Əsas Səhifə > Güney Press > Bəxtini cinayətdə sınayan bədbəxt

Bəxtini cinayətdə sınayan bədbəxt


Bu gün, 11:47
Bəxtini cinayətdə sınayan bədbəxt
İyirmi dörd yaşlı Məmmədov və iyirmi yeddi yaşlı Xıdırov BMW-də gəliblər, Masazırda bir köşkdən 700 manatlıq lotereya biletlərini soyğunçuluq yolu ilə talayıblar. Avtomobili Məmmədov idarə edib.
Məlumat rəsmidir; Daxili İşlər Nazirliyi yayıb.

Sən demə, bu dostlar əvvəl də daha bir köşkü soyub. Abşeron rayon Polis İdarəsində araşdırma gedir.

Bu məlumata bilmirsən, təəccüblənəsən, qəzəblənəsən, güləsən, nə edəsən?!

Lotereya biletlərinin soyğunçuluğu. İki cavan oğlan. BMW...

Hər ikisi saxlanılıb. Məlum olub ki, avtomobilin sürücüsü "əvvəllər narkotiklərə görə məhkum olunmuş" şəxsdir.

Buyur! Daha bir məhkumluq gəlir.

Doğrusu, qarışıq duyğular yaşatdı bu hadisə, bu məlumat. Adamın avtomobili var. Düşünərdik ki, bəlkə avtomobil almaq arzusundaymış, pul toplaya bilməyib, kredit götürə bilməyib, ümidini lotereyaya bağlayıb və sair. Hərçənd bunun üçün lotereya bileti almaq olardı. Elə bahalı bir şey deyil. O da deyil axı.

İki cavan adam köşkü talayıb, nə aparıb? Lotereya bileti. Yəni adam bu qədər düşüncəsiz olmalıdır ki, lotoreya biletini talasın?! Lap 700 manatlıq olsa belə. Bəlkə də bu lotoreya biletlərinin elə bir uduş məbləği də yoxdur, bəlkə qəpik-quruşa düşəcək, ya da heç nəyə düşməyəcək. Amma bu biletə görə iki cavan oğlana cəza düşəcək. Bəlkə də həbsə düşəcəklər. O biletləri talayan cavanlar nəsə dəyərli bir şeylər udmaq istəmişlər. Amma ən dəyərli nəsnəni - azadlıqlarını uduzmuşlar.

Onlar o lotoreya biletlərini talan edən an uduzdular. Bəxtlərini xoş təsadüfə sınamaq istəmişlər, amma o an xoşbəxt yox, artıq bədbəxt oldular. Lotereyada xoşbəxtlik perspektivini bəd əmələ bağlayan bəxtsizlər. O lotereya biletləri heç nəyə düşmədi, ya da düşəcəksə də, artıq polis əl qoyub, maddi sübut kimi götürüb. Ancaq bu cavanların tez və asan yolla varlanmaq xəyalları suya düşdü, özləri həbsə düşdü, ailələri, doğmaları sıxıntıya düşdü.

Bu qədər də düşmək olar?! Bu yaşlarda, hələ qarşıda yaşanacaq ömürlər varkən, bunca dibə düşmək! Başqasının olanı özününküləşdirmək. Həm də zorla, soyğunçuluq edərək. Son nəticədə əldə var sıfır. Hətta sıfırdan aşağı.

Bu iki cavan oğlanın özlərini reallaşdırmaq üçün meydanları vardı axı.

Deyək ki, bu şəxslərdə pul qazandıracaq intellektual imkanlar azdır, ya da heç yoxdur (ki, lotereya bileti soyğunçuluğu da buna dəlalət edir). Anladıq. Hər kəs vunderkind olası deyil, poliqlot olası deyil, hamı bilik küpü, düha deyil. Hər qafanın, hər beynin imkanları fərqlidir. Amma hər yetkin və sağlam adamın ən azı fiziki əməyini, fiziki gücünü halal qazanca çevirmək imkanı var axı.

Köşkə gedib, başqalarının şansını, 700 manatlıq xəyali xoşbəxtliyi talamaq nədir?! Nə?! Bu qədər də düşük vizyon olarmı?! Başqasının malını, pulunu talayan, oğurluq, quldurluq, soyğunçuluq edən şəxs ən birinci öz şəxsiyyətini, öz ləyaqətini, özünün və doğmalarının halal, dürüst yaşamaq haqqını talayır. Bir adam bu əməli edərkən, əlində soyuq silah deyil, hətta odlu silah olsa belə, bir elementar həqiqəti dərk etməlidir: sən heç vaxt dövlətdən güclü ola bilməzsən. Dövlət maşınına qarşı dura bilməzsən. Hər birimiz ən azı bir dəfə də olsa, böyüklərimizdın eşitmişik: "Hökumətlə hökumətlik eləmək olmaz".

Mən özüm əvvəllər belə bir cümlə qurmuşdum: "Başını divara vurursansa, başın dağılmaq ehtimalı divarın dağılmaq ehtimalından çoxdur". Qanun və qanunu qoruyan güc sənin bəd niyyətlərin qarşısındakı divardır. Bu divara dəyən başın vay halına!

Bir sözlə, sən hansı "ustalıqla" cinayət törətsən də, qanunsuz əməllərində necə bir performans göstərsən də, gec-tez bir yerdə dövlətin legitim gücü ilə "görüşəcəksən". Sənin "ustalığın" polisin, prokurorun, təhlükəsizlik orqanı zabitinin peşəkarlığı qarşısında dayana bilməz. Adamların işi budur; qanunu qorumaq, cinayət şübhəlilərini ovlamaq, onları istintaq, məhkəmə qarşısına çıxarmaq. İllərlə, onillərlə bu işi görürlər. Ən mürəkkəb cinayət sxemlərini çözməkdə saç ağardırlar, mütəşəkkil cinayətkar şəbəkələri çökdürməkdə təcrübələnirlər. Sən ömür boyu bir dəfə, iki dəfə, lap residivist olsan, bir neçə dəfə cinayət törədirsən; məhdud ölçüdə qanunsuz yollar öyrənirsən. Amma dövlətin legitim gücünü təmsil edənlərin hər biri səninlə və sənin kimilərlə hər gün, hər saat - bir ömür savaşdadır. Dünyanın ən döyüşkən və ən bacarıqlı ordularından birini qurub, otuz illik işğal rejimini ayyarımda işğalçının başına yıxan dövlət, səncə, daxildə cinayətkarlığa qarşı peşəkarlar ordusu yaratmayıb?! Doğrudanmı, bu qədər bəsit düşünürsən?!

Elə düşünürsənsə, həyatının ən böyük səhvini edirsən. Çünki qanun adamları qanunsuzluq adamlarından həmişə bir deyil, ən azı bir neçə addım qabaqdadırlar. Az qala hamının hamını tanıdığı bir ölkədə, bu qədər müşahidə cihazlarının, izləmə aparatlarının, axtarış imkanlarının gəlişdiyi bir məmləkətdə gedib soyğunçuluq edəcəksən, yaxud başqa bir cinayət törədəcəksən, polis, yaxud başqa bir hüquq-mühafizə orqanı gəlib səni tapmayacaq, eləmi?! Bu qədərmi cahilsən?! Heç olmasa, cibindəki telefonu unutma. Gecə-gündüz səninlədir axı.

...Mənim bir dostum keçmişdə prokurorluq orqanlarında işləyib. Sonra elmə keçib. O, danışırdı ki, bir insanı öldürmüş, sonra cəsədi meşədə yandırmışdılar. Ehtiyatlı davranmışdılar. Heç bir dəlil, heç bir iz yox idi. Amma hadisə yerindən yarıyanmış kiçik bir qəzet qırığı tapıb götürmüş, onun əsasında müstəntiq və cinayət-axtarış müvəkkilləri qatili tapıb tutmuş, məhkəmə qarşısına çıxarmışdılar.

Belə nümunələr çoxdur. Hətta ən peşəkar canilər belə özlərini ənsələrində olan polisdən, prokurordan, xüsusi xidmət əməkdaşından daha ağıllı və daha güclü bilməsinlər. Cani hansı növ silahla silahlansa da, onu axtaran qanun keşikçisindən daha üstün deyil. Çünki onun izi ilə gələnin əlində bütün silahlardan daha kəsərli bir silah var: QANUN!

Qanun, bir növ əcəl kimidir; ondan qaçış yoxdur. Qanunla problemin varsa, harda olursan-ol, axtarıb səni tapacaq. Ona görə də qanunla tərs düşüb, həyat standartını yüksəltmək, rahat yaşamaq mümkünsüzdür.

O, nisbətən yüngül cinayətlərdir ki, zamana görə qüvvəsi var. Əksər cinayətlərin isə cəzası zaman tanımır; ölənə qədər ovunun izindədir. Əvvəl-axır bir yerdə caninin yaxasından yapışır. Bunu unutmaq insanın elə ən birinci özünə qarşı cinayətidir. Çünki hər bir qanunsuz əməlin ən birinci qurbanı elə o əməli törədənin özüdür ki var.

Uzun sözün qısası: lotoreyada nəsə udmaq istəyirsənsə, bəxtini bir də sına. Amma qanunla sına. Qanunsuzluqla deyil...

Bahəddin Həzi, Bizimyol.info

Geri qayıt