|
"Mən bir neftçi kimi, dövlətimizin iqtisadi müstəqilliyinin təminatçısı olan SOCAR -da həyata keçirilən islahatları və rəqəmsallaşma sahəsindəki addımları hər zaman təqdir edirəm. Lakin neftçilərin strateji əhəmiyyətli dəniz obyektlərinə gediş-gəlişi zamanı qarşılaşdıqları mənzərə, təəssüf ki, elan olunan müasir standartlarla üst-üstə düşmür..." "DİA-AZ" xəbər verir ki, bunu ölkə rəhbərliyinə ünvanlanmış müraciətində SOCAR işçisi Rac Kərimov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "SOCAR-ın Baş Ofisi rəqəmsal transformasiya və innovasiyalardan bəhs etdiyi bir vaxtda, limanın nəzarət-buraxılış məntəqəsində hər bir işçidən illik tibbi arayışın A4 formatında, kağız daşıyıcı şəklində tələb olunması ciddi vaxt itkisinə və süni bürokratik yükə səbəb olur. Müasir idarəçilik sistemlərində bu növ məlumatlar vahid elektron bazada əks olunmalı və işçini artıq sənəd daşımaq məcburiyyətindən azad etməlidir. Sahələrdə tətbiq olunan bu ibtidai "kağız uçotu" beynəlxalq standartlarla real təcrübə arasındakı təzadı aydın şəkildə göstərir. Kadr siyasətindəki vakansiya tələbləri müzakirə olunarkən rəhbər şəxslər tərəfindən tez-tez səsləndirilən "bu, BP-də də belədir" ifadəsi bir müqayisə meyarına çevrilib. Lakin mənə maraqlıdır, həqiqətənmi qabaqcıl xarici şirkətlərdə hər bir işçi hər keçid zamanı özü ilə kağız daşıyıcısında tibbi arayış gəzdirməyə məcbur edilir? Mən müxtəlif vaxtlarda "Azneft" İstehsalat Birliyinin köhnə inzibati binasında tətbiq olunan müasir biometrik üz tanıma sistemini görmüşəm. İnzibati binalarda çalışanların sayı ilə dənizdə, çətin şəraitdə işləyən minlərlə insanın sayını müqayisə etdikdə, bu texnologiyanın tətbiqinin dəniz keçid məntəqələrində həm təhlükəsizlik, həm də səmərəlilik baxımından daha vacib olduğu aydın görünür. Belə bir sistemin qurulması nəinki işçilərin fəaliyyətini asanlaşdırar, həm də Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin strateji obyektlərə nəzarət işinə əvəzsiz töhfə verərdi. Əgər bu sistemin tətbiqinə qənaət baxımından büdcə ayrılmasının mümkün olmaması əsas gətirilərsə, mən bir təşəbbüskar işçi kimi səmərəsiz və mənasız tədbirlərə xərclənən vəsaitlərin real işə necə yönəldilməsi ilə bağlı təkliflərimi təqdim etməyə hazıram. Cənab Prezident, Sizdən xahiş edirəm ki, dənizdə çalışan neftçilərin istifadə etdikləri limanlarda müasir elektron keçid və vahid baza sistemlərinin tətbiq olunması üçün müvafiq tapşırıqlar verəsiniz. Biz arzu edirik ki, SOCAR-dakı iş şəraitimiz sadəcə sözdə deyil, əməldə də ən yüksək beynəlxalq standartlara cavab versin..."
Geri qayıt
|