Əsas Səhifə > Üst manşet / Güney Press > Sakinlər AYNA şefinə müraciət etdi

Sakinlər AYNA şefinə müraciət etdi


Bu gün, 07:05
"Bayıl yamacının sürüşmə riski ilə əlaqədar bağlanmasından sonra həmin ərazidən keçən 53 nömrəli avtobusun hərəkət istiqaməti dəyişdirilib. Avtobus artıq yamacdan keçməyərək Azneft istiqamətində hərəkət edir və son dayanacaq olaraq 20-ci sahədəki dairədə dayanır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ictimai fəal Elyar İslamoğlu qeyd edib.
O daha sonra müraciətini belə davam etdirir: "Lakin bu dəyişiklikdən ən çox Bayıl yamacında yaşayan sakinlər əziyyət çəkir. Sakinlərin sözlərinə görə avtobusun yamaca qalxmaması gündəlik gediş-gəlişi ciddi şəkildə çətinləşdirib. Xüsusilə yaşlı insanlar, uşaqlar və hərəkət imkanları məhdud olan şəxslər 20-ci sahədəki dairədən evlərinə qədər olan yoxuşu piyada qalxmağa məcbur olurlar.
Yamacda yaşayan sakinlər yaranmış vəziyyətdən narazıdır və 53 nömrəli avtobusun son dayanacağının yenidən nəzərdən keçirilməsini istəyirlər. Onların fikrincə, sürüşmə təhlükəsizliyi nəzərə alınmaqla, avtobusun sərnişinlərin yamaca çıxışını asanlaşdıracaq daha uyğun bir nöqtəyə qədər hərəkətinin təmin edilməsi mümkündür..."
Qeyd edək ki, Bayıl yamacındakı yolun təmiri də aylardır gecikdirilir. Əvvəlki illərdə "Formula 1" zamanı "Azneft"dən keçən yol bağlananda Bayıl sakinləri yamacdakı yoldan alternativ variant kimi istifadə edirdi...

Geri qayıt