Əsas Səhifə > Üst manşet / Güney Press > Yasamalda icra başçısı şoumenlik edir...

Yasamalda icra başçısı şoumenlik edir...


Bu gün, 06:57

Ölkə mətbuatında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun rayon sakinləri ilə mütəmadi görüşlər keçirməsi, vətəndaşların problemlərini dinləməsi və onların yerindəcə həll edilməsi ilə bağlı tez-tez məlumatlar yayılır. Bu məlumatlarda rayonda hər şeyin qaydasında olduğu qeyd olunur.

Lakin Bizimesr.az-a daxil olan məlumatlara görə, Yasamal rayon sakinləri bu görüşlərin real vəziyyəti əks etdirmədiyini bildirirlər. Sakinlərin sözlərinə görə, görüşlər öncədən planlaşdırılır, vətəndaşların müraciətləri əvvəlcədən öyrənilir və yalnız “uyğun” hesab edilən şəxslər icra başçısının qəbuluna buraxılır.

Qeyd olunur ki, daha ciddi və həlli çətin problemlərlə müraciət edən vətəndaşlar görüşlərə buraxılmır, onlara “probleminiz başqa formada həll olunacaq” deyilərək yola salınırlar. Nəticədə isə həmin müraciətlər ya cavabsız qalır, ya da ümumiyyətlə diqqətdən kənarda.

Sakinlərin əsas problemləri arasında söküntü ərazilərində vətəndaşların aldadılması, tikinti şirkətləri ilə kompensasiya məbləği ilə bağlı yaranan mübahisələr və sosial xarakterli digər ciddi məsələlər üstünlük təşkil edir. Bildirilir ki, icra başçısı hər görüşdə tikinti şirkətləri ilə danışılacağını və problemin həll ediləcəyini desə də, son nəticədə vətəndaşlara real kömək göstərilmir.

Eyni zamanda, Yasamal rayonunda qanunsuz tikililərin sayının sürətlə artması, məhəllədaxili yolların illərdir baxımsız vəziyyətdə qalması da sakinləri ciddi narahat edən problemlər sırasındadır.

Rayon sakinləri hesab edirlər ki, keçirilən görüşlər daha çox görüntü yaratmağa xidmət edir və real problemlərin həllinə yönəlmiş effektiv mexanizm mövcud deyil.


Geri qayıt