Əsas Səhifə > Üst manşet / Güney Press > Müəllim seçimində absurd əmsal sistemi

Müəllim seçimində absurd əmsal sistemi


Bu gün, 06:46

“Mən bu il ikinci dəfə MİQ imtahanında iştirak etdim. İlk dəfə keçən il MİQ imtahanına qatıldım. Sadəcə dörd ay hazırlaşmağa vaxtım oldu. Çünki körpə uşaqlarla imtahana hazırlaşmaq həqiqətən çox çətindir”.

Bu fikirləri təsviri incəsənət fənni üzrə MİQ imtahanında 95 bal toplayan Gülnarə Zeynalova Redaktor.az-a danışarkən bildirib.

O vurğuladı ki, keçən il bir ay kurikulum hazırlığına qoşulub:

“Təlimçi ilə hazırlaşmırdım, sadəcə bir ay kurikulum hazırlığına qoşuldum. İxtisas üzrə isə özüm hazırlaşırdım. İmtahanda 90 bal toplamağıma baxmayaraq, mənə uyğun vakansiya olmadı. Ümumiyyətlə, nə Gəncə şəhərində, nə də Gəncənin ətraf rayonlarında vakansiya var idi. Sadəcə Şəmkirdə bir vakansiya var idi. Keçən il yeni qərar qüvvəyə mindi ki, hər kəs öz yaşayış yerinə uyğun yerləşdirilsin. Buna görə də həmin vakansiyanı məndən qat-qat az bal toplayan müəllim tutdu və mən daimi işə qəbul ola bilmədim. Amma işləmək istəyirdim. Çox istəyirdim ki, müəllim adını daşıyım və bu ada layiq olum. Buna görə də çox uzaq olsa belə, Bərdənin Qazaqlar kəndində yerləşən kənd məktəbində bir il müqavilə əsasında çalışdım. Həqiqətən, həmin məktəbdəki fəaliyyətim məni bu sahəyə daha çox bağladı və işimə sevgimi daha da artırdı”.

Həmsöhbətimiz bildirdi ki, o, özünə inanırdı:

