Əsas Səhifə > Üst manşet / Güney Press > TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ...

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ...


Bu gün, 07:06

Dünən Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Gülnarə Muxtarova öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Bildirilib ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun imzaladığı əmrlə G.Muxtarova Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən oktyabrın 21-dən vəzifəsini tərk edib.

Əgər bu fakt sizə tanış gəlirsə, təəccüblənməyin. Son aylarda, hətta demək olar ki, son bir il ərzində bu, TƏBİB sistemində adi bir hal alıb. Hər ay onlarla xəstəxananın baş həkimi dəyişir. Kimi "öz ərizəsi ilə", kimi "əmrlə", bəzən də səbəbsiz və izahsız...

Maraqlıdır: bu kadr dəyişikliklərinin məqsədi nədir? Və ən vacibi, nəticəsi varmı?

Kadr dəyişiklikləri islahatın tərkib hissəsi ola bilər, əgər strukturda dəyişiklik, xidmət keyfiyyətində artım və nəticədə vətəndaş məmnuniyyəti müşahidə olunursa. Amma hazırda müşahidə etdiyimiz mənzərə sadəcə formal dəyişikliklər silsiləsidir. Bir baş həkimi çıxarıb, yerinə başqa birini təyin edirlər. O da əvvəlki kimi sistemin içində itir, heç nə dəyişmir. Nə xəstəxanada şəffaflıq artır, nə tibb işçilərinin maaşları, nə də pasiyentlərin məmnunluğu.

Elə isə maraqlıdır, Vüqar Qurbanov rəhbərliyindəki TƏBİB bu rotasiyaları niyə həyata keçirir?

Rəsmi açıqlamalarda adətən belə yazılır: “öz ərizəsi ilə”, “əmr əsasında”, “rotasiya məqsədilə”. Amma real səbəblər ya açıqlanmır, ya da əsaslandırılmır.

Mümkün ssenarilər isə yəqin ki, başqadır. Ya Vüqar Qurbanov ictimai təzyiqdən yayınmaq üçün görüntü islahatları həyata keçririr, daxili qruplar arasında kadr bölgüsü davası gedir, ya da səhiyyədəki problemləri bir şəxsin üzərinə yıxıb, dəyişməklə məsuliyyətdən yayınmaq məqsədi güdür.

TƏBİB-in yaradılmasından bəri artıq bir neçə il keçib. Bu müddətdə qurumun fəaliyyəti barədə nə deyə bilərik?
Vətəndaş hələ də poliklinikaya inanmır, rayon xəstəxanalarında şəraitsizlik davam edir, mərkəzi xəstəxanalarda uzun növbələr, qeyri-rəsmi ödənişlər hələ də realdlır.

Bu dəyişikliklərdən doğan əsas sual budur - əgər nəticə dəyişmirsə, kadr dəyişikliyi niyə edilir?

Bizimxeber/ Ədil Hüseynov


Geri qayıt