Əsas Səhifə > Üst manşet / Güney Press > Bərdə sakini möcüzə ilə ÜZ-ÜZƏ...
Bərdə sakini möcüzə ilə ÜZ-ÜZƏ...Bu gün, 06:06 |
Bərdə rayonu, Həsənqaya kənd sakini Əliyeva Elmira Tarif qızı tərəfindən "Hürriyyət"in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, işləmədiyi halda, adına əmək müqaviləsi var: “Mən, Əliyeva Elmira Tarif qızı, yazaraq xahiş edirəm ki, səlahiyyətli qurumlar mənə kömək etsin. Bildirim ki, indiyədək getmədiyim, şikayətimi ünvanlamadığım qurum qalmayıb. Heç birindən doğru-düzgün cavab ala bilmirəm. Bu yaxınlarda öyrənmişəm ki, 2021-ci ildən əmək kitabçam var, yəni rəsmi olaraq işləyirəm. Amma bu günə kimi heç vaxt əmək haqqı almamışam. Hansı idarənin və yaxud da şirkətin işçisi olduğumu da bilmirəm. Hüquq-mühafizə orqanları da bunu öyrənə bilmədilər. Savadsızlığımdan istifadə edib, kimlərsə adımı işə yazdırıb, haqqıma giriblər. Polisə, məhkəməyə müraciət etmişəm, amma müsbət cavab ala bilməmişəm. Polis məni işə götürən Qəniyev Əlikram Qaraş oğlunu tapa bilmədiyini deyir. Adını çəkdiyim şəxs illərdir mənim yerimə əmək haqqı alırmış. Çətinliklə 2 uşağımı dolandırıram. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə müraciət etmişəm. "Məhkəməyə, polisə ver", - dedilər. Məhkəmə də mənə kömək etmədi. 1-2 prosesdən sonra heç məni məhkəməyə çağırmadılar. Kasıb adamam, bu işi adımdan sildirə bilsəm, başqa işə girib ünvanlı sosial yardım alardım. Səlahiyyətli qurumlardan xahiş edirəm, mənə bu məsələdə kömək etsinlər. 12-14 yaşlarında azyaşlı uşaqlara baxıram, maddi imkanım yoxdur". Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) vətəndaş Elmira Əliyevanın adında 03 iyun 2021-ci il tarixli əmək müqaviləsi bildirişi mövcuddur: "Həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, işəgötürən tərəfindən işçi ilə bağlanılmış əmək müqaviləsində nəzərdə tutulmuş məlumatlar ƏMAS-a daxil edilirdi. Nəticədə, işçinin ƏMAS-a daxil edilmiş bildiriş barədə vaxtında məlumat almaması ehtimalı mövcud idi. Geri qayıt |