Son aylarda Şabran rayonunun mərkəzi küçələrində və ətraf kəndlərində zibillərin toplanmaması və hətta yandırılması sakinlərin əsəblərini gərginləşdirib. Əhalinin dəfələrlə müvafiq qurumlara müraciətlərinə baxmayaraq, vəziyyət dəyişmir. Xüsusilə isti havalarda çürüyən tullantılar təhlükəli virus və bakteriyaların yayılmasına səbəb olur, lakin yerli hakimiyyət orqanları bu problemə hələ də effektiv həll yolu təqdim etməyib. Rayonun mərkəzi hissəsində, o cümlədən ətraf ərazilərdə zibillər vaxtında toplanmır və bəzi hallarda "həll yolu" kimi sadəcə yandırılır. Bu isə təkcə ətraf mühitə ziyan vurmur, həm də insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Yanma zamanı havaya zəhərli maddələr - dioksinlər, ağır metallar buraxılır, nəticədə tənəffüs yolu xəstəlikləri, allergiyalar və xroniki problemlər riski artır. Əhali müraciətləri xeyli müddətdir ki, cavabsız qalır. Yerli sakinlər dəfələrlə İcra Hakimiyyətinə, bələdiyyəyə və ekoloji xidmətlərə zibillərin vaxtında toplanmaması ilə bağlı şikayətlərini çatdırıblar. Lakin onlara verilən cavab eynidir: "Kifayət qədər zibil qabları yoxdur". Bununla belə, bu problem illərdir davam edir və heç bir konkret addım atılmır. Maraqlıdır ki, yalnız Heydər Əliyev prospektində və İcra Hakimiyyəti binası ətrafında zibillər nizamlı təmizlənir. Digər küçələr və məhəllələr isə nəzarətsiz qalır. Şabran İcra Hakimiyyəti və Ekologiya Nazirliyi bu vəziyyətə nə üçün biganə yanaşır? Onlar öz vəzifələrini yerinə yetirmir və ya əhalinin sağlamlığını heçəmi sayırlar? Nə edilməlidir? Zibil yığınlarının yandırılması qadağan edilməli və bu qayda qanunla tənzimlənməlidir. Kifayət qədər zibil konteynerləri quraşdırılmalı və tullantıların nizamlı xarici edilməsi təmin edilməlidir. Yerli büdcədən vəsait ayrılmalı və təmizlik xidmətlərinin keyfiyyəti yoxlanılmalıdır. Əhalinin ekoloji şüuru artırılmalı – zibilləri çölə atmaq və yandırmaqla bağlı sosial reklam kampaniyaları keçirilməlidir. Şabran sakinləri artıq bu vəziyyətdən beziblər. Zibillərin yandırılması və çirklənmiş hava onların gündəlik həyatının bir parçasına çevrilib. Yerli hakimiyyət orqanları bu problemə biganə yanaşmağı dayandırmalı və konkret addımlar atmalıdır. Əks halda, yayın isti günlərində xəstəliklərın artması və ekoloji böhran daha da dərinləşəcək. Sual qalır: Şabranın küçələri nə vaxt təmiz hava və təmiz mühitə qovuşacaq?