Əsas Səhifə > Üst manşet / Güney Press > Fuad Ncəfli də özünə xanlıq qurmaq istəyirdi...

Fuad Ncəfli də özünə xanlıq qurmaq istəyirdi...


Bu gün, 08:54

Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilməsi əslində təəccüblü olmadı. 2 il 11 ay əvvəl - 2022-ci ilin dekabrında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunan Nəcəfliyə Naxçıvan Ali Məclisinin “könüllü” istefaya gedən sədri Vasif Talıbovdan ağır miras qalmışdı.

“Naxçıvan xanı”ndan sonra muxtar respublika əhalisinin F.Nəcəflidən gözləntiləri çox idi. Muxtar respublikada yeni idarəçilik modeli tətbiq olunması Vasif Talıbovun mərkəzi hakimiyyətdən “qopartmağa çalışdığı” regionu yenidən Bakının - mərkəzi hakimiyyətin orbitinə qaytarmağa hədəfləyirdi və buna nail olundu.

Amma son 27 ildə Vasif Talıbov qaydaları ilə idarə olunmuş, beyinləri yenilikçi düşüncəyə, mütərəqqi təkliflərə hazır olmayan, tək adamın diktəsi ilə oturub-duran məmurların çalışdığı Naxçıvanda qısa müddət ərzində qayda-qanun yaratmaq, müasir çağırışlara uyğun idarəçilik sistemi qurmaq o qədər də asan deyildi.

Ona görə ilk aylarda F.Nəcəflinin səriştəsizliyi “Vasif Talıbovun komandasının sabotajı” ilə izah edilirdi. Vasif Talıbov Ali Məclisin sədri vəzifəsindən azad edildikdən sonra ona yaxın olan kadrların yeni rəhbərliklə “anlaşaraq” kreslosunu qoruya bildiyi haqda da iddialar vardı.

Vəzifədə olduğu dövrdə F.Nəcəfli ilə bağlı müxtəlif şikayətlər mətbuatda geniş əks olunub. Əhali əsasən xüsusi nümayəndənin idarəçiliyindən, daha dəqiqi, səriştəsizliyindən giley edirdilər. Bu barədə etiraz səslərini daha çox sosial şəbəkələrdə ucaldan narazı Naxçıvan camaatı ölkə rəhbərliyindən F.Nəcəflinin əvəzlənməsini də xahiş edirdi.

Vəziyyət o həddə idi ki, narazı naxçıvanlılar hətta Vasif Talıbov dönəminin belə həsrətini çəkirdilər. Buna başlıca səbəb Talıbovun dövründə iş yerlərinin olması, vaxtı-vaxtında məvacib almaları idi. F.Nəcəfli əslində özəl sektorda bir sıra vəzifələrdə çalışmışdı və görünür, bu təyinat da onun Naxçıvanda əhalinin sosial problemlərini həll edəcəyinə ümid yaratmışdı...

Ceyhun Cəlilov da F.Nəcəfli kimi şahbuzlu olsa da, Qərb təhsillidir. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə magistratura pillələrini bitirib. 2013-cü ildə Böyük Britaniyanın Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini başa vurub, ardınca İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirib.

Yeni səlahiyyətli nümayəndə İqtisadi İnkişaf Nazirliyində və “BP Caspian” şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2023-cü ildə muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub. 2024-cü ilin aprelindən isə muxtar respublikanın baş naziri təyin edilib.

Belə görünür ki, F.Nəcəfli keçid dövrü üçün idarəçilik missiyasını başa vurdu və bundan sonra muxtar respublikada yeni idarəetmə zərurəti yaranıb. Nəzər alsaq ki, Zəngəzur dəhlizi səbəbindən Naxçıvanda beynəlxalq gündəmi bilən daha savadlı rəhbərə ehtiyac var. Üstəlik, Naxçıvan Muxtar Respublikasının statusunun ləğvi də aktuallığını qoruyur.

