Əsas Səhifə > Üst manşet / Güney Press > “Oxu atıb, yayı gizlədən” AQTA...
“Oxu atıb, yayı gizlədən” AQTA...Bu gün, 06:39 |
|
“Kərə yağları ilə bağlı aparılan plandankənar yoxlamalar zamanı bəzi hallarda etiketləmə qaydalarının pozulması, istehlakçını çaşdıran və ya həqiqəti əks etdirməyən məlumatların təqdim edilməsi halları müşahidə olunur”. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova qurumun 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib. O bildirib ki, belə faktlar aşkar edildikdə, qanunvericiliyə uyğun tədbirlər görülür: "Əsas məqsəd bazarda təhlükəsiz və keyfiyyətli məhsulların dövriyyəsini təmin etmək, istehlakçıların hüquqlarını qorumaq və sahibkarların qanunvericiliyin tələblərinə əməl etməsinə nail olmaqdır". Maraqlidir, bu kərə yağlarının adları niyə açıqlanmır ki, istehlakçı mlumatlı olsun? “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov “Cebheinfo.az”- a bildirib ki, neçə illərdir ki, Qida Təhlükəsizliyi Agentliyi “oxu atıb, yayı gizlətmək” prinsipi ilə işləyir: “Bu vəziyyət illər boyu davam edib. Keçən il isə nisbətən müəyyən aydınlıq gətirildi. İstehlakçıya malın adı lazımdır. Bu cür informasiyalar isə əksinə, istehlakçını çaşdırır. Belə məlumatlar yayılandan sonra istehlakçılardan mənə yüzlərlə zəng gəlir. Mən isə bildirirəm ki, haradan bilim onlar nəyi yoxlayıblar?! AQTA-nın “mətbəx”inə daxil olmaq da çox çətindir. Məgər istehlakçı hüquqlarını qorumaq bu cür qeybət tipli xəbərlər səviyyəsində olmalıdır? AQTA-nın bu qeyri-şəffaf işindən narazıyıq. Çox nadir hallarda şəffaf məlumatlar verilir. Dəqiq məlumatların açıqlanmaması səbəbindən istehlakçılar ciddi problemlərlə üzləşirlər. Çox yaxşı haldır ki, AQTA etiket məlumatları və məhsulların tərkibinin araşdırılmasına diqqət yetirir. Çünki milyonlarla dollar vəsait hesabına qurulmuş laboratoriyalar artıq bir iş görməlidir. Üstəlik, malların satışdan çıxarılıb məhv edilməsi prosesində də qaranlıq məqamlar var. Mallar KİV-lərin və ictimai təşkilatların iştirakı ilə məhv edilməlidir ki, insanlar onların son aqibətinin necə olduğunu bilsinlər. Bu informasiya qıtlığı ölkədə istehlakçı siyasətinin zəif olduğunu, AQTA əməkdaşlarının isə istehlakçılarla sıx əlaqədə işləyə bilmədiyini göstərir. Nə qədər ki, qarşıya qoyulan məqsədlərə ictimaiyyət dəstək vermir və ya ictimaiyyətlə səmərəli iş qurulmur, vəziyyət belə qalacaq, zəhərlənmələr və digər problemlər davam edəcək. Mən AQTA-nın bu fəaliyyətini tənqid edirəm”. Eyyub Hüseynov qeyd edir ki, istehlakçılar kərə yağı alarkən sadə bir üsuldan istifadə edə bilərlər: “Əgər yağ bükülmüş vəziyyətdədirsə, onu yüngülcə sıxsınlar. Hansı daha bərkdirsə, onun təbii kərə yağı olma ehtimalı daha yüksəkdir. Əks halda, marqarin tipli yağ ola bilər”. Geri qayıt |