Əsas Səhifə > Üst manşet / Güney Press > Rəhbərsiz qalan nazirlik...
Rəhbərsiz qalan nazirlik...Bu gün, 07:04 |
|
Artıq xeyli müddətdir ki, ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti nazir olmadan həyata keçirilir. Ancaq rəsmi açıqlama olmasa da, dəyişiklik gözləniləndir. Müəyyən iddialara görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birləşdiriləcək. Necə ki, İqtisadiyyat Nazirliyinin yenidən qurulmasında bu təcrübəni gördük. Ola bilərmi ki, həqiqətən də bu iddia öz təsdiqini tapsın? Prezident İlham Əliyevin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətindən narazı olduğunu söyləmək olarmı? Bu və ya digər suallar ətrafında siyasi şərhçi Zeynal Əmrəliyev Referans-a açıqlamasında bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində uzun müddət ərzində nazirin təyin olunmaması məsələsi onu gündəmə gətirir ki, ola bilsin, bu nazirlikdə müəyyən struktur dəyişikliyi həyata keçiriləcək. Siyasi şərhçinin mülahizəsinə görə, son zamanlar Azərbaycanda dövlət sisteminin daha da mərkəzləşdirilməsi istiqamətində addımlar atılır və bu istiqamətdə müəyyən tədbirlər görülür. Bundan əvvəl də, məsələn, 2019-cu ildə dövlət başçısının imzaladığı sənədlər nəticəsində bir sıra dövlət qurumlarının mərkəzləşdirilməsinin şahidi olmuşduq. O cümlədən, İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi və Vergilər Nazirliyinin birləşdirilməsi buna nümunə idi. Zeynal Əmrəliyev bildirib ki, həmçinin digər dövlət qurumlarının da ləğv olunması məsələsi müəyyən dövrlərdə aktual olub. Dünya miqyasında, xüsusilə də qardaş Türkiyədə bu sahədə təcrübə var. Belə ki, Türkiyədə Ekologiya Nazirliyi ayrıca fəaliyyət göstərmir, Şəhərsalma və Ətraf Mühit Nazirliyi çərçivəsində fəaliyyət göstərir. Ola bilər ki, Azərbaycanda da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi birləşdirilərək vahid bir qurum — məsələn, Şəhərsalma və Ətraf Mühit Nazirliyi və ya Ekologiya və Şəhərsalma Nazirliyi adı altında fəaliyyət göstərə bilər. Müsahibizin fikrincə nəzərə almaq lazımdır ki, hal-hazırda nazirin birinci müavini vəzifəsini icra edən şəxs əvvəllər məhz Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparat rəhbəri olub. Artıq təxminən bir ildir ki, o, Ekologiya Nazirliyində nazirin vəzifəsini icra edir. Ekologiya və şəhərsalma sahələrinin bir-birinə yaxınlığı nəzərə alınarsa, bu iki qurumun birləşdirilməsi məqsədəuyğun ola bilər. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyinin də bəzi struktur bölmələrinin bu prosesə daxil edilməsi mümkündür, çünki torpaq məsələləri, xüsusən də işğaldan azad olunmuş ərazilərin yenidən qurulması bu gün çox aktualdır. Həmsöhbətimiz onu da vurğulayıb ki, bu baxımdan, şəhərsalma siyasətinin ekoloji amillərlə uzlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bununla belə, dünya təcrübəsinə nəzər salsaq, Kənd Təsərrüfatı Nazirliyi əksər hallarda ayrıca qurum kimi fəaliyyət göstərir. Ümumilikdə, Azərbaycanda dövlət qurumlarının yenidən formalaşdırılması və mərkəzləşdirilməsi həm mərkəzi, həm də yerli icra hakimiyyəti orqanları səviyyəsində zəruridir. "Bu istiqamətdə islahatların davam etdiriləcəyi ehtimal olunur. Belə düşünürəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birləşdirilməsi gələcək inkişaf və idarəetmənin səmərəliliyinə müsbət təsir göstərə bilər",- deyə siyasi şərhçi əlavə edib. Geri qayıt |