Əsas Səhifə > Üst manşet / Güney Press > SOCAR ABSURDU: Xadimələri də imtahan edirlər
SOCAR ABSURDU: Xadimələri də imtahan edirlərBu gün, 07:12 |
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində olan müəssisələrdə işçilərə ixtisarlarla bağlı kütləvi xəbərdarlıqlar göndərildiyi bildirilir. Məlumata görə, bu ilin əvvəlindən “Azəriqaz” İstehsalat Birliyində (İB) başlayan ixtisar prosesi artıq neft-qazçıxarma idarələrinə də yayılıb. “Abşeronneft” Neft-Qazçıxarma İdarəsindən daxil olan şikayətlərdə qeyd olunur ki, müəssisənin kadrlar şöbəsinin rəhbəri 60 və daha yuxarı yaşda olan əməkdaşlara könüllü şəkildə ərizə yazaraq işdən çıxmalarını təklif edib. İddialara görə, təklifi qəbul etməyənlər imtahanla hədələnir. Bildirilir ki, imtahandan keçməyən işçilər təklif edilən kompensasiyalardan da məhrum edilə bilərlər. Oxşar vəziyyət “Azneft” İstehsalat Birliyinin Dalğıc Xidmətində də yaşanır. Neftçilərin sözlərinə görə, xidmətin rəisi Zaur Cəfərov 60 yaşdan yuxarı əməkdaşlara işdən çıxmaq üçün ərizə yazmaları barədə xəbərdarlıq edib. Şikayətçilərin sözlərinə əsasən, SOCAR strukturunda 60 yaşdan yuxarı işçilərə yanvar ayına qədər vaxt verilib. SOCAR-dan ixtisarlarla bağlı rəsmi açıqlama almaq mümkün olmadı. Bu ilin əvvəlindənetibarən “Azəriqaz” İB-də xeyli sayda işçi imtahanlar nəticəsində işdən uzaqlaşdırılıb. Regional idarələrdə isə hətta xadimələr də daxil olmaqla, sıravi işçilər ixtisar məqsədilə imtahan prosesinə cəlb olunublar. Şikayətçilər bildirirlər ki, idarələrdə hər 5 ildən bir attestasiya aparılır, imtahan isə yalnız işə qəbul zamanı verilir. Onların sözlərinə görə, hazırda “imtahan” adı altında qanunsuz ixtisarlar aparılır və bu, mövcud qanunvericiliyə ziddir. “60+ yaş insanlara hədə-qorxu gələrək onları imtahana cəlb etmək nə mənəviyyata, nə də qanuna sığır” Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə açıqlamasında bildirib ki, SOCAR-ın struktur bölmələrində heç bir rəsmi xəbərdarlıq edilmədən qəribə proseslər baş verir. Onun sözlərinə görə, “Azneft”in “Dalğıc Xidməti”, həmçinin “Bibiheybət” və “Nərimanov” Neft-Qazçıxarma İdarələrindən təşkilata çoxsaylı şikayətlər daxil olub: “Burada çalışan işçilər bildirirlər ki, İnsan Resursları Departamenti və müvafiq idarə rəhbərləri əllərində bir kağız tutaraq 60+ yaşlı əməkdaşlara könüllü ərizə yazmağı təklif edirlər. Guya müəyyən kompensasiya müqabilində iş yerini tərk etməlidirlər. İşçilər isə tələb edə bilmirlər ki, bu, hansı sənədə, qanuna əsaslanır. Sual yaranır: bu, rəsmi əmrdir, yoxsa göstəriş?” Mirvari Qəhrəmanlının sözlərinə görə, görünən odur ki, SOCAR prezidenti Rövşən Nəcəf ilə Neft-qaz İşçiləri Həmkarlar İttifaqı arasında qəbul edilmiş qərar əsasında struktur dəyişikliyi həyata keçirilir: “Yerlərdə işçilərə bildiriblər ki, bu, yuxarıdan gələn göstərişdir. Onlara yazılı formada heç bir sənəd təqdim edilmir. Əslində, baş verənlər qanunvericiliyin, xüsusilə də Əmək Məcəlləsinin kobud şəkildə pozulması