|
"TƏBİB-ə yeni rəhbərlik gələndə hamımız sevindik ki, səhiyyədə yeni nəfəs, yeni yanaşma olacaq. Amma görünən odur ki, hər gələn “öz komandamı qururam” adı ilə peşəkar kadrları kənarlaşdırır..." "DİA-AZ" xəbər verir ki, bu sözlər tanınmış jurnalist Qənirə Ataşovanın etiraz dolu müraciətində yer alıb.
"Azər Əhmədov kimi peşəkarlar Azərbaycanda neçə nəfərdir?" deyə sual edən jurnalist daha sonra fikrini belə davam etdirir: "Öz zəhməti, biliyi ilə Türkiyədə təhsil alıb, orada qalmaq imkanı olduğu halda ölkəsinə qayıdan, Pediatriya İnstitutunun inkişafı üçün çalışan bir insanı vəzifədən uzaqlaşdırmaq hansı məntiqə sığır? Azər Əhmədov illərlə topladığı bilik və təcrübə ilə institutda yeni texnologiyaların, müasir tibbi yanaşmaların tətbiqinə töhfə verib. Belə insanları qorumaq əvəzinə, onları sistemdən uzaqlaşdırmaq səhiyyənin inkişafına zərbədir. Mən cənab Prezidentin köməkçisi və TƏBİB-ə nəzarət edən şuranın rəhbəri Xalid Əhmədova müraciət edirəm: Xahiş edirik, rəhbər vəzifəyə gətirdiyiniz şəxsə tapşırın ki, “öz adamlarımı yerləşdirirəm” düşüncəsi ilə peşəkar kadrları sıradan çıxarmasınlar. Azərbaycanın müasir pediatriyasının qurucusunu “başqasının adamı” damğası ilə ləkələmək olmaz! Bu ölkənin savadlı, vicdanlı mütəxəssislərinə sahib çıxmaq lazımdır. Biz cəmiyyət olaraq buna susmayacağıq. Savadlı kadrlarımızı qorumaq hamımızın borcudur..."
Geri qayıt
|