Əsas Səhifə > Üst manşet / Güney Press > “JOBS” MMC dələduzluqda İTTİHAM OLUNUR
“JOBS” MMC dələduzluqda İTTİHAM OLUNURBu gün, 15:10 |
Azərbaycan vətəndaşları Nəzirov Sədail Arif oğlu, Ağayev Teymur Zöhrab oğlu və adlarının qeyd olunamasını istəməyən digər 7 nəfər tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər “JOBS” MMC tərəfindən dələduzluğa məruz qaldıqlarının iddia edirlər: "Biz, Nəzirov Sədail Arif oğlu və Ağayev Teymur Zöhrab oğlu və adlarının qeyd olunamasını istəməyən digər 7 nəfər “JOBS” MMC şirkəti tərəfindən aldadılaraq, dələduzluqla üzləşmişik. Sizə müraciət etməkdə məqsədimiz həm də odur ki, başqaları da, bizim kimi, bu şirkətin toruna düşməsin. Biz aldandıq, digərləri aldanmasın. Şirkətin rəhbər şəxslərindən olan Xəlilov Mehrab və digər əməkdaşlar vətəndaşlardan 3500 manat alaraq, Serbiyaya və Avropaya göndərirlər. Onlar xaricdə yaşayan biznesmenlər - Qod Nisanov və "AST Telman"ın adından istifadə edirlər. Biz də bu məlumata inanıb, xaricə gələnlərdənik. Hazırda çöldə qalmışıq, nə işimiz, nə də qalmağa yerimiz var. Şikayət etmədiyimiz hüquq-mühafizə orqanı qalmayıb. Açıq şəkildə deyirlər ki, “arxamız bərkdir, bizə heç kəs heç nə edə bilməz”. Hazırda məni, yəni Nəzirov Sədail Arif oğlunu hədələyir. Serbiyaya göndəriblər, qalmışam burada. Pul da tapa bilmirik ki, Azərbaycana qayıdaq. "Məni Qod Nisanovun və "AST Telman"ın adamıyam", - deyərək təhdid edirlər. Bəlkə də həyatım təhlükə altındadır. Bizim kimi vəziyyətdə olan burada çoxlu adam var. Qorxularından səslərini çıxara bilmirlər. Hər biri qayıtmaq üçün Azərbaycandan pul gözləyirlər. Onu da qeyd edim ki, burada Azərbaycan qadınları da var. İş adı ilə gəliblər, çöldə qalıblar. Xahiş edirik, bu mövzunu işıqlandırın, hüquq-mühafizə orqanları görsün və bizim onlara etdiyimiz müraciətləri cavabsız qoymasınlar. Çox çətin və çarəsiz vəziyyətdəyik". Məsələ ilə bağlı “JOBS” MMC-nin direktoru Mehrab Xəlilovla əlaqə saxlamağa çalışdıq. Lakin telefon zənglərimizi cavabsız qoydu. Şirkətin əməkdaşı olduğunu deyən, lakin özünü təqdim etməyən şəxs bildirdi ki, bütün iddialar yalandı: "Bunlar şirkətimizə qarşı qurma bir oyundur. Belə ki, həmin şəxslərin şikayətləri varsa, niyə şirkətə müraciət etmirlər? Sosial şəbəkədə bizim də qarşımıza bir neçə nəfərin videosu çıxdı. Araşdırdıq, iş yeri ilə danışdıq, aldığımız cavab belə oldu: "Həmin şəxslər 1 həftə işlədikdən sonra 1 aylıq ödəniş tələb ediblər, bu səbəbdən də şirkət onlara 1 aylıq ödəniş etməyib". Bilirsiniz, heç bir şirkət istəməz ki, narazılıqla qarşılaşsın. Həmin şikayətçi şəxslərə göndərilməmişdən qabaq o da izah olunub ki, hər hansısa bir narazılıqla geri qayıtdığınız halda, bütün ödənişlər geri ödəniləcək. Sadəcə, həmin şəxsləri başqa bir şirkətin nümayəndəsi yoldan çıxararaq, belə bir iddia qaldırıblar. Hətta eşitdiyimizə görə, bizim onlardan tələb etdiyimiz məbləğdən aşağı məbləğ tələb olunur. Əlində müqavilə olan hər bir şəxs Azərbaycana qayıdıb, öz haqqını tələb edə bilər. O ki qaldı digər iddialara, Qod Nisanovun və "AST Telman"nın adından heç vaxt istifadə olunmayıb, tamamilə yalandır". Geri qayıt |