deməkdir.” Hüquq müdafiəçisi hesab edir ki, baş verən prosesdə təkcə kobud qanun pozuntusu deyil, həm də 60 və daha yuxarı yaşda olan işçilərə qarşı mənəvi-psixoloji təzyiqdir: ![]() “Yaşla əlaqədar belə bir tələblə işdən uzaqlaşdırma Əmək Məcəlləsinə ziddir. Əgər hər hansı ixtisar qanuni formada, kompensasiya müqabilində aparılsaydı, bu, qanun pozuntusu sayılmazdı. Yəni idarə və müəssisələrdə işçilərin sayını azaltmaq üçün müəyyən təkliflər edilə bilərdi. Bu zaman SOCAR-ın struktur bölmələri işçiləri bu proseslə bağlı rəsmi əmr və ya qərarla tanış etmədir. Həmin sənədlərdə izah olunmalı idi ki, struktur dəyişikliyi aparılır və bunun nəticəsində ixtisarlar olacaq. Amma məhz yaş senzini 60+ müəyyənləşdirmək insan hüquqlarının kobud şəkildə pozulması, onlara psixoloji və mənəvi təzyiq göstərilməsi deməkdir. Buna görə məsuliyyət daşıyan şəxslər var. Biz hər gün bu məsələ ilə maraqlanır, maarifləndirmə işləri aparırıq.” NHMT sədrinin sözlərinə görə, bəzi işçilərə təkcə xəbərdarlıq edilmir, eyni zamanda onlara hədə-qorxu gəlirlər ki, əgər kompensasiyanı qəbul edib ərizə yazmasalar, imtahana cəlb olunacaqlar: “Belə imtahanlarda əvvəllər də şahid olmuşuq ki, suallar elə tərtib edilir ki, işçilərin ixtisasına uyğun olmur. Məsələn, adi operatora baş mühəndis səviyyəsində suallar salınır ki, cavab verə bilməsin. İndi də eyni vəziyyət yaranıb, işçilər imtahanla hədələnir. Bu imtahanlar prosesinə heç bir nəzarət olmayacaq, kim tərəfindən yoxlanacağı da məlum deyil”. Hüquq müdafiəçisi bildirir ki, işçilərin bilik və bacarıqlarının yoxlanılması üçün hər 5 ildən bir attestasiya aparılır. Belə olan halda əlavə imtahanların təşkili qanunun növbəti kobud pozuntusu sayılır: “Attestasiya zamanı bilik və bacarığı qiymətləndirilmiş işçiyə hansı əsasla imtahanla hədə-qorxu gələ bilərlər? İşçilərin peşəkarlıq səviyyəsinin, ixtisasına və tutduğu vəzifəyə uyğunluğunun müəyyən edilməsi yalnız Əmək Məcəlləsində nəzərdə tutulan qaydada attestasiyadan keçirilmə və illik qiymətləndirmə nəticəsində mümkündür.Əmək münasibətləri dövründə işçilərin peşəkarlığının imtahan, test, müsahibə və ya digər üsullarla müəyyən edilməsi, bu əsaslarla onların işdə saxlanılması, başqa vəzifəyə keçirilməsi və ya əmək müqaviləsinin ləğv edilməsi Əmək Məcəlləsinin tələblərinin pozulması deməkdir.” Mirvari Qəhrəmanlı əlavə edib ki, biliklərin yenidən qiymətləndirilməsi yalnız vakansiya yarandığı halda, yəni hər hansı ştat üzrə yeni işçi axtarıldıqda mümkündür: “Belə hallarda müsabiqə keçirilə və daha uyğun namizəd seçilə bilər. Amma 60 yaşdan yuxarı insanlara hədə-qorxu gələrək onları imtahana cəlb etmək nə mənəviyyata, nə də qanuna sığır. Bu insanlar onsuz da 64 yaşında təqaüdə çıxacaqlar. Hələlik bilinmir ki, gələcəkdə təqaüd yaşı artırılacaq, ya yox. Amma bu yaşda olan bir insanı işdən çıxardıqdan sonra kim işə qəbul edəcək?” O qeyd edib ki, indiyə qədər işçilərə bu məsələ ilə bağlı heç bir rəsmi sənəd təqdim olunmayıb. Əgər belə