“Bu il inanırdım ki, keçən ildən daha yüksək nəticə toplayacağam. Keçən ilin sualları daha asan idi. Sualların cavabını istər-istəməz tapmaq mümkün idi. Həm kurikulumdan, həm də ixtisasdan çaşdırıcı suallar yox idi. Amma bu ilin imtahan sualları mənə görə çox qəliz idi. Kurikulum sualları ümumiyyətlə çox çətin idi. İxtisas sualları isə bilən üçün asan, bilməyən üçün çətin idi. Mən ixtisas üzrə 40 sualın 40-nı da düzgün cavablandırdım. Çünki ixtisas üzrə özümü kifayət qədər təkmilləşdirmiş hesab edirəm. Mənə görə nə qədər çətin olsa da, heç bir sual qarşısında çətinlik çəkmərəm. Amma kurikulum üzrə daha çox öz üzərimdə işləməliyəm. Çünki dörd səhvə yol verdim və dörd səhv bir düzgün cavabımı apardı. Nəticədə 15 düzgün cavabım qaldı. Buna görə də həm kurikulum, həm də ixtisas üzrə bacardığım qədər öz üzərimdə işləyəcəyəm. Xüsusilə də kurikulum üzrə. Çünki müasir təhsil bunu tələb edir. Həqiqətən də kurikulumu bilmək çox vacibdir. Bu ilin sualları mənə görə çətin idi. İxtisas o qədər də çətin deyildi, amma kurikulum həqiqətən çox çətin idi. Sualların cavablandırılması çox düşündürürdü və vaxt aparırdı. Buna baxmayaraq, öhdəsindən gəldim. Bu il ixtisas üzrə də heç kimlə hazırlaşmırdım. Kurikulum üzrə isə son iki ay təlimçiyə qoşuldum. İki ay qısa müddət olsa da, imkan tapdıqca dərslərimi oxuyurdum. Çünki yenə deyirəm, körpə uşaqlarla hazırlaşmaq həqiqətən çox çətindir. Özümü daha yüksək nəticəyə layiq görürdüm. Sualların çətinlik dərəcəsini nəzərə alsaq, bu il 95 bal topladım. İnanıram ki, gələn il yenə mütləq imtahana qatılacağam. Hətta bu il daimi işə qəbul olunsam belə, özümü inkişaf etdirmək və üzərimdə işləmək üçün gələn il də imtahanda iştirak edəcəyəm. İnanıram ki, ən yüksək nəticəni toplayacağam. Mənim hədəfim 100 baldır. İnşallah, buna nail olaram. Bu il üçün əsas məqsədim hər hansı bir məktəbdə daimi işə qəbul olunmaqdır. Düzdür, mən Gəncə şəhərində yaşayıram, amma Gəncə üzrə illərdir vakansiya yoxdur. Bu məni çox narahat edir. Çünki uşaqlardan ayrılıb uzaq məsafəyə gedib-gəlmək həqiqətən çətindir. Uşaqlarım da körpədir. Ona görə istəyirəm ki, yaxın məsafədə vakansiya olsun. Müəllimlər yaşayış yerinə uyğun yerləşdirildiyi üçün inanıram ki, bu il də mənə uyğun yerlərdə işləyə bilməyəcəyəm. Çünki hər kəs öz yaşayış yerinə uyğun seçim edəcək. Amma ümid edirəm ki, ya Gəncədə vakansiya olar, ya da Gəncədə vakansiya olmasa, bu il də müqavilə ilə uzaq bir kənddə və ya uzaq bir şəhərdə çalışaram. Açığı, bu məni motivasiyadan salır. İstəməzdim ki, uzaq rayonda çalışım. Çünki bu il işlədiyim məktəbə çatmaq üçün səhər saat altıda yola çıxırdıq, saat doqquzda məktəbə çatırdım. Axşam isə saat yeddidə evə qayıdırdım. İnsan öz peşəsini sevir, işləmək istəyir, amma bu qədər yol gedib-gəlmək həqiqətən çox yorucudur. İnşallah, vakansiyalar olar və hər bir müəllim normal iş yeri ilə təmin olunar. Bir məsələ də məni narahat edir. Bu da əmsallarla bağlıdır. Elə müəllimlər var ki, illərlə təcrübə qazandıqları üçün əmsal hesabına onların balı xeyli artır.”

Gülnarə Zeynalova hesab edir ki, müəllimlərin seçimində tətbiq olunan əmsal sistemi gənc müəllimlərin işə qəbul imkanlarını məhdudlaşdırır.

Onun sözlərinə görə, məsələn, 80 bal toplayan müəllimin yekun balı 100 olur:

"Belə müəllimlər seçim mərhələsində bizdən üstün olurlar və vakansiyaları onlar seçirlər. Halbuki onların artıq iş yeri var, bizim isə yoxdur. Mənə görə bu, məntiqli deyil. İstəyərdim ki, ilk növbədə işləməyən gənc müəllimlər işlə təmin olunsunlar. Çünki bu qədər əziyyət çəkib sonda kənarda qalmaq həqiqətən insanı üzür. İnşallah, bu il yaxşı vakansiyalar olar və hər bir müəllim kimi mən də daimi işlə təmin olunar. Mən hər zaman öz üzərimdə işləməyə və özümü daha da təkmilləşdirməyə çalışıram. Hazırda hələ bilmirəm vakansiya olacaq, ya olmayacaq. Amma artıq müsahibəyə hazırlaşıram. İnanın, elə indi də qarşımda dəftər-kitabla oturub oxuyuram ki, müsahibəyə hazır gedim. İnanıram ki, mənə uyğun vakansiya olacaq".


Geri qayıt