Mərkəzi Bank tərəfindən açıqlanan son məlumata görə qızılın 1 qramının qiyməti 152,4 manata bərabər olub. Yeniavaz.com xəbər verir ki, 1 qram qızılın qiyməti bu gün 1% və ya 1,3 manat bahalaşıb. Son bir ay ərzində isə qızlın qiyməti 4% və ya 5,9 manat, bu ilin əvvəli ilə müqayisədə isə 36% və ya 40,2 manat artıb. Məlumat üçün bildirək ki, qızılın qiyməti Azərbaycanda heç vaxt bu səviyyəyə yüksəlməyib. Son 15 il ərzində qızılın qiyməti 5 dəfəyə yaxın artıb. Müqayisə üçün qeyd edək ki, 15 il əvvəl – 2010-cu ilin əvvəlində Azərbaycanda qızılın bir qramı 29 manat olub. Onu da bildirək ki, sürətli bahalaşma təkcə qızılın Mərkəzi Bank tərəfindən müəyyən edilən qiymətində müşahidə olunmur. Zərgərlik dükanlarında satılan və qızıldan hazırlanan zinət əşyalarının qiyməti də sürətlə bahalaşır. Zərgərlik dükanlarında satılan 750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün orta satış qiyməti yanvar ayında 598 manat olduğu halda sentyabr ayında 677 manata qədər bahalaşıb.