bir rəsmi sənəd mövcuddursa və buna həmkarlar təşkilatı imza atıbsa, həmin təşkilat dərhal istefa verməlidir: “SOCAR-da son illər yüksək vəzifələrə sahə üzrə peşəkar təcrübəsi olmayan şəxslər gətirilib. Görəsən, bu insanları kim və nə vaxt imtahan edəcək?” İxtisarların səbəbi struktur dəyişikliyidir, yoxsa neft hasilatının azalması? İxtisarların səbəbi kimi “Azneft”də struktur dəyişikliyi göstərilir, lakin bu dəyişikliyin necə aparılacağı barədə aydın məlumat verilmir. Deyilənə görə, SOCAR-da “Downstream”, “Midstream” və “Upstream” adlı yeni qurumlar yaradılır, amma bu prosesin mahiyyəti və nəticələri işçilərə izah edilmir. Hüquq müdafiəçisi hesab edir ki, kütləvi ixtisarların arxasında Dövlət Neft Şirkətində neft hasilatının aşağı düşməsi dayanır: “Şirkətin yuxarı strukturlarında müşavirlərin, müavin ştatlarının sayı artırılıb, amma aşağı vəzifələrdə olan işçilər ixtisara salınıb. Ona görə də ümumi işçi sayı dəyişmir”. “Struktur dəyişiklikləri heç bir nəticə verməyəcək, çünki hasilatı artırmaq lazımdır. Bu sahədə olan mütəxəssisləri işdən çıxarırlar. Gənc mütəxəssislərin gətirilməsinin tərəfdarıyam, amma kadrı yetişdirmək lazımdır, kadr qohumbazlıqla yetişmir”,- deyə M.Qəhrəmanlı bildirir. 2023-cü ilin məlumatına görə, SOCAR-ın strukturuna daxil olan müəssisələr üzrə işçi heyətinin sayı 48,3 min nəfər təşkil edib. Sonuncu dəfəf 2022-ci ildə aparılan kütləvi ixtisarlar nəticəsində təqribən 830 işçinin əmək müqaviləsinə xitam verilmişdi. 2023-cü ildə yeni vəzifə ştatlarının açılması işçi sayının artmasına səbəb olsa da, neft hasilatının azalması və neft quyularının bağlanması növbəti ixtisar dalğasına yol açıb. “Azəriqaz” 80 xadiməni də imtahana cəlb edib M.Qəhrəmanlı deyir ki, SOCAR-ın digər strukturu olan “Azəriqaz” İstehsalat Birliyində təşkil olunan imtahanlar nəticəsində yanvar ayından indiyədək təqribən 300 işçi qanunsuz şəkildə işdən çıxarılıb: “Bizə daxil olan ərizə və şikayətlər əsasında təqribi hesablamalarımıza görə 300-ə yaxın insan ixtisara düşüb. Regional qaz istismar idarələrində isə ümumilikdə 80 xadiməni işdən çıxarıblar. Məsələn, Lənkərandan bir xadimə yazmışdı ki, onu imtahana cəlb ediblər, o, suallara cavab verə bilmədiyi üçün ixtisara salınıb. Bilmirəm, “Azəriqaz” həmin xadiməyə imtahanda hansı suallar verib.” Hüquq müdafiəçisi əlavə edib ki, “Azəriqaz”da ixtisar prosesi aşağı vəzifəli işçilər arasında daha çox müşahidə olunur: “Aşağı vəzifədə olan çilingərləri, texniki işçiləri işdən çıxarırlar. Növbətçi çilingərlər arasında sürücülük vəsiqəsi olmayanları ixtisar etdilər, bəhanə gətirdilər ki, sürücülük ştatları ləğv olunduğuna görə, onlardan sürücülük vəsiqəsi tələb olunur. Halbuki əmək müqaviləsində belə bir öhdəlik nəzərdə tutulmayıb. Əmək müqaviləsində bütün öhdəliklər açıq şəkildə göstərilməlidir.Aşağı vəzifələrdə ixtisarlar aparılsa da, yuxarı vəzifələrdə müavin və müşavir ştatlarında artım olub. Bu prosesi 9-10 aydır ki, müşahidə edirik”. Geri qayıt |