|
Başında Azər Məmmədovun dayandığı SOCAR Azəriqaz İstehsalat Birliyində işçilərin hüquqlarının tapdanması adi hala çevrilib. "DİA-AZ" xəbər verir ki, növbəti belə bir faktı tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı ictimailəşdirib.
NHMT sədri özünün sosial şəbəkə hesabında belə yazır: "Niyə cənablar??? Təşkilata daxil olan məlumatda deyilir ki: Regionlarda fəaliyyət göstərən Sayğac Əməliyyatları Xidmətinin çilingərləri 28 və 29 may tarixlərində istehlak edilmiş təbii qaza görə ödənişlərin yığılması məqsədilə bütün ərazilərə səfərbər ediliblər. 30 və 31may tarixlərində isə həmin əməkdaşlar sayğac göstəricilərinin oxunması işlərini həyata keçiriblər. Diqqət çəkən məqamlardan biri isə odur ki, qeyd olunan günlərdə əməkdaşlar faktiki olaraq işə cəlb olunsalar da, onların iş vaxtının uçotunun aparılmadığı bildirilir. ✅Sayğac Əməliyyatları Xidmətinin bir əməkdaşı bildirib ki, son beş qeyri-iş günü ərzində fasiləsiz olaraq işə cəlb olunub. Onun sözlərinə görə, nə idarə tərəfindən nəqliyyat vasitəsi ilə təmin edilib, nə də əlavə təminat göstərilib. Əməkdaş qeyd edir ki, həmin günlərdə terminal vasitəsilə 500-ə yaxın sayğac göstəricisi oxuyub, 70-ə yaxın sayğaca texniki baxış keçirib, 150-dən artıq abonentlə ödənişlərin həyata keçirilməsi üçün əlaqə saxlayıb, borca görə 10 abonentin qaz təchizatını dayandırıb və nasazlıq səbəbindən 4 sayğac dəyişdirib. O vurğulayır ki, bütün bu əməliyyatlar mobil telefon və elektron sistemlər vasitəsilə qeydə alınır və görülən işləri təsdiqləmək mümkündür. ✅Buna baxmayaraq, əməkdaş iddia edir ki, qeyri-iş günlərində yerinə yetirdiyi işlərə görə ona əlavə iş günü və ya əlavə əməkhaqqı hesablanmır. O, həmçinin bildirir ki, növbəli iş rejimində çalışan bəzi əməkdaşlara bayram və istirahət günlərinə görə əlavə ödənişlər hesablandığı halda, eyni günlərdə daha çox iş yükü ilə çalışan sayğac əməliyyatları əməkdaşlarının əməyi lazımi şəkildə qiymətləndirilmir. Əməkdaş bu məsələyə Azəriqaz rəhbərliyinin diqqət yetirməsinin vacib olduğunu qeyd edir. Hörmətli Azəriqaz rəhbərliyi, son beş gün ərzində istirahət mərkəzləri və turizm zonalarının yaxınlığından daxil olan qaz sızması çağırışlarının nə qədərinin real nasazlıqla nəticələndiyini açıqlaya bilərsinizmi? Əməkdaşlar arasında belə bir qənaət formalaşıb ki, bəzi çağırışlar formal xarakter daşıyır və faktiki olaraq ciddi texniki müdaxilə tələb etmir. ✅Bu səbəbdən həmin çağırışlara görə ikiqat əməkhaqqı alan əməkdaşlarla, eyni günlərdə sahədə yüzlərlə abonentə xidmət göstərən işçilərin əməyinin qiymətləndirilməsi arasında fərqin səbəbi anlaşılan deyil. Qeyd: Məlumat öz təsdiqini taparsa bu halda sahə üzrə məsul şəxs - ARƏM maddə 16(Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi) ,ARƏM maddə 164. 1.( İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla ödənilir!) pozmuş olur və ARƏM maddə 310( Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət) əsasən cəzalanmalıdır..."
Geri qayıt
|