi ciddi səhvdir.
"Çünki şəhər mühitində hərəkət sürəti nə qədər mülayim olsa da, sol tərəfdən ötmə və digər manevrlər üçün də istifadə edilir. Ona görə də yolun sol hissəsi daha riskli ərazidir. Dünya təcrübəsində bir qayda olaraq velosiped zolağı səki ilə paralel çəkilir, yəni yolun hərəkət hissəsinin sağında".
Memar Cahid Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı şəhəri ərazisində çəkilən velosiped yolları onsuzda sıx olan yolları daha da sıxlaşdırmasına səbəb olur.
"Velosiped yolları onsuzda uzun məsafəli olmayacaq. Əslində velosiped yolları qırıq-qırıq çəkilməməlidir. Bakıda şəhərin bir nöqtəsindən digər nöqtəsinə, kəsintisiz velosiped yolu çəkmək mümkün deyil. Məsələn, Mətbuat prospektində velosiped yolu çəkilib. Amma bu prospektin müəyyən hissəsindən sonra velosiped yolu yoxdur. Sual yaranır ki, velosipedlə işə gedən paytaxt sakini velozolaq qurtarandan sonra haradan getməlidir? Əgər yenə avtomobil yolu ilə gedəcəksə, şəhərin müəyyən hissəsində velosiped yolu çəkməyin bir mənası qalmır", deyə memar bildirib.
Memar söyləyib ki, hazırda Bakıda velosiped yolları mərkəzi və digər parkların kənar sərhədlərındən çəkilə bilər. Onun sözlərinə görə, inzibati binalara gediş-gəliş üçün velosiped zolaqları yararlı deyil: "Bu onsuz da dar olan yolları daha da daralacaq, tıxacı artıracaq".
C.Həsənov deyir ki, velosiped yollarının çəkilişinə şəhərsalma memarları da cəlb olunmalıdır. Memarın qənaətinə görə, uzun məsafəli velosiped yolları şəhərin içində deyil, enli zolaqlı yollarda olmalıdır. Həmçinin A nöqtəsindən və B nöqtəsinə velosiped dayanacaqları təşkil olunmalıdır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat və Logistika Kafedrasının baş müəllimi Bulud Bağırov isə deyir ki, Bakıda velosiped yollarını avtomobil yollarını daraltmamaqla çəkmək mümkün deyil. Əgər velosiped yolları üçün ayrıca zolaqlar çəkilərsə, Bakıda binaları, tikililəri sökmək lazım gələcək.
Müsahibimiz bildirib ki, yearaltı nəqliyyatda sıxlığı aradan qaldırmaq günün əsas tələbidir. Bunun üçün yerüstü nəqliyyat vasitələri inkişaf etdirilməlidir. Velosiped yollarını kənardan çəkmək üçün binalar və digər tikililər sökülməlidir. Bu isə çətindir. Ona görə də kənardan velosiped yolu çəkmək üçün gözləməkdənsə, mövcud yol infrastrukturundan istifadə etməklə velozolaqlar çəkilməlidir".
Kafedranın baş müəllimi hesab edir ki, dördzolaqlı prospektlərdə həm velosiped yolu olmalıdır, həm də avtobus və tramvay üçün zolaqlar ayrılmalıdır. Yolun yalnız bir zolağından minik avtomobili üçün istifadə edilməlidir:
"Şəhəri insanyönümlü etmək istəyiriksə, bunu etməliyik. Velosiped yolları tədricən velosiped istifadə edənlərin sayını artıracaq. Müəyyən çatışmazlıqlar olacaq, bunlar da aradan qaldırılmalıdır".

Geri qayıt