Əsas Səhifə > Üst manşet / Güney Press > Naxçıvanda televiziya-meleviziya OYUNBAZLIĞI

Naxçıvanda televiziya-meleviziya OYUNBAZLIĞI


Bu gün, 02:55

"Son vaxtlar televiziyanın Bakı bürosunun fəaliyyəti də acınacaqlı duruma düşüb. İlhamə Novruzova büro üçün alınan Toyota markalı çəkiliş avtomobilini Naxçıvana apararaq özünə xidməti maşın edib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Sima Babayeva yazıb.
O daha sonra fikrini belə davam etdirir: "Büro 1 avtomobilin ümidinə qalıb, ona da nə vaxtında yanacaq verilir, nə də texniki xidmət göstərilir.
Əməkdaşlar deyirlər ki, büro əvvəl silsilə filmlər, verilişlər, reportajlar hazırlasa da, kanal peyk yayımına başlayandan bu tərəfə ancaq həftədə 2-3 xəbər hazırlayır.
Ara-sıra bölgələrə çəkilişə çıxa bilir. Büronun rəhbəri, tanınmış rejissor Tahir Əliyev, peşəkar operatoru Elxan Məmmədov işdən uzaqlaşdırılıb.
Redaktor Rahim Qaraşov da şəraitsizlik və maddi duruma görə işdən ayrılmağa qərar verib. Büroya alınan müasir çəkiliş avadanlıqlarının bir qismi isə it-bata düşüb.
Yer məsələsi də problemdir, icarə haqqı ödənilmir. Əməkdaşlar hərdən bir məkanda məskən salırlar. İlhamə Novruzova isə büronun otaqlarına kameralar qoyub əməkdaşları güdməklə məşğul olur və deyir ki, Naxçıvan televiziyası ancaq Naxçıvanı göstərməlidir, bizə başqa şəhər və bölgələr lazım deyil.
Sual olunur ki, peyk yayımına olan bir kanal ancaq Naxçıvanı göstərməklə inkişaf edə bilərmi? Naxçıvanı daha çox göstərək, təbliğ edək. Ancaq Azərbaycan təkcə Naxçıvandan ibarətdir bəyəm?
Bu ayrıseçkilik deyil, bəs nədir? Həmçinin əməkdaşlar qonorar və ezamiyyə ödənişlərində də problemlərlə üzləşirlər.
Bundan əlavə, son günlər vəziyyətin daha da gərginləşdiyi bildirilir. Belə ki, 2 gündür ki, İlhamə Novruzovanın bir neçə əməkdaşı təhqir etdiyi və hədələdiyi iddia olunur.
Əməkdaşların məzuniyyətə çıxmasına icazə verilmədiyi, bunun isə Maliyyə Nazirliyi ilə əlaqələndirildiyi deyilir. Artıq əmək hüquqları ilə bağlı narazılıqlar artıb və bir sıra əməkdaşların Əmək Müfəttişliyinə üz tutaraq haqlarını müdafiə etməyə çalışdığı qeyd olunur.
İş şəraiti o həddə çatıb ki, televiziyada adi çap üçün vərəq belə tapılmır. Mövcud problemlər fonunda bəzi əməkdaşların prokurorluğa müraciət etməyə hazırlaşdığı bildirilir.
Ümumilikdə, əməkdaşların bildirdiyinə görə, sadalanan bu problemlər həm kollektivin iş mühitinə, həm də televiziya fəaliyyətinin keyfiyyətinə ciddi mənfi təsir göstərir.
Hətta belə bir söhbəttə deyildi ki, saxta imzalar da çəkilirmiş..."

Geri qayıt