Əsas Səhifə > Üst manşet / Güney Press > Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma...

Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma...


Bu gün, 07:19
"Mən ölkə başçısı, möhtərəm Prezident İlham Əliyevə müraciət edirəm..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış şair Səxavət Kəlbəcərli yazıb.
Onun müraciəti belə davam edir: "Hörmətli cənab Prezident! İşğaldan azad olunmuş rayonlarda aparılan tikinti işlərində ciddi haqsızlıqlar var. İşçilərə qarşı kobud münasibət göstərilir, onları incidirlər və aşağılayırlar.
Hazırda Kəlbəcər rayonunun Zər kəndində qanun pozuntularına etiraz edən işçilərin dərhal işdən qovulduğu bildirilir. Siz Kəlbəcər rayonuna nümayəndə kimi Bəşir Hacıyevi təyin etmisiniz. Təəssüf ki, bəzi hallarda bu kimi problemlərə göz yumulduğu görünür.
Sosial şəbəkələrdə də işçilərə keyfiyyətsiz, hətta yararsız yeməklərin verilməsi ilə bağlı məlumatlar yayılıb. Etiraz edən işçilərin isə dərhal işdən uzaqlaşdırıldığı bildirilir.
Cənab Prezident, kəndlərin bərpası üçün böyük vəsaitlər ayırırsınız. Lakin həmin vəsaitlərin bir hissəsinin məmurlar arasında mənimsənilməsi barədə ciddi narazılıqlar var. Belə hallar Sizin apardığınız siyasətə və dövlətə olan inama xələl gətirir.
Xahiş edirəm, işğaldan azad olunmuş ərazilərdə tikinti və bərpa işləri ilə bağlı bu məsələlərin araşdırılması, qanun pozuntuları varsa, məsul şəxslərin müəyyən edilərək qanun qarşısında cavab verməsi üçün müvafiq tədbirlər görülsün..."

Geri qayıt