"Old Line Trading Company" MMC məcburi auditdən yayındığına görə cərimələnib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq ednilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, “Azərsu” ASC 2020-ci ildə maye xlorun satın alınması məqsədilə keçirdiyi tenderdə qalib elan edilmiş “Old Line Trading Company” MMC ilə 1380 ton maye xlor alınması üçün müqavilə bağlayıb. "Old Line Trading Company" MMC-nin 1380 ton maye xlor tədarükü üzrə tender təklifinin qiyməti 1 milyon 888.9 min manat və ya 1 milyon 111.1 min ABŞ dolları təşkil edib. Üstəlik növbəti illərdə də eyni tendensiya davam edib.