Xəzər rayonu, Şüvəlan qəsəbəsi sakinləri yollarının təmirsiz olmasından şikayətçidirlər. Bununla əlaqədar olaraq, onlar Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ediblər. "DİA-AZ" xəbər verir ki, ölkədəki davamlı quruculuq işlərini təqdir edən müraciət müəllifləri Şüvəlan qəsəbəsinin bağ massivi, Mirmöhsüm Ağa ziyarətgahının yaxınlığı, 90-cı Şüvəlan döngəsi, 1-ci Döngə və digər ərazilərdə ciddi abadlıq işləri aparılmasına ehtiyac olduğunu bildirirlər. Onların sözlərinə görə, adıçəkilən ərazilərdə yollar tozlu-torpaqlı və keçilməzdir: "Xeyli vaxtdır ki, bu yollara asfalt döşənməyib. Piyadalar üçünsə ümumiyyətlə, səkilər yoxdur. Bundan başqa, burada bütün yolların ətrafı zibillikdir və üfunət qoxuyur. Bu küçə və yollardan zibillərin yığışdırıldığını görməmişik. Mövcud antisanitariya vəziyyətində yaşamaq dəhşətlidir". Müraciətin sonunda sakinlər qeyd olunanların nəzərə alınması və tədbir görülməsini xahiş edərək bildirirlər: "Bizim rayonda sanki nə icra hakimiyyəti var, nə də icra başçısı..."
Geri qayıt
|