Naxçıvan proseslərini izləyən araşdırmaçı jurnalist, siyasi şərhçi Heydər Oğuz iddia edir ki, F.Nəcəfli korrupsiya və dövlət əmlakını talamaqda ittiham olunur: “Belə ki, vəzifəyə yeni təyin olunduqdan bir müddət sonra onun fəaliyyəti ciddi nəzarət altına alınıb və Naxçıvanda vaxtaşırı audit yoxlamaları keçirilib. Xüsusilə bu il intensiv xarakter alan audit yoxlamaları zamanı bir çox təyinatı üzrə sərf olunmayan xərclər müəyyənləşdirilib. Hər halda, bunu mən yox, Hesablamalar Palatasının rəsmi sənədləri deyir. "Söhbət milyonlarla yeyintidən gedir. Bir də “canişin” komandasının müxtəlif iş adamlarından və əhalidən aldığı rüşvətlər də var. Fuad Nəcəflinin 4 illik fəaliyyəti eninə-uzununa araşdırılıb və toplanan materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Üstəlik, onun və komandasının əməlləri barədə cinayət işi belə açılıb", - deyə H.Oğuz bildirib.

H.Oğuzun məlumatına görə, Fuad Nəcəfli işdən çıxarıldıqdan sonra Naxçıvandan urvatsız şəkildə yola salınıb: “Əldə etdiyim məlumata əsasən, o, sərəncam verilən gün də hər zamankı kimi işə çıxıb. İşə başlayar-başlamaz Prezidentin onun barəsində fərman imzaladığı xəbərini çatdırıblar və evə getməsini tövsiyə ediblər. Hətta əşyalarını kabinetindən daşıması üçün onun avtomobillə belə təmin olunmadığı bildirilir. O da köməkçisi Samir Seyidəhmədlinin köməkliyi ilə maşın tutub şələ-şüləsini evinə daşıyıb. Ən maraqlı hadisə isə Naxçıvan aeroportunda baş verib. Bildirilir ki, Fuad Nəcəfli adətkərdə olduğu kimi, yenə deputatlar üçün nəzərdə tutulan VİP salonda təyyarə gözləyirmiş. Az sonra ona yaxınlaşan aeroport işçiləri nəzərinə çatdırıblar ki, bu salon rəsmi şəxslər üçün nəzərdə tutulub və Fuad Nəcəflini "qara camaat"ın istifadə etdiyi ümumi salona endiriblər".

H.Oğuzun fikrincə, F.Nəcəfliyə bu münasibət təsadüfi deyil: “O, Naxçıvanda rəhbər olduğu müddətdə Prezidentin etimadını doğrultmayıb, muxtar respublikanın iqtisadiyyatına da ağır zərbələr vurub. Təsəvvür edin ki, yuzillər boyu duz istehsalı ilə tanınan Naxçıvan məhz onun hakimiyyəti dövründə duz üzünə həsrət qaldı. Azərbaycan büdcəsindən Naxçıvanın müxtəlif sahələrinə ayrılan vəsaitlər də onun acgözlüyü və hər şeyi öz yaxınlarına vermək hərisliyi ucbatından istifadə olunmamış geri qaytarıldı. İş o yerə çatmışdı ki, Fuad Nəcəflinin nümayəndə təyin olunduğu ilk ildə Naxçıvanda tikinti sektoruna ayrılmış 245 milyonluq vəsait belə sırf qanunsuz tender keçirilməsi səbəbindən geri qaytarılmış, nəticədə minlərlə fəhlə Naxçıvanı tərk etmək məcburiyyətində qalmışdı. Fuad Nəcəflinin yarıtmaz fəaliyyəti nəticəsində 2024-cü il dövlət büdcəsində muxtar respublikaya ayrılan dotasiya 3 dəfə azaldılmışdı".

“Yeni Müsavat” 


Geri qayıt