“Baş nazir Nikol Paşinyan Azərbaycanın tələbi ilə Ermənistan Konstitusiyasını dəyişdirməyə hazırdır”.
Teleqraf xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.
“Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasının preambulasının dəyişdirilməsinə işarə edir. Nikol Paşinyan bunu etməyə hazırdır, baxmayaraq ki, bunun üçün referendum lazımdır”, - ekspert bildirib.
Tarasovun iddiasına görə, iki ölkə arasında sülh sazişi imzalanmağa hazır olmasına rəğmən, Cənubi Qafqazda vəziyyət çox mürəkkəbdir.
Həmçinin o qeyd edib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbə və bunun Ermənistan rəhbərliyi tərəfindən tanınması Bakını bu mürəkkəb situasiyada güclü mövqedə saxlayır.
Tarasovun fikrincə, ABŞ faktoru İrəvan üçün kontekstdən kənarda qalıb:
“Bayden administrasiyası dövründə ABŞ regiona maraq göstərib, indi isə durum fərqlidir. Fransaya qoyulan mərc də özünü doğrultmur, çünki Avropa böhran içindədir. Danışıqlarda vasitəçi kimi çıxış etməyi dəfələrlə təklif edən Rusiya ilə problemlər var. Ermənilər Azərbaycanla sülh prosesinə müstəqil şəkildə daxil olmaqdan qorxurlar. Onlar xarici vasitəçilərdən beynəlxalq təminat tələb edirlər, amma hələlik bu, yoxdur. Ermənilər travma alıb, bir növ nokaut vəziyyətindədir”.