Əsas Səhifə > Şou-biznes > “Bundan sonra saxtalaşdırma, yalanlar arxa plana keçəcək”
“Bundan sonra saxtalaşdırma, yalanlar arxa plana keçəcək”8-10-2021, 08:20 |
Milli Televiziya və Radio Şurasının təşkilatçılığı ilə Azərbaycanda televiziya kanallarının reytinqlərinin ölçülməsi sisteminin tətbiqinə həsr olunan təqdimat keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, ümumölkə və peyk televiziya kanallarının, habelə reklam agentliklərinin rəhbərləri, həm yerli, həm də əcnəbi reklamverən şirkətlərin səlahiyyətli nümayəndələri, beynəlxalq ekspertlər iştirak edib. Tədbir çərçivəsində teleölçmələr sahəsində beynəlxalq ekspertlər olan Renata Uhlarikova və Puşkar Kulkarni (“Pure X Media” şirkəti) tərəfindən yeni ölçmə şirkətinin seçimi üzrə Milli Televiziya və Radio Şurası və “Pure X Media” şirkətinin birgə fəaliyyətinin nəticələrinə həsr olunan videotəqdimat göstərilib, layihənin reallaşdırılması prosesi və müddətləri barədə ətraflı məlumat verilib, həmçinin beynəlxalq televiziya ölçmələri şirkəti olan “Kantar”ın 2022-ci ilin noyabrından etibarən Azərbaycanda televiziya ölçmələrində istifadə olunacaq texnoloji imkanları nümayiş olunub. Bu sistem dünyanın bir çox ölkələrində illərdir tətbiq edilir, bizdə xeyli gecikib. Bu sistem dünyada əslində televiziyalar arasında sağlam rəqabəti artırmaq, yalançı reytinq oyunlarına, saxtakarlıqlara imkan verməmək və verlişlərin keyfiyyətini artırmaq üçün tətbiq edilir. Azərbaycanda nə dəyişəcək, ucuz reytinqli verilişlər artacaq, yoxsa azalacaq? Mövzu ilə bağlı tanınmış media ekspertlərinin mövqeyini öyrəndik. Bizimlə söhbətdə Bakı Dövlət Universitetinin professoru, teletənqidçi Qulu Məhərrəmli bildirdi ki, uzun müddət televiziya məkanında reytinqlərin ölçülməsi, bununla bağlı ortaya çıxan problemlər daim mediada müzakirə olunub: “Televiziyaları da narazı salan məqamlar var. Reytinq məsələsi bütün dünyada mövcuddur. Bu, daha çox kommersiya düşüncəsinə xidmət edir. Məsələn, fransız sosioloqları reytinqi birbaşa yaradıcılığa müdaxilə hesab edirlər. Amma bu bir reallıqdır, biz bunu nəzərə almalıyıq ki, televiziya həm də kommersiya vasitəsidir. Xüsusilə özəl televiziyalar pulu reklamdan, başqa qanunla müəyyən olunmuş gəlirlərdən əldə edirlər. Amma həm də reytinqi normal istifadə edə bilmək, auditoriyanı öyrənmək, düşüncələri üzə çıxarmaq, insanların hansı proqrama baxdıqlarını aydınlaşdırmaq televiziyalara proqram strategiyasını qurmaqda kömək edir. İndi Milli Teleradio Şurasının son 12 ildə atdığı addımlar o mənada rəğbət doğurur ki, bu dəqiqə bizim televiziya məkanının tam inventarizasiyası başa çatdırılıb. Audiovizual bazarda kimlər var, reytinqlər necə ölçülür, kommersiya layihələri haradan qaynaqlanır, kimlər daha çox reklam alır, yəni bütün bu rəqəmlərin hamısı ortada var. Keçən il MTRŞ bunu bəyan etmişdi. Bu, yaxşı cəhətdir. İndi reytinqlərin dəqiq, saxtakarlıq olmadan ölçülməsi də hesab edirəm ki, bu sahədə atılan çox təqdirəlayiq addımlardan biridir. Dünyada hələlik ən nüfuzlu və mübahisə doğurmayan sistem Amerikada ”Nilsen" şirkətinin qurduğu sistemdir. O, ən müasir avadanlıqlardan istifadə edir, auditoriyanı, rəyi öyrənənlərın sayı tez-tez dəyişir, say artır. Bu, müsbət qarşılanır. Bu gün, məsələn, Avropa ölkələrinin bir çox televiziyaları ona uyğun siyasətini yeridir. Qardaş Türkiyədə reytinq öndədir. Məsələn, seriallar başlayır, amma reytinq qazanmadığına görə bəzən o serialın nümayişi dayandırılır. Yəni reytinqin rolu çox böyükdür ki, auditoriyanı biz necə tənzimləyək, proqram siyasətini necə idarə edək və tamaşaçıya hansı məhsul daha önəmlidir. O baxımdan, Azərbaycanda da gerçək, doğrulara əsaslanan reytinqin ortaya çıxması çox önəmlidir. Çünki bizdə gah bir televiziya deyir “mən birinciyəm”, ya da o birisi televiziya deyir ki, “ən çox baxılan bizim telekanaldır”. Bu cür belə reklam xarakterli çağırışları tez-tez eşidirik". Q.Məhərrəmli təqdim olunan reytinqölçmə sistemləri ilə bağlı fikrini də əlavə edib: “Bununla bağlı təqdimatda iştirak edən ”Pure X Media" şirkəti yeni addımlarını atan, yeni nüfuz qazanan şirkətlərdən biridir. Amma tutaq ki, indi o avadanlıqlarından istifadə olunacaq “Kantar” şirkətinin isə texnoloji sistemləri Avropada və digər yerlərdə yerlərdə tətbiq olunur və xeyli də rəğbət qazanır. Bizdə də nə qədər gecikmiş olsa belə, o texnologiyadan istifadə olunması hesab edirəm ki, müsbət addımdır. Nəhayət, biz televiziya məkanında gerçək reytinqin, ölçmənin, doğru-dürüst nəticələrin şahidi olacağıq. Ümid edirik ki, bundan sonra saxtalaşdırma, yalanlar arxa plana keçəcək. Onda biz yəni tamaşaçı auditoriyasının həm zövqünü, həm dəqiq sosial tərkibini, həm də onun hansı verilişlərə baxmaq niyyətini öyrənə biləcəyik. Hesab edirəm ki, bu televiziyalara həm də ciddi sosioloji araşdırmalar aparmağa imkan verəcək və öz proqramlarını tamaşaçı marağı üzərində kökləyə biləcəklər". Media eksperti Zeynal Məmmədli də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Reytinqi ölçən reklam agentliyinin nüfuzlu olması önəmlidir, onun etibarlı maliyyə qaynaqlarının olması və tanınması önəmlidir. Adətən beynəlxalq reytinq agentliklərindən faydalanırlar. Bunların metodologiyası da aydındır, nə ilə ölçürlər, hamıya anlaşıqlıdır. İndi bu adıçəkilən qurumun adını eşitməmişəm. Bu nə dərəcədə etibarlıdır? Çox məşhur qurumlar nüfuzunun aşağı düşməsindən qorxurlar. Çünki onlar maliyyə qaynaqlarından məhrum qalırlar. Ona görə onlar doğru məlumat verirlər. ”Pure X Media" şikətinin də hansı telekanallara reytinq verdiyini bilmədən qiymət verə bilməyəcəyik. Niyə məhz o seçilib? MTRŞ bu addımı atırsa, bu müsbətdir. Burada başqa bir məsələ də var, Azərbaycanda reklam bazarı nə dərəcədə sərbəstdir. Azərbaycanda nə dərəcədə sərbəst bazar var. Media reklam bazarı ilə bağlı əlimizdə şəffaf məlumatlar yoxdur. Bu məlumatların olmaması da belə bir sual olunur ki, sərbəst bazar yoxdursa, o reytinqlər nə verəcək. Press-mediada görürdüm də, bir qəzetin tirajı 2500 idi, hökumət ona reklam verirdi, qəzet özü 15 min nüsxə satılırdı, reklam artıq verilmirdi. Televiziya da belədir. Amma addımın özü müsbət qiymətləndirmək olar, nə isə durumu dəyişmək istəyirlər. Amma reklam bazarından söz açmadan bu durumu necə dəyişmək olar?! Niyə bilinmir ki, hansı televiziyanın reklam gəliri nə qədərdir? Hətta dövlətdən maliyyələşən AzTV, İTV-nin ildə reklamdan nə qədər qazandığını bilmirik. Özəl telekanalların da nə qədər vergi ödədiyini bilmirik. Bunu bilsək, özümüz də hesablaya bilərik. Bu məlumatlar şəffaf deyil. MTRŞ ilk növbədə bunlardan başlamalıdır. Bütün problemin həlli reytinqölçmə qurumunda deyil ki. Əsas məsələ media reklam bazarında nə qədər pul var, onu bilməkdir". “Yeni Müsavat” Geri qayıt |