Əsas Səhifə > Üst manşet / Güney Press > 1-ci Qarabağ savaşı qaziləri UNUDULUB?

1-ci Qarabağ savaşı qaziləri UNUDULUB?


Bu gün, 01:07

"Sizə bu məktubu böyük ürək ağrısı və ədalət axtarışı içində yazıram. Söhbət Siyəzən rayon sakini, Birinci Qarabağ müharibəsi veteranı qonşum olan Rza adlı vətəndaşımızdan gedir..." "DİA-AZ" xəbər verir ki, bu sözlər Siyəzən rayon sakini Zamiq Əliyevin ölkə rəhbərliyinə ünvanlanmış müraciətində yer alıb.
Müraciətdə daha sonra deyilir: "O, bu torpağın bütövlüyü uğrunda canını ortaya qoymuş, illərlə bədənində qəlpə daşıyan bir qazidir. Lakin bu gün həmin insan öz dövlətinin qapılarında kömək dilənən vəziyyətə salınıb.
Rza illərdir ayağındakı qəlpədən əziyyət çəkir. Dəfələrlə xəstəxanalara, müxtəlif qurumlara müraciət etsə də, onu əməliyyat etmək əvəzinə hər dəfə müxtəlif bəhanələrlə geri qaytarıblar. Bu laqeydlik nəticəsində artıq onun vəziyyəti ağırlaşıb. Sinir sistemi ciddi zədələnib, ayaqda güclə dayanır, ayaqları əsir, barmaqlarında hissiyat itib. Bir vaxtlar Vətən uğrunda döyüşən insan bu gün evində hərəkət etməkdə çətinlik çəkir.
Ən ağrılı məqam isə budur ki, onun pensiyası da kəsilib. Hazırda yalnız veteran ödənişi ilə yaşayır. Ailədə işləyən yeganə şəxs həyat yoldaşıdır və o da cəmi 400 manat maaş alır. Bu ailə həm xəstəliklə, həm yoxsulluqla, həm də unudulmuşluq hissi ilə mübarizə aparır.
Siz hər zaman şəhid ailələrinə və qazilərə xüsusi diqqət göstərildiyini bildirirsiniz. Lakin yerlərdə bəzi məsul şəxslərin laqeydliyi səbəbindən Birinci Qarabağ veteranlarının bir qismi sanki unudulub, ögey münasibətlə qarşılaşır. Vaxtilə Vətən üçün sağlamlığını qurban verən insanlar bu gün xəstəxana qapılarında süründürülürsə, bu, cəmiyyət adına da ağır vicdan məsələsidir.
Rza kimi veteranlar yalnız müharibə vaxtı deyil, müharibədən sonra da dövlətin diqqətinə və qayğısına layiqdirlər. Onlar bu ölkənin canlı tarixidir. Bir qazinin taleyinin belə acınacaqlı vəziyyətə düşməsi hər bir vicdanlı insanı narahat etməlidir.
Sizdən şəhid ailəsi kimi xahiş edirəm veteran və qazi olan Rzanın təcili şəkildə ixtisaslaşmış xəstəxanada tam tibbi müayinəsinin və əməliyyatının təmin olunmasına göstəriş verəsiniz.Həmin şəxsin vəziyyəti ağırdır..."

Geri